Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistanda demokratiya uğrunda gedən bütün mübarizələrin axırı diktaturaya gətirib çıxarır''

''Ermənistanda demokratiya uğrunda gedən bütün mübarizələrin axırı diktaturaya gətirib çıxarır''

Tarix: 23 Iyun 2020 17:33

"Çox maraqlıdır ki, təkcə beynəlxalq təşkilatlar, rəsmi dairələr yox, Qərbin Kütləvi İnformasiya Vasitələri də Ermənistandakı proseslərə göz yumurlar".

Bunu Sonxeber.net-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə Ermənistanda son baş verən hadisələri, Sarukyana qarşı təzyiqləri, insan hüquqlarının, söz azadlığının kobud pozulması hallarını şərh edərkən deyib.

O bildirib ki, Ermənistandakı hadisələri izləməklə kifayətlənən Qərb "demokratik rejim" imicinə xələl gətirmək istəmir:

"Mən mütəmadi olaraq Qərbin KİV-ini də izləyirəm, oxuyuram. Onlarda Ermənistandakı hadisələrlə bağlı heç bir məlumat getmir. Qərb mətbuatında əsas gündəmdə olan xəbərlərə diqqət yetirəndə biz görürük ki, hansısa xırda ixtişaşlar və yaxud da piketlərlə, nümayişlərlə bağlı dərhal informasiya yayılır və bu informasiya hər tərəfli təhlil olunur. Ermənistanda Konstitusiya Məhkəməsinə qarşı müəyyən hərəkətlər baş verir, addımlar atılır. Ermənistanda bir nömrəli müxalifət partiyası "Çiçəklənən Ermənistan" partiyasına qarşı, onun lideri Qaqik Sarukyana qarşı kobud davranış hökm sürür. Bunla bağlı Qərb mediasında heç bir məlumat yoxdur. Bu, onu göstərir ki, yəqin ki, Qərbdə kimlərsə Ermənistanın "inqilabdan" sonra "demokratik rejim" imicini saxlamaq istəyirlər. İstəyirlər ki, qərb ictimaiyyəti Paşinyanı və bu rejimi demokratik rejim kimi tanısınlar. Amma hadisələr onu göstərir ki, bu addımlar heç də demokratik addımlar deyil. Ermənsitanda hakimiyyətə gələn rejim oxlokratiyadır (Dövlət idarəetmə formalarından biridir. Demokratiyanın təhrif olunmuş, eybəcərləşdirilmiş formasıdır - red). Bunun başqa adı yoxdur. Bu rejim ondan qabaq fəaliyyət göstərən korrupsiyaya uğramış anti-demokratik rejimdən də daxili siyasətdə daha sərt addımlar tətbiq edir. Bu onu göstərir ki, Ermənistanda demokratiya uğrunda gedən bütün mübarizələrin axırı diktaturaya gətirib çıxarır. Təəssüflər olsun ki, Qərb buna göz yumur və bu da Ermənistanda indiki hakimiyyətin qanunsuz addımlar atmaq üçün əl-qolunu açır". 

Politoloq belə davam edəcəyi təqdirdə Ermənistanda yeni iğtişaşların baş verəcəyini bildirib:

"Paşinyan hakimiyyəti ölkədə siyasi proseslərə tam nəzarət etmək istəyir, Ermənistanın siyasi meydanını tam ələ keçirmək istəyir. Qaqik Sarukyanın deputat toxunulmazlığının parlament tərəfindən ləğv edilməsinin, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilməsinin, təzyiqlərə məruz qalmasının əsas səbəbi də budur. Görürük ki, hakimiyyətin bütün addımları son nəticə etibarilə Paşinyan idarəçiliyinin cəmiyyət arasında nüfuzunun aşağı düşməsi və onun devrilməsi ilə bağlı məsələləri aktual edir. Belə vəziyyətdə onlar özləri də çox gözəl başa düşürlər, bilirlər ki, bunun axırı yeni ixtişaşlarla qurtara bilər və yeni anti-hökümət dalğasının yaranmasına gətirib çıxara bilər. Və bunun başında əlbəttə, müxalif partiyalar, siyasi qurumlar duracaq. Qaqik Sarukyana qarşı hadisələr onu göstərir ki, Paşinyan hakimiyyəti qabaqlayıcı tədbirlər görür. Bilir ki, iğtişaşlar qaçılmazdır. İğtişaşların başında bu siyasi rəqiblər duracaq. Paşinyan bu siyasi rəqiblərini aradan qaldırmaqla, meydandan çıxartmaqla sanki özünü sığortalamış olur".

Təhməz Təkin


Etiketlər:  Ermənistanda demokratiya uğrunda gedən bütün mübarizələrin axırı diktaturaya gətirib çıxarır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ