Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətəndaş məktubları: Cənab Prezident, inanırıq ki, Sizin müdrik qərarlarınız sayəsində hər çətinlikdən alnıaçıq, üzüağ çıxacağıq

Vətəndaş məktubları: Cənab Prezident, inanırıq ki, Sizin müdrik qərarlarınız sayəsində hər çətinlikdən alnıaçıq, üzüağ çıxacağıq

Tarix: 24 Iyun 2020 11:48

Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə minnətdarlıq məktubları göndərməkdə davam edirlər. Onlar dövlətimizin başçısının diqqət və qayğısından razılıqlarını ifadə edirlər.

Sonxeber.net Prezidentin saytına istinadla minnətdarlıq məktublarının daha bir neçəsini təqdim edir.

Yardımlı rayonundan Milli Qəhrəman anası Şəfiqə Almasova yazır: "Möhtərəm cənab Prezident, Siz öz şərəfli fəaliyyətiniz, xalqımızın yolunda göstərdiyiniz misilsiz fədakarlığınızla artıq çoxdan sübut etmisiniz ki, hər bir azərbaycanlının Prezidentisiniz. Şəhid ailələrinə qayğı və diqqətinizi biz şəhid ailələri çox yüksək qiymətləndiririk. Mən Milli Qəhrəman anası kimi fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var. Sizin tapşırığınızla mənim ailəmə hər cür qayğı göstərilir. Öz canını Vətən yolunda qurban vermiş şəhid ailələri adından Sizə cansağlığı, uzun ömür, gərgin fəaliyyətinizdə yeni böyük uğurlar arzulayıram".

İkinci qrup əlil, özünüməşğulluq proqramına cəlb olunmuş sahibkar Tərlan Kazımov: "Hörmətli cənab Prezident, Sizin COVID-19 pandemiyasına qarşı mübarizəyə dair çıxışlarınız, gördüyünüz işlər, insanların sağlamlığını hər şeydən vacib bilməyiniz, tibb işçilərinin xidmətlərinə verdiyiniz yüksək qiymət hər bir azərbaycanlı kimi məni də sevindirir. Hazırda pandemiya ilə mübarizədə qazandığımız uğurların hamısı Sizin zəhmətiniz sayəsindədir. Vətəndaşların firavan yaşaması Sizin, eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əsas məqsədinizdir. Bizim də məqsədimiz və vətəndaşlıq borcumuz hər zaman Sizin və Mehriban xanımın yanınızda olmaq, vətənimizin gözəlləşməsi, özümüzün və ailəmizin sağlam qalması üçün əlimizdən gələni etməkdir. Sizə səmimi qəlbdən təşəkkür edir, cansağlığı arzu edirəm".

Laçın rayonundan məcburi köçkün Nüsrət Alməmmədov: "Əziz Prezidentimiz, Siz məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm işlər görmüsünüz. Respublikamızın müxtəlif şəhər və rayonlarında salınan yaşayış kompleksləri, müasir qəsəbələr, tikilən çoxmənzilli binalar bunun əyani sübutudur. Bu yaşayış komplekslərinin, qəsəbələrin açılış mərasimlərində Sizin şəxsən iştirak etməyiniz, yeni mənzillərə köçən insanlara xeyir-dua verməyiniz bizim üçün çox dəyərlidir. Bizim ailə Laçın rayonundan məcburi köçkün düşdükdən sonra Ağcabədiyə pənah gətirmişdir. O vaxtdan çətin şəraitdə yaşayırdıq. "Taxtakörpü" adlanan ərazidə yeni salınmış 144 mənzilli qəsəbədə bizim ailəyə də hər bir şəraiti olan mənzil verilmişdir. Cənab Prezident, mənzillə təmin olunduğumuz üçün ailəmin adından Sizə minnətdarlığımı bildirirəm. Allah köməyiniz olsun!".

Bakının Qaradağ rayonunun Ümid qəsəbəsindən Gülxar Allahverdiyeva Laçın rayonundan olan məcburi köçkünlər adından dövlətimizin başçısına minnətdarlıq edərək yazır: "Xalqımızın hörmətli və sevimli Prezidenti, bəzən hər birimizin həyatında yaranmış böhrandan çıxmaq üçün kənar yardımlara ehtiyac duyduğumuz anlar olur. Elə bu son aylar ərzində, çətin tarixi zamanda nələr yaşadığımız məlum məsələdir. İnsanlara qənim kəsilən pandemiya şəraitində Sizin bütün zamanlar üçün öz dəyərini saxlayacaq yüksək insani münasibətiniz, COVID-19 infeksiyasına qarşı müvafiq tədbirləriniz və eləcə də "Evdə qal", "Biz birlikdə güclüyük!" çağırışlarınız Sizə olan inamımızı daha da möhkəmləndirdi. Gördük və əmin olduq ki, dövlətimizin və dövlətimizin başçısının vətəndaşlara olan qayğısı, əhalinin sağlamlığı yolunda aparılan işlərə nəzarəti hər zaman yerindədir və tükənməzdir. Hörmətli cənab Prezident, biz bu gün vətəndaş-dövlət münasibətlərində sıx birliyin şahidi oluruq. Dövlətimizin gücünü, nüfuzunu artırdığınıza, xalqımıza, eləcə də məcburi köçkünlərə göstərdiyiniz qayğıkeş münasibətə görə Sizə dərin təşəkkürümüzü bildirir, işlərinizdə uğurlar arzulayırıq. Biz Sizinlə güclüyük!".

Saatlı rayonunun sakini Pünhan Quliyevin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Sizin apardığınız uğurlu daxili və xarici siyasət sayəsində Azərbaycan biz gənclərin gözü önündə yüksək səviyyədə inkişaf etmişdir. Dövlətimiz Sizin siyasi iradəniz və qabaqcıl səyləriniz nəticəsində COVID-19 pandemiyası şəraitində beynəlxalq aləmdə həmrəyliyin və əməkdaşlığın tərəfdarı olduğunu bir daha nümayiş etdirdi. Biz gənclər bu gün hər bir şəraiti, əmin-amanlıq olan dövlətdə yaşayır, heç bir qlobal və beynəlxalq problemi düşünmədən çalışırıq. Çünki bizim Sizin kimi uzaqgörən, müdrik Prezidentimiz var. Möhtərəm cənab Prezident, bundan sonra apardığınız düşünülmüş və məqsədyönlü fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayıram".

Bakının Səbail rayonundan Əbülfəs Qasımov: "Əziz Prezidentimiz, koronavirusun dünyanı cənginə aldığı dövrdə ölkəmizdə bu bəlaya qarşı gördüyünüz qabaqlayıcı tədbirlərə görə Sizə minnətdarlıq edirəm. Hörmətli cənab Prezident, ölkəmizin gələcəyi naminə gördüyünüz bütün tədbirlərə görə Sizə və Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Tanrı Sizi qorusun!".

Mingəçevir şəhərindən Cəfər Quliyev, Sahib Rəsulov, Həsən Mikayılov, Mehriban Süleymanova Baloğlan Alıyev yazırlar: "Çox hörmətli cənab Prezidentimiz, Biz, Mingəçevir şəhəri "İncilli" adlanan yaşayış massivinin sakinləri Sizə və Mehriban xanıma dərin təşəkkür edirik. Uzun illərdən bəri yolumuzun yararsız vəziyyətdə olması bizə çox çətinliklər yaradırdı. Yayda toz-torpaqdan, payız və qış aylarında isə palçıqdan əziyyət çəkirdik. Özümüzün işə, uşaqlarımızın da məktəbə gedib-gəlməsində problem yaranırdı. Bir neçə gün əvvəl bu yolda təmir işlərinə başlanılması sakinləri hədsiz sevindirib. Eyni zamanda, qeyd etməyi özümüzə borc bilirik ki, Mingəçevirin sanki bir rəmzi olan "Azərbaycan" İstilik Elektrik Stansiyasının Sizin tapşırığınızla yenidənqurma işləri sayəsində bu günün standartlarına cavab verən bir müəssisəyə çevrildiyinin şahidiyik. Bir sözlə şəhərimiz inkişaf edir, insanların güzəranı daha da yaxşılaşır. Hörmətli Prezidentimiz, stansiyada görülən işlər, yolumuzun əsaslı təmiri üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizə və Mehriban xanıma uzun ömür, cansağlığı versin!".

Cəlilabad rayonunun Təzəkənd, Söyüdlü və Muğan kəndlərinin sakinləri adından Mirəziz Salayev, Elməddin Nuralıyev, Azad Adıgözəlov Rasif Sadiqov yazırlar: "Hörmətli cənab Prezident, pandemiya dövründə vətəndaşlara, eləcə də sahibkarlara və fermerlərə yaratdığınız şəraitə və verdiyiniz dəstəyə görə Sizə öz adımızdan, Cəlilabad rayonunun Təzəkənd, Söyüdlü və Muğan kəndlərinin sakinləri adından minnətdarlığımızı bildiririk. Kənd sakinləri olaraq, Sizin yürütdüyünüz siyasətin müsbət nəticələrini, qayğınızı və dəstəyinizi daim öz üzərimizdə hiss edirik. Dünyanın bir çox ölkələri ilə müqayisədə Azərbaycanda koronavirusa yoluxma və tələfat səviyyəsinin aşağı olması Sizin gərgin əməyinizin nəticəsidir. Kənd sakinləri bu çətin dövrdə yaradılmış şəraitdən bəhrələnərək əkib-becərdikləri kartofu həm daxili, həm də xarici bazarlara çıxara bilmişlər. Bu, bizim üçün çox şey deməkdir. Dualarımız və minnətdarlığımız daim Sizinlədir, cənab Prezident".

Qəbələ şəhərindən Şirin Muştakov: "Hörmətli cənab Prezident, pandemiya dövründə Sizin tibb işçilərinə göstərdiyiniz diqqət və qayğını hiss edirik. Məni 17 iyun - tibb işçilərinin peşə bayramı münasıbətilə səhiyyə sahəsində xidmətlərimə görə "Tərəqqi" medalı ilə təltif etmisiniz. Buna görə Sizə dərin hörmət və minnətdarlığımı bildirirəm. Uca Allah Sizi qorusun!".

Masallı rayonundan Cəlil Nəzərov: "Hörmətli cənab Prezident, mənə "Əməkdar həkim" fəxri adı verdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu təkcə mənə yox, bütün Azərbaycan və Masallı səhiyyəsinə verilən qiymətdir. Söz verirəm ki, gələcəkdə də Azərbaycan xalqına və Sizə sədaqətlə xidmət edəcəyəm".

Salyan rayonunun Çuxanlı kəndindən Natiq Mirzəyev, Muzadil İbrahimov, Rəşad Kərimov, Seymur Hüseyinov Samir Məlikov yazırlar: "Çox hörmətli cənab Prezident, Sizin yüksək dünyagörüşünüzə, sağlam düşüncənizə, ciddi nəzəri və praktiki təhlil qabiliyyətinizə, böyük siyasi təcrübənizə, dərin təfəkkürünüzə əsaslanan qərarlarınız, xalqımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması istiqamətində atdığınız addımlar, qabaqlayıcı və təxirəsalınmaz tədbirlər öz nəticəsini verməkdədir. Ümumbəşəri bəla olan koronavirus pandemiyası ilə mübarizədə dünyanın inkişaf etmiş dövlətlərinin belə aciz qaldığı vəziyyətdən minimum zərərlə çıxmağımızı, son dövrlərdə ölkəmizdə zəruri tibbi vasitələr, avadanlıq və ləvazimatlar ilə təminatın yaxşılaşdırılması, ən müasir tələblərə cavab verən səhiyyə ocaqlarının istifadəyə verilməsi, xaricdə çalışan həkimlərimizin ölkəmizdə gedən proseslərə cəlb edilmələri, xalqın rifahı naminə göstərdiyiniz diqqət və qayğı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Cənab Prezident, bu çətin dövrdə ölkəmizdə yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi də təqdirəlayiqdir. Bunun təzahürünü öz kəndimizdə də görürük. Kəndimizdə suvarma ilə bağlı heç bir problem yoxdur. Bu da əhalinin əkin-biçin işləri ilə məşğul olmasında ruh yüksəkliyi yaradır. Biz kəndlilərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik".

Mingəçevir şəhərindən Mehman Süleymanov, Calal Kərimov, Urfan Rüstəmov Rövşən Səlimov yazırlar: "Möhtərəm cənab Prezident, biz Mingəçevir şəhərində "Tərəvəzçilik sovxozu" adlanan ərazidə yaşayırıq. Yaşayış vəziyyətimizin yaxşılaşdırılması üçün Sizə müraciət etmişdik. Həmin müraciətdən sonra təbii qaz, içməli su və elektrik enerjisi ilə təminatımız normal vəziyyətə gətirilmiş, yolumuzun bir hissəsi asfaltlanmışdır. Burada yaşayan insanlar görülən işlərdən razı qalmışlar. Odur ki, göstərilən köməyə görə bütün sakinlər adından Sizə öz təşəkkürümüzü bildiririk. Sizə və ailənizə ömür boyu firavan və qayğısız həyat arzulayırıq".

Füzuli rayonundan Paşa Əhmədov: "Hörmətli cənab Prezident, Sizin bu çətin günlərdə vaxtında və düzgün qəbul etdiyiniz qərarlar biz vətəndaşların sağlamlığı üçündür. Siz hər zaman öz vətəndaşınızın sağlamlığını və yaxşı yaşamasını düşünürsünüz. İnanıram ki, biz Sizin müdrik qərarlarınız sayəsində hər bir çətinlikdən alnıaçıq, üzüağ çıxacağıq. Mən bütün xalqımız adından Sizə işlərinizdə yeni uğurlar arzulayıram. Siz bizim güclü liderimizsiniz. Biz Sizinləyik. Tanrı Sizi və ailənizi qorusun!".

Ağcabədi rayonunun Pərioğlular kəndindən Mübariz Bünyatov: "Hörmətli cənab Prezidentimiz, öncə respublikamızın inkişafı, dünyada nüfuzunun artması, sayılıb-seçilməsi istiqamətində apardığınız işlərə, aztəminatlı ailələrə göstərdiyiniz diqqət və qayğıya, müharibə veteranlarına və şəhid ailələrinə, həmçinin bütün xalqımıza göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. Hazırkı ağır dövrdə ölkəmizin inkişafına əngəl yaradan mənfi hallara, korrupsiya və rüşvətxorluğa qarşı apardığınız amansız mübarizə bütün xalqımız kimi, məni də, bizim ailəmizi də sevindirir, qürurlandırır. Biz Sizinlə fəxr edirik. Fəxr edirik ki, bizim belə humanist, qayğıkeş və mübariz Prezidentimiz var. Biz ağcabədililər ulu öndərimiz Heydər Əliyevin də siyasi xəttini həmişə bəyənib dəstəkləmişik. Hazırda Sizin Ulu Öndərin siyasətini uğurla davam etdirməyiniz qəlbimizi sevinc hissi ilə doldurur. Biz Sizinlə fəxr edirik. Yaxşı ki, varsınız, yaxşı ki, bizim Prezidentimizsiniz. Allahdan Sizə cansağlığı, ailə səadəti və işlərinizdə daha böyük müvəffəqiyyətlər arzulayırıq".

Şirvan şəhərindən İmanverdi İsrafilov: "Hörmətli cənab Prezident, Sizin üçün insanların sağlamlığı həmişə birinci yerdədir. Təsadüfi deyil ki, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus Sizə ünvanladığı məktubda Azərbaycan hökumətinin COVID-19-a qarşı mübarizəsini yüksək qiymətləndirib, Sizin milli, regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya və həmrəyliyə dəstəyinizi nümunəvi adlandırıb. Cənab Prezident, Vətənimizin daha gözəl və qüdrətli olması, insanlarımızın daha xoşbəxt və firavan yaşaması Sizin və Azərbaycanın Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın gərgin və yorulmaz birgə fəaliyyətinizin əsas məqsədidir. Son illərdə Azərbaycan dövləti Sizin düşünülmüş siyasətiniz və müdrik rəhbərliyiniz sayəsində ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq davamlı inkişaf edir. Əminik ki, bu gün yaşadığımız bu mürəkkəb dövr tezliklə sona çatacaq, Vətənimiz yenə də Sizin rəhbərliyinizlə hər sahədə durmadan irəliləyəcək. Sizin "Biz birlikdə güclüyük!" çağırışınız bu gün dillər əzbəridir. Biz isə deyirik: "Biz Sizinlə güclüyük, möhtərəm Prezident". Sizə xoşbəxtlik, gördüyünüz hər işdə böyük uğurlar və yeni-yeni qələbələr arzulayırıq".

Salyan rayonunun Xələc kəndinin sakinləri adından Əlivahid Məmmədov, Təyyar Qasımov, Namik Əlizadə, Dünyamalı Canəliyev Əzizağa İbrahimov yazırlar: "Əziz Prezidentimiz, ölkəmizdə gedən iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. Kənd təsərrüfatı sahəsinin dirçəldilməsi ölkənin sosial-iqtisadi inkişafına, xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. İndi fermerlər əkin-biçinə daha həvəsli görünürlər. Dövlətin qayğısı sayəsində suvarma suyu təminatı ildən-ilə yaxşılaşır, texnikalar alınır, subsidiyalar ayrılır, gübrələr güzəştli şərtlərlə verilir. Qeyd etmək istəyirik ki, Salyan rayonunun Xələc kəndində üzüm, bostan, tərəvəz, kartof, pambıq, taxıl məhsulları əkilib-becərilir. Məhsuldarlığı da ildən-ilə yüksəltməyə çalışırıq. Cənab Prezident, aqrar sahənin inkişafına verdiyiniz dəstəyə, həmçinin rayonumuzda gedən abadlıq-quruculuq işlərinə görə Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi, ailənizi və xalqımızı qorusun!".

Siyəzən şəhərindən Tamerlan Qurbanov: "Hörmətli cənab Prezident, "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında imzaladığınız Sərəncam Siyəzən rayon ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilir. Bir təhsil işçisi, coğrafiya müəllimi kimi hesab edirəm ki, imzaladığınız bu Sərəncam rayonumuzda həm turizmin coğrafiyasını genişləndirəcək, həm də ölkə iqtisadiyyatına öz töhfəsini verəcəkdir. 2015-ci ildə Sizin iştirakınızla açılışı olan "Qalaaltı Hotel & SPA" müasir müalicə-istirahət kompleksinin inşası regionun turizm imkanlarının artırılması baxımından nə qədər mühüm əhəmiyyət daşıdığı və regionumuza gələn turistlərin sayının dəfələrlə artmasına göstərdiyi təsir göz qabağındadır. Əminəm ki, bu Sərəncamın nəticəsi də regionumuzun inkişafına olduqca müsbət təsir göstərəcəkdir. İstər tarixi, istərsə də coğrafi baxımdan mühüm əhəmiyyət kəsb edən "Beşbarmaq dağı" Tarix-Mədəniyyət və Təbiət Qoruğunda aparılacaq işlərə uğurlar arzu edir, bir Siyəzən rayon sakini olaraq Sizə dərin minnətdarlığımı bildirirəm. Yaşasın inamla uğurlara imza atan müstəqil Azərbaycan!".

Balakən rayonunun Tülü kəndindən Taleh Namazov, Elşən Qurbanov, Elmira İsmayılova, Sabir Nəbiyev, Sərxan Yetərov, Gülbəniz Rəşidova, Lətif Alqayev, Möminət Alagözova, Zamirə Məmmədova, Xəlil Yetərov, Almaz Layıcov, Elmira Yetimova, Şəfiqə Qarayeva, İntizar Namazova, Simuzər Atayeva, Sanur Alqayeva, Zərifə Atayeva, Türkan Hüseynova, Məhəmməd Sabirov, Hicran Atayev Sevil Puçaxova yazırlar: "Hörmətli cənab Prezident, son aylarda dünyada COVID-19 pandemiyasının yayıldığı bir dövrdə Azərbaycanda da çətin günlər yaşanır. Dövlətimiz Sizin rəhbərliyiniz sayəsində əhalinin sağlamlığının çox ciddi və mütəşəkkil şəkildə qorunması üçün mübarizə aparır. Sizin Sərəncamınız əsasında Balakən rayonundakı Qullar, Tülü və Talalar kəndlərindən keçən yolların asfaltlanması hər üç kəndin sakinlərinin böyük sevincinə və bayram əhval-ruhiyyəsinin yaşanmasına səbəb oldu. Hörmətli cənab Prezident, Siz həmişə xalqımızın çətin və dar günlərində bizim yanımızda olaraq bizə dayaq olmusunuz. Dövlətimizin bu çətin günündə Tülü kəndinin sakinləri üçün belə gözəl şərait yaratdığınıza görə kənd sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir, Sizə və ailənizə uzun ömür, cansağlığı, bərəkətli və xoşbəxt ömür arzulayırıq. Allah Sizin kölgənizi dövlətimizin üzərindən əskik etməsin. Sizin varlığınız dövlətimizin daha da inkişafı, Dağlıq Qarabağımızın işğaldan azad olunması, xalqımızın daha firavan və xoşbəxt yaşaması deməkdir. Biz, Tülü kənd sakinləri həmişə dövlətimizin və Sizin uğurlu siyasətinizi dəstəkləyirik, hər zaman Siza arxalanırıq. Allah Sizi və ailənizi qorusun!".

Ağdam rayonunun Təzəkənd kəndindən Şövkət Əmirova: "Hörmətli və əziz Prezidentimiz, biz Sizinlə qürur duyuruq. Siz Ulu Öndərin başladığı bütün işləri uğurla davam etdirir, Azərbaycanımızı inkişafı üçün yorulmadan çalışırsınız. Sizin tapşırığınız əsasında bu günlərdə kənd yolumuza asfalt örtük salınmışdır. Yollarımız təmir olunan zaman plana uyğun olaraq yolumuz bir az da genişləndirilmiş, həmçinin yol kənarında səliqəsiz hasarlar sökülüb yenidən çəkilmişdir. Mənim də hasarımın bir hissəsi yola yaxın düşdüyü üçün sökülmüşdü. Yolun çəkilişindən sonra qısa müddət ərzində həyətimin hasarı hörülərək mənə təhvil verildi. Hazırda geniş, rahat yolumuz və səliqəli hasarlarımız var. Buna görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm".


Etiketlər:  Vətəndaş məktubları Cənab Prezident inanırıq Sizin müdrik qərarlarınız sayəsində hər çətinlikdən alnıaçıq üzüağ çıxacağıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ