Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2020 21:21
Bizim gündəliyimizdə koronavirusla mübarizə birinci plandadır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu ilə tanışlıqdan sonra çıxışında deyib.
Dövlət başçısı bildirib:
"Bilirsiniz ki, mənim göstərişimlə Gəncə Dövlət Filarmoniyası tikilib və bu, çox gözəl memarlıq abidəsidir. Eyni zamanda, lazım olan infrastruktur layihələri icra edilir. Bildirməliyəm ki, ölkəmizdə birinci "Yaşıl şəhər" layihəsi mənim göstərişimlə Gəncə şəhərində həyata keçiriləcək. Bu məqsədlə biz Avropa Yenidənqurma və İnkişaf Bankından təqribən 70 milyon avro dəyərində kredit götürürük. Onu da bildirməliyəm ki, bu gün mənim göstərişimlə kreditlərin götürülməsi ancaq müstəsna hal kimi mümkündür. Çünki bizim özümüzün kifayət qədər vəsaitimiz var. Mən istəyirəm ki, bizim xarici dövlət borcumuz daha da aşağı düşsün. Baxmayaraq ki, indi də 20 faizin altındadır. Ancaq strateji və texnologiya tutumlu layihələr üçün kreditlər götürürük və bu kreditin götürülməsinə mən icazə verdim. Gəncədə icra ediləcək "Yaşıl şəhər" layihəsi ictimai nəqliyyatı əhatə edəcək. Ondan sonra küçələrin işıqlandırılması, - bilirəm, bu məsələ ilə bağlı problem var, - bir də bərk məişət tullantılarının utilizasiyası. İlkin mərhələdə insanları narahat edən bu üç məsələ öz həllini tapacaqdır. Əlbəttə ki, biz bundan sonra da dövlət büdcəsi hesabına bütün lazımi addımları atacağıq.
Mən Gəncə şəhərinə müntəzəm olaraq gəlirəm. Bu səfərim prezident kimi 16-cı səfərdir. Yəni, orta hesabla ən azı ildə bir dəfə mən Gəncədə oluram. Gəncə bu gün ölkəmizin həm sənaye mərkəzinə çevrilir, həm mədəniyyət mərkəzidir, həm də böyük tarixi var. Əlbəttə ki, tarixin qorunması hər birimizin işidir.
Eyni zamanda, çox şadam ki, son vaxtlar kənd təsərrüfatının sürətli inkişafı və kənd təsərrüfatı ilə məşğul olan insanların maliyyə vəziyyətinin yaxşılaşdırılması nəticəsində bu sahəyə böyük maraq var. Dövlət Aqrar Universitetinə müraciətlərin sayı artır. Artıq yeni korpusun tikintisi başa çatır, bu gün tanış olacağam. Ölkəmiz üçün lazım olan mütəxəssislər Gəncədə yetişdiriləcək.
Yenə də demək istəyirəm, həyat davam edir. Bütün lazımi işlər görülür. Ancaq, əlbəttə ki, bizim gündəliyimizdə koronavirusla mübarizə birinci plandadır. Burada bütün dövlət tədbirləri ilə bərabər, əsas vəzifə həkimlərin üzərinə düşür. Bir daha demək istəyirəm ki, həkimləri mən salamlayıram, onların fəaliyyətini yüksək qiymətləndirirəm. Bu yaxınlarda həkimlər öz peşə bayramlarını qeyd etmişlər. Bu münasibətlə sizi təbrik edirəm və sizə yeni uğurlar arzulayıram. Koronavirusla bağlı mübarizədə siz ön cəbhədəsiniz və öz sağlamlığınızı, həyatınızı, yaxınlarınızın sağlamlığını risk altına qoyursunuz. Ancaq sizdə olan vətəndaşlıq borcu sizi bu işlərə sövq edir.
Sizə uğurlar, cansağlığı arzulayıram. Özünüzə yaxşı baxın, xəstələrə yaxşı baxın ki, biz birlikdə bu ağır vəziyyətdən az itkilərlə çıxaq".