Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 10:51
Bakı. Trend:
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və xarici əlaqələr komissiyasının sədri Azər Həsrət ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun “İfadə, media və informasiya azadlığı” mövzusunda Əlavə İnsan Ölçüsü Görüşünə qatılıb.
Şuradan Trend-ə verilən məlumata görə, onlayn rejimdə keçirilmiş tədbirdə ATƏT üzvü olan 57 dövlətin rəsmi təmsilçilərilə yanaşı bir sıra beynəlxalq və milli vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri də iştirak ediblər. Ümumi hesabla 220-yə qədər nümayəndənin qatıldığı tədbir 22-23 iyun tarixlərində olmaqla 5 sessiyadan ibarət olub. Bunlardan 3 ayrı işçi sessiyada “İfadə azadlığı və onun digər təməl azadlıqlarla əlaqəsi”, “İnformasiyaya giriş”, “Media azadlığı” mövzuları müzakirə edilib. Çıxışçılar daha çox koronavirus pandemiyası dövründə medianın fəaliyyəti, jurnalistlərin və sosial media fəallarının bəzən məqsədli şəkildə ictimai rəyi yanıltmağa yönəlik yalan xəbərlər yayması məsələləri üzərində dayanıblar. Qeyd edilib ki, koronavirusla bağlı insanlarda şübhə yaratmaq, ictimai rəyi çaşdırmaq kimi hallar geniş yayılıb. Bu isə pandemiya ilə mübarizənin effektivliyini azaldan amillərdəndir.
Azər Həsrət də öz növbəsində çıxış edərək medianın fəaliyyəti üçün Azərbaycanda yaradılmış şəraitdən danışıb. O, qeyd edib ki, Azərbaycan dövləti jurnalistlərin sərbəst hərəkəti üçün şərait yaradıb. Ölkənin bəzi bölgələrində xüsusi karantin rejimi olduğu üçün media təmsilçiləri internet üzərindən rəsmi icazə almaqla sərbəst şəkildə öz fəaliyyətlərini həyata keçirirlər. Azər Həsrət informasiya əldə etmək və yaymaqla bağlı hər hansı əngəlin də olmadığını deyib.
Müzakirələrin ümumi nəticəsi olaraq bir daha vurğulanıb ki, informasiyalı cəmiyyətlərdə qəbul edilən qərarlar qapalı və ya informasiyanın yayılması əngəllənən cəmiyyətlərdəkindən daha effektli olur.