Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəhruz Quliyev: Dövlət üzərinə düşən bütün vəzifələri həyata keçirib və indi əsas məsuliyyət bilavastə vətəndaşların üzərindədir

Bəhruz Quliyev: Dövlət üzərinə düşən bütün vəzifələri həyata keçirib və indi əsas məsuliyyət bilavastə vətəndaşların üzərindədir

Tarix: 25 Iyun 2020 19:03

Dövlət üzərinə düşən bütün vəzifələri həyata keçirib və indi əsas məsuliyyət bilavastə vətəndaşların üzərindədir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin bir saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında koronavirusla mübarizə ətrafında irəli sürdüyü fikir və tövsiyələrini şərh edərkən deyib.

O bildirib ki, COVID-19-la mübarizədə qəbul olunmuş kriteriyalar və əsas faktorlar artıq bir neçə aydır ki, mətbuat və televiziyalar vasitəsi ilə təbliğ olunub və bu gün də həmin təbliğatlar vətəndaşlara təqdim edilməkdədir: "O cümlədən, dövlətimizin başçısı cənab İlham Əliyev buna qədərki çıxışlarında da insanları həmrəy olmağa, məsuliyyətli davranmağa, virus infeksiyasına qarşı birgə mübarizə aparmağa dəvət edib. O cümlədən, dövlətin hazırkı dövrə qədər gördüyü işlərin, həyata keçirilən ardıcıl layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayan ölkəmizin rəhbəri Azərbaycan xalqının bu sınaqdan da əzmlə, qalib çıxacağını vurğulayıb. Çünki dövlət, bu məsələdə ən incə detallara qədər gedib, o cümlədən, preventiv addımlarını atıb. Baxın, virus yeni yayılmağa başlayarkən artıq səhiyyə sistemində təxirəsalınmaz işlər həyata keçirildi, xəstəxanalar ən müasir avadanqlıqlara təchiz olundu, önləyici sosial tədbirlər reallaşdırıldı, ölkənin ərzaq və xalqın sağlamlığının təhlükəsizliyi istiqamətində gərəkli qərarlar verildi. Xüsusilə, dünyada qoruyucu tibbi maskaların qıt olduğu bir dönəmdə Azərbaycanda maska istehsalına başlanıldı, eləcə də dezinfeksiyaedici məhsulların da istehsalı həyata keçirildi. Bütün bunların köklü məqsədi dövlətin, Prezidentin xalqın sağlamlığını qorumaq, bu təhlükədən ən az itkilərlə çıxmaqdan ibarət idi. Amma etiraf edək ki, bu zəhmətlərin qarşılığı olaraq, vətəndaşlarımız da məsuliyyətli davranmalı, görülən işlərin kölgədə qalmaması üçün tələb olunan qaydalara, tətbiq edilən karantin rejiminə əməl etməlidirlər. Bu gün hər birimiz anlamalıyıq ki, dövlət daim vətəndaşının yanında olub, bundan sonra da olacaq".
"Əgər nəzərə alarsaq ki, Prezident İlham Əliyev dəfələrlə vətəndaşlara qoruyucu maska taxmağı, sosial məsafə saxlamağı, tez-tez əlləri yumağı, gigiyena qaydalarına ciddi əməl etməyi tövsiyə edirsə, Onun özünün də bu tələblərə riayət etdiyini vurğulayırsa, demək hər birimiz bu tövsiyələri diqqətə almalı, xüsusilə vətəndaşlıq məsuliyyətindən çıxış edib, ətrafımızdakılara da bunları aşılamalıyıq", deyən Bəhruz Quliyev əlavə edib ki, hətta kimlərsə məsuliyyətsiz davranırsa, bunun üçün müvafiq strukturlardan əlavə, özümüz də məsuliyyətsizləri qınamalıyıq: "Əks halda, Azərbaycan İtaliya, İspaniya, ABŞ və s. ölkələrdə baş vermiş insan tələfatları, ağır fəsad faktları ilə qarşı-qarşıya qalmalı olacaq. Təsəvvürünüzə gətirin ki, insanlar yollardaca həyatlarını itirəcək, təhlükə kabusu hər an hər birimizin başının üzərinə ala biləcək. Bu dəhşətləri yaşamamaq üçün məhz dövlət başçımızın tapşırıqlarına, tövsiyələrinə diqqət yetirməliyik. Hətta deyərdim ki, sağlam sabahımız məhz bu günümüzün məsuliyyətindən asılıdır".

Baş redaktor sonda onu da bildirib ki, koronavirus infeksiyası ilə mübarizə artıq gündəlik həyatımızın bir hissəsinə çevrilib: "Bu baxımdan, hesab edirəm ki, yaşana biləcək təhlükələrin qarşısına sədd çəkmək, ətrafımızın sağlamlığının mühafizəsinin təminatında güclü iradə sərgiləmək hər birimizin dövlətimizin qarşısındakı borcudur. Necə ki, dövlətimiz, Prezident İlham Əliyev bütün lazımi, müvafiq addımları atır, qərarlar qəbul edirsə, biz də bu işdə daim dövlətimizin, Prezidentimizin yanında olmalı, məsuliyyətimizi dərk edərək, davamlı dəstəyimizi göstərməliyik".


Etiketlər:  Bəhruz Quliyev Dövlət üzərinə düşən bütün vəzifələri həyata keçirib indi əsas məsuliyyət bilavastə vətəndaşların üzərindədir


RƏYLƏR