Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2020 12:21
"Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşma, eləcə də demoqrafik strukturu süni şəkildə dəyişdirmək siyasətini həyata keçirir".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı deyib.
Onun sözlərinə görə, bu gün Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşdırma aparması, Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrini məhv etməsi və onların təhrif edilməsi, qeyri-qanuni kommersiya fəaliyyətini həyata keçirməsinə dair məlumatlar bir sıra beynəlxalq və regional təşkilatların qəbul etdiyi qərar və hesabatlarda, xarici və yerli KİV-də, bir sıra aparılan araşdırma və tədqiqatlarda, öz əksini tapıb: "Beynəlxalq təşkilatların mövqeyinə nəzər yetirdikdə görürük ki, Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozur, işğal olunmuş ərazilərimizdə coğrafi və yer adlarının dəyişdirilməsi, Dağlıq Qarabağ və ətraf rayonların təbii resurslarının talan edilməsi və onlardan qazanc məqsədilə istifadə edilməsi, xüsusilə də Suriyadan olan erməni əsilli qaçqınların məqsədyönlü şəkildə məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir, beynəlxalq hüququn prinsiplərinə zidd hərəkət edir. Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsi "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərar qəbul edərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib".
Tarixçinin sözlərinə görə, ATƏT-in Faktaraşdırıcı Missiyası hesabatında Laçın rayonu ərazisində 8-11 min erməninin yerləşdirildiyini müəyyən edib. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır.
S.Talıblı bildirib ki, Qarabağ müharibəsindən sonra imzalanan atəşkəsdən dərhal sonra Ermənistan hakimiyyəti tərəfindən Laçın şəhərinin və rayonun bir neçə ətraf kəndin məskunlaşdırılmasına dair məxfi əmr verilmişdi. Ermənistan bununla Dağlıq Qarabağa aparan yeganə yolun keçdiyi strateji mühüm ərazini nəzarətdə saxlamağa çalışırdı: "Ermənistan o vaxt hesab edirdi ki, Laçın rayonunun dörd yaşayış məntəqəsinin məskunlaşdırılması kifayətdir. 1995-ci ildə Laçın rayonunun 4 yox, 12 kəndində ermənilər qanunsuz məskunlaşmışdı. 2004-cü ildə isə Laçın və kəndlərində, o cümlədən digər ətraf rayonlarda yaşayan ermənilərin sayı 13500-ə çatmışdı".
S.Talıblı qeyd edib ki, erməni tərəfinin rəsmi məlumatlarına və qondarma "DQ" hökumətinin hesabatına görə, 2001-ci ildə Dağlıq Qarabağın əhalisi 143 min nəfər təşkil edib. Halbuki, 1989-cu ilin siyahıya alınmasına görə, həmin ərazidə 90 min nəfərdən bir qədər çox erməni yaşamışdır. ABŞ-ın qaçqınlar üzrə Komitəsinin qaçqınların vəziyyəti ilə əlaqədar 2002-ci ilə dair ümumdünya icmalında Ermənistan üzrə məruzədə 1000-ə yaxın ailənin Ermənistandan Dağlıq Qarabağ və Laçın dəhlizinə köçürüldüyü bildirilib. 2003-cü ilin yanvar ayından Dağlıq Qarabağ ərazisini tərk edənlərin qarşısının alınması məqsədilə müəyyən olunmuş qaydalara görə, daimi yaşamaq üçün gedən ailələr təxminən 15, hərbi çağırışçılar 10 min ABŞ dolları məbləğində rüsum ödəməlidirlər.
Alim bildirib ki, Ermənistanın bütün şəhər və rayonlarında 2002-ci ildən rəsmən fəaliyyət göstərən miqrasiya xidmətləri ölkə əhalisinin işğal olunmuş ərazilərə köçürülməsi istiqamətində iş aparır. 1994-cü ildən etibarən dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin qeyri-qanuni olaraq Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinə köçürülməsi halları mövcuddur:"Beynəlxalq "Qırmızı Xaç Komitəsi"nin Cənubi Qafqaz üzrə Miqrasiya Nümayəndəliyin 2004-cü il oktyabr ayının 25-də keçirdiyi hesablamalarına görə, hər ay orta hesabla Dağlıq Qarabağ ərazisinə 15-ə yaxın ailə köçürülür və 2004-cü ildə belə ailələrin sayı 200-ə çatmışdır.
2000-ci ildən etibarən "Artsaxa qayıdış" adlı irimiqyaslı proqramın həyata keçirilməsi ilə Ermənistan Respublikası hökuməti yanında (Andranik Marqaryanın rəhbərliyi altında) müşavir Benik Baxşiyan, "DQR"-in "Statistika İdarəsinin rəhbəri" Serj Amirxanyan, "Kənd Təsərrüfatı naziri" Vaqram Baqdasaryan, "Milli Yığıncağın Maliyyə, Büdcə Məsələləri üzrə Komissiyasının sədri" Mayor Danelyan, Ermənistanın Miqrasiya və qaçqınlar idarəsinin müdiri Qaqik Eqanyan və digər vəzifəli şəxslər, həmçinin "Yerkir" ictimai təşkilatı aktiv şəkildə məşğul olmuşlar".
S.Talıblı qeyd edib ki, 2003-cü ilin dekabrında Ermənistanın baş naziri A.Marqaryan erməni əhalisinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə köçürülməsi məsələsinin Ermənistan hökuməti üçün prioritet təşkil etdiyini rəsmən bildirib:
"İşğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma faktları müxtəlif KİV-də də geniş işıqlandırılmışdır. Açıq qaynaqlara istinadən, 2004-cü ilin ilk altı ayı ərzində işğal olunmuş ərazilərə 120 erməni ailəsi köçürülmüşdür.
Bu ərazilərdə qeyri-qanuni "köçürülmə əməliyyatı" və tikinti işlərinin əsas sponsorları "Qərbi Amerikanın Erməni Təhsil Fondu", "Hayastan Fondu" təşkilatları və Tehranın Erməni Yeparxiya Şurasıdır. 2004-cü ildə xarici fondlar tərəfindən "Artsaxa qayıdış" proqramının realizəsi üçün 400 min ABŞ dollarının ayrıldığı və Azərbaycanın işğal olunmuş sərhədyanı ərazilərində 90-a yaxın evin tikintisinin başa çatdırılması məlumdur".
S.Talıblı əlavə edib ki, köçürülməyə ayrılmış pulların səlahiyyətli şəxslər tərəfindən mənimsənilməsi və köçürülən şəxslərin 30%-nin bədbin yaşayışdan Yerevana və digər MDB ölkələrinə qayıtmaları barədə 1999-cu ildə erməni KİV-də məlumatlar yayılıb.