Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 22:36
Elektrikli avtomobil sənayesinə sürətli şəkildə daxil olmağı planlaşdıran Nissan yeni Ariya avtomobilini təqdim edəcəyi tarixi açıqlayıb. Şirkətin yeni avtomobili haqqında məlumat olmasa da, çox təsir edici bir dizayna sahib olduğunu söyləyə bilərik.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Nissanın baş direktoru Makoto Uchida bazar ertəsi illik səhmdarlar konfransında Ariyanın 15 iyulda təqdim ediləcəyini söyləyib. Avtomobil ilə bağlı detallar hələ açıqlanmasa da, paylaşılan tanıtım videosundan nəqliyyat vasitəsinin xarici dizaynının konsepsiyaya yaxın olacağı aydın görünür. Bundan əlavə, aprel ayında yayılan patent rəsmləri bunun daha bir sübutudur.
Yaponiyada istehsal ediləcək avtomobil ABŞ, Çin və Avropa bazarına çıxmazdan əvvəl bu ölkədə satılacaq. Nissanın planlarına daxil olan 8 elektrikli nəqliyyat vasitəsindən biri olan Ariya Tesla Model Y-nin ən güclü rəqibi kimi görünür. Avtomobilin 300 mil (482 km) gediş məsafəsinə malik olacağı deyilir.
Ariya haqqında bildiyimiz hazırda bunlarla məhdudlaşsa da, yaxın vaxtlarda daha çox təfərrüatın ortaya çıxacağı gözlənilir. Avtomobilin ən əsas xüsusiyyətlərindən birinin qiymətinin vergilər istisna olmaqla təxminən 40.000 dollar olacağını söyləyə bilərik.