Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2020 11:00
Bakı. Trend:
Dövlət İmtahan Mərkəzinin 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrininə əsasən, Abşeron rayonu Xırdalan şəhər 1 saylı orta məktəbin məzunu Hüseyn Abdullayev 300 bal toplayaraq maksimal nəticəyə nail olub. Hüseyn deyir ki, ən böyük arzusu qəbul imtahanlarında da maksimal bal toplayaraq, Bakı Ali Neft Məktəbinə daxil olmaqdır.
Hüseyn ilk olaraq, 20 mindən çox məzun arasından belə yüksək nəticə əldə etməyiniz münasibəti ilə sizi təbrik edirik, gəlin, bir qədər sizi tanıyaq.
Diqqətiniz üçün təşəkkür edirəm. Mən Hüseyn Abdullayev Ağsu rayonunda anadan olmuşam. Orta təhsilimə Xətai rayonu 264 saylı tam orta məktəbdə başlasam da, 3-cü sinifdən etibarən Xırdalan şəhəri 1 saylı məktəbdə təhsilimi davam etdirmişəm. Elə, həmin məktəbdən də bu il məzun olmuşam. “Əlaçı” televiziya verlişinin 9-cu mövsümünün respublika çempionu, “Xəmsə” verlişinin isə iştirakçısı olmuşam. Bundan başqa, bu il Fizika üzrə keçirilən respublika fənn olimpiadasının yarımfinalçısıyam.
Buraxılış imtahanında belə yüksək nəticəyə necə nail oldunuz?
Uğurumun səbəbi daha çox çalışmaq, elmə olan həvəsim, onlayn dərslərin uğurlu təşkili oldu. Bundan başqa, əlbəttə ki, müəllimlərin və valideynlərimin dəstəyi də çox mühüm rol oynadı.
Niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçmək istəyirsiniz?
Hesab edirəm ki, Bakı Ali Neft Məktəbi həqiqətən, respublikanın ən nüfuzlu universitetidir. Bundan əlavə, bu Ali Məktəbdə tədrisin keyfiyyəti, xarici universitetlərlə əməkdaşlıq əlaqələri (Heriot-Vatt xüsusilə) də diqqətimi cəlb edir.
Hansı ixtisas üzrə hazırlaşırsınız?
Hələ tam dəqiq qərar verməmişəm. Lakin, böyük ehtimal Proseslərin avtomatlaşdırılması mühəndisliyi və ya İnformasiya təhlükəsizliyi ixtisasları istiqamətində seçim edəcəm. Seçimimin səbəbi həmin ixtisasların gələcəyin ixtisası olmalarıdır.Təbii ki, arzumun reallaşmasında qəbul imtahanlarının ikinci mərhələsində toplanılan bal böyük rol oynayacaq. Yüksək nəticə üçün əlimdən gələni edəcəyəm.
BANM-dəki təhsillə bağlı gələcək hədəfləriniz nədir?
Hədəfim yüksəkixtisaslı, peşəkar mühəndis olmaq, eləcə də BANM-in köməyi ilə gələcək təhsilimi xarici ölkələrin birində davam etdirməkdir. Düşünürəm ki, bundan sonra ölkəmiz üçün daha faydalı kadr ola bilərəm.
Son olaraq bilmək istərdik, Bakı Ali Neft Məktəbi haqqında haradan məlumat əldə etmisiniz?
BANM haqda ilk dəfə qohumumdan eşitmişdim. O da, hazırda Bakı Ali Neft Məktəbinə qəbul olmaq üçün hazırlaşır. Daha sonra özüm də araşdırdım və qərar verdim ki, mən bu ali təhsil müəssisəsində təhsil almalıyam.