Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dünyamızı və həyatın gözəlliklərini qorumalıyıq...''

''Dünyamızı və həyatın gözəlliklərini qorumalıyıq...''

Tarix: 3 Iyul 2020 22:10

Neçə aylardır ki, istər mətbuat səhifələrində, istər televiziya kanallarında, istərsə sosial şəbəkələrdə pandemiya dövrünün qaydaları haqqında kifayət qədər məlumatlar verilir, informasiyalar səslənir. Mübaliğə kimi çıxmasın, günün nə vaxtı televiziya kanallarının düyməsini bassan, orda qlobal pandemiya dövrünün tələbləri, virusdan qorunma qaydaları, sosial məsafənin saxlanılması, gigiyenik qaydalara əməl olunması ilə əlaqədar süjet və roliklərin nümayiş olunduğu ilə üzləşmək olar.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı aparılan təbliğata baxmayaraq hələ də sosial məsuliyyətsizlik göstərən, dünyanı cənginə alan dəhşətli fəlakətin ciddiliyini dərk etməyən vətəndaşların məsələyə münasibətindən narahatlığını bildirib.

Sonxeber.net bildirir ki, o, AZƏRTAC-a verdiyi müsahibədə öz fikirlərini belə ifadə edib: "Dünya altı aydan çoxdur ki, koronavirus (COVID-19) infeksiyası ilə mübarizə aparır. Mart ayından başlayaraq bütün dünya təbabətini aciz qoyan mutagen xarakterli qlobal bəşəri təhlükənin geniş yayılmaması üçün ən vacib və gərəkli addımlar atılıb, zəruri tədbirlər görülüb. "Başına gələn başmaqçı olar",-deyiblər. Artıq bizim də bu sahədə xeyli təcrübəmiz var. Hesab edirəm ki, ötən müddətdə hər kəs necə dəhşətli bir müharibə ilə üz-üzə olduğumuzu dərk edir. Bəli, topsuz-tüfəngsiz, silahsız-sursatsız amansız müharibə yaşından, cinsindən, sosial mənsubiyyətindən asılı olmayaraq can almaqda davam edir. Onun qurbanlarının sayı gendən-günə artır. Nə qədər ki, bu xəstəliyə qarşı peyvənd tapılmayıb, nə qədər ki, onun müalicəsi üçün dərman preparatları yoxdur, onda bircə yol qalır ki, o da hər kəsin özünü bu dəhşətli bəlanın girdabına düşməkdən qorumaqdır. Yəni mümkün qədər evdən bayıra çıxmamaq, yaxud çıxdığın təqdirdə antiseptik vasitələrlə dezinfeksiya olunmaq, maska taxmaq, yolda, küçədə, mağazada, dükan-bazarda, nəqliyyat vasitəsində sosial məsafəni gözləmək, təmas və ünsiyyətdən uzaq olmaqdır. İndiki şəraitdə bu sadə və sadə olduğu qədər də vacib və həyati əhəmiyyətli tələblərə əməl etməmək nə deməkdir? Kimsə buna əməl etmirsə və hansısa əsassız bəhanələrlə özünə haqq qazandırmaq istəyirsə, bunun sosial məsuliyyətsizlikdən başqa adı yoxdur. Təmas və hava-damcı yolu ilə yayılan infeksiyadan qorunmağın mümkün yolu ancaq bundan ibarətdir".

Həmsöhbətimiz daha sonra deyib: "Hansısa filosofun belə bir sözü var: "Ən çətin iş ən asan olandır, lakin zamanında sən bunu etmədin". Bəli, doğrudan da belədir. Vaxtında etmədiyin, görmədiyin sadə və kiçik bir şey sonra böyüyüb çox ciddi problemə çevrilir. İndiki halda məndən, səndən, bizdən, hamımızdan asılı bircə şey varsa, o da maska taxmaqdan, tez-tez əllərimizi yumaqdan, gigiyenik qaydalara əməl etməkdən və sosial məsafə saxlamaqdan ibarətdir. Burda çətin nə var? Bunu etməklə özümüzü, sağlamlığımızı, ətrafımızı, doğmalarımızı, yaxınlarımızı, bütövlükdə cəmiyyəti qorumuş oluruq. Niyə biz yalnız xəstəlik gəlib özümüzün və ya hansısa əzizimizin yaxasından yapışandan sonra onun varlığına inanmalıyıq? Gedib xəstəxana palatasına düşəndə, reanimasiya otağında nəfəs darlığı ilə üzləşəndə çox gec olur, onda vaxtında etmədiyin hərəkətlər, görmədiyin tədbirlər üçün təəssüflənir, yanıb-yaxılırsan. Televiziya ekranlarında müalicə müəssisələrində həyatla ölüm arasında çırpınan, yaşamaq uğrunda, bir udum havanı rahat almaq üçün mübarizə aparan koronavirus xəstələri haqqında süjet nümayiş olunanda sakit, hissiz-duyğusuz baxmaq olmur. Ona görə də məsuliyyətli olmaq, bizdən asılı olan qaydalara əməl etmək lazımdır ki, belə ağır mənzərələrlə üzləşməyək".

Xalq artisti fikrini belə yekunlaşdırıb: "Bizə bu dünyada ən qiymətli nemət olan ömür payı verilib və hər birimizin yaşadığımız bu dünyada vətəndaşlıq və insanlıq borcumuz var. İlk növbədə dünyanın gozəlliklərini duya-duya, hiss edə-edə, bəxtimizə düşən ömür payını sağlam, xəstəliklərdən, ağrı-acıdan uzaq yaşamağa çalışmalı və üzərimizə düşən vətəndaşlıq borcunu dərk etməliyik. Bu, canımızın sağlığını, ailə üzvlərimizi, doğmalarımzı və əzizlərimizi, ətrafımızda olanları qorumaqdan, yaşadığımız dünyanın gözəlliklərini bizdən sonra gələn gənc nəslə ötürməkdən, onların da xoşbəxtliyi üçün cavabdehlik hissi daşımaqdan ibarətdir. Biz bu səadəti öz gözəlliklərini səxavətlə bizə bəxş edən qoynunda yaşadığımız dünyanın gələcək sakinlərinə də bəxş etməliyik. Dünyanı, həyatı və canımızın sağlamlığını qoruya-qoruya yaşamalı, sosial məsuliyyətimizi unutmamalıyıq. İndiki halda yol yalnız və yalnız sərtləşdirilmiş xüsusi karantin rejiminin qaydalarına ən ciddi şəkildə riayət etməkdən ibarətdir. Başqa alternativ yoxdur!"


Etiketlər:  Dünyamızı həyatın gözəlliklərini qorumalıyıq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ