Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2019 11:06
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan dünyanı narahat edən bütün məsələlərə öz töhfəsini verməyə hazırdır və bu layihələrdə yaxından iştirak edir.
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda Milli İnsan Hüquqları Günüdür: "İnsan hüquqlarının qorunmasından daha vacib şey yoxdur. Bu məqsədlə müxtəlif təsisatlar yaradılır ki, onlardan da biri ombudsman institutudur. Biz məmnunuq ki, Azərbaycan ombudsmanı qısa müddət ərzində digər ölkələrin ombudsmanları ilə səmərəli əməkdaşlıq yarada bilib".
Ə.Əhmədov bildirib ki, bu gün BMT-nin həyata keçirdiyi dayanıqlı inkişaf üzrə qlobal layihə 2030-cu ilədək dünyanın müsbət baxımdan dəyişməsini nəzərdə tutur:
"İyulun 15-də dünyanın çox az - cəmi 14 ölkəsi dayanıqlı inkişaf üzrə ikinci hesabatını BMT-yə verəcək ki, onlardan biri də Azərbaycandır".
Baş nazirin müavini qeyd edib ki, Azərbaycan gənc dövlət olaraq böyük tərəqqi yolunu keçib, bu gün ölkə vətəndaşları inkişaf edən Azərbaycanı görməkdədirlər. Dövlət insanların layiqli həyat yaşaması üçün müxtəlif layihələr həyata keçirir.
Ə.Əhmədovun sözlərinə görə, vacib məsələlərdən biri sülhün təmin edilməsidir: "Etibarlı sülh olmadan dayanıqlı inkişaf ola bilməz. Çox təəssüf ki, Azərbaycan xalqı sülhsevər olsa da, 30 ildən çoxdur ki, buna ehtiyacı olan xalqlardan birinə çevrilib. 1 milyon qaçqın və məcburi köçkün əhalinin 10 faizini təşkil edir. Bu insanların hüquqları 30 ildir ki, pozulur. Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün etdiyi cəhdlər nəticəsiz qalıb".
Baş nazirin müavini əlavə edib ki, Azərbaycan dövləti bu insanlara görə üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir, amma onların hüquqlarının təmini məsələsi açıq qalıb: "Ümid edirik ki, ombudsmanlar bununla bağlı öz səylərini birləşdirməyə çalışacaqlar".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin