Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2020 23:51
Son vaxtlar bəzi həkimlərin ölüm ayağında olan ağır ürək xəstələrinə birdən-birə 5-6 stend qoyması narazılıqlara səbəb olur. Mütəxəssislər hətta bunu xəstə üçün ağır yük hesab edir. Xəstə yaxınları isə iddia edirlər ki, bir şəxsə eyni vaxtda 5-6 stend qoyulması onun sağalmayacağını bilən həkimin oyunudur. Belə ki, o, "son çarə" deyərək, xəstə yaxınlarını buna inandırır və 5-6 stend soymaqla külli miqdarda pul alır. Çünki bir stend ortalama 2 min manatdır.
Sonxeber.net xəbər verir ki, məsələ ilə bağlı axar.az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının invaziv kardioloqu Muxtar Müseyibov bildirib ki, xəstəyə nə qədər stend qoyulması damarların vəziyyətindən asılıdır:
"Açığı, düşünürəm ki, sırf maddiyyat üçün heç bir həkim bunu etməz. Stend qoyulmazdan əvvəl xəstənin ürək damarlarının vəziyyətinə baxırıq və qidalandığı sahədə canlı toxumanın olub-olmaması öyrənilir. Əgər orada canlı toxuma qalmayıbsa və tutulma xronikidirsə, stendin heç bir köməyi olmur. Bu zaman digər damarlara müdaxilə edilir. Stend üçün əvvəlcə neçə damarın xəstə olması, damar darlığının uzunluğu, ürəyin gücü və həmçinin digər xəstəliklərin olub-olmaması nəzərə alınmalıdır. Ümumiyyətlə, biz çalışırıq ki, xəstəyə çox stend qoyulmasından qaçaq. Amma burada bəzən 3-4 stend qoyulan xəstələrdə gözlənilməyən hadisələr baş verir. Yəni ya stendin uzunluğu çatmır, ya da hər hansısa ağırlaşma olur. Bu zaman məcburən əlavə 1 və 2 stend qoyulur. Təbii ki, bu, tez-tez rastlaşdığımız hal deyil. Amma dünyada aparılan araşdırmalar göstərir ki, stendin çox olması xəstənin vəziyyəti ilə əlaqədardır. Ürək damarlarında uzun darlıqlar olan zaman əməliyyatdan çox da böyük effekt əldə edilmədiyi üçün xəstəyə mümkün olan qədər stend qoymaqla onun həyat keyfiyyətini yaxşılaşdırmaq olar. Stendin sayının çox olması xəstələrdə, xüsusən də şəkər xəstələrində damar xəstəliyinin çox olması ilə əlaqədardır. Əməliyyatla heç bir effekt əldə edilmədiyi üçün xəstə yaxınlarına stend qoyulması təklif edilir. Bundan başqa alternativ yol yoxdur. Əgər buna xəstənin yaxınları razı olmasa, yalnız dərman vasitəsi ilə nəticə əldə edilməyə çalışılır".
M.Müseyibov onu da bildirib ki, Azərbaycanda ürəyinə 14 stend qoyulan ürək xəstələri var:
"Düzdür, ürək üçün 6 stend çoxdur. Çünki stendin sayı çoxaldıqca xəstədə metal yükü çox olur. Amma nəzərə almaq lazımdır ki, ürəyimizin əsas 3 böyük damarı və onların şaxələri var. Xəstədən asılı olaraq bu vəziyyət dəyişə bilər. Elə xəstə var ki, onun hər üç damarının diametri böyük olan şaxələri var. Bunların hamısını nəzərə alsaq, bizim üçün böyük rəqəm görünsə də, ürəyin şaxələrinə stend qoyanda say 6-ya çatır. Bir xəstəyə isə maksimum nə qədər stendin qoyulması barədə konkret say demək mümkün deyil. Heç bir həkim istəməz ki, stendin sayı çox olsun. Amma xəstənin damarlarında uzun darlıqlar varsa və 3-4 stendlə nəticə əldə etmək olmursa, bu zaman 5-6 stend qoymaq mümkündür. Bu isə məcbur qalmadıqca edilmir".