Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2020 17:27
Bəlli olduğu kimi, hazırda Qoşulmama Hərəkatına (QH) sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyev cənablarının təşəbbüsü ilə Hərəkata üzv ölkələr adından, BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təklif verilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Onun sözlərinə görə, qlobal pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında təklif edilən Xüsusi sessiya, həm QH ölkələri, həm də digər BMT üzvləri tərəfindən dəstəklənib. 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə edib. (Bu barədə rəsmi və ictimai mövqelər tirajlanıb; bu sətirlərin müəllifinin də yazıları, rəyləri KİV-də yayımlanıb.) Bunlar arasında BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər fərqli coğrafiyalarda və fərqli mədəniyyət iqlimlərində yerləşən, fərqli nüfuza malik dövlətlər yer alıb. TŞ-nin daimi üzvü Rusiya Federasiyası da həmin ölkələr sırasındadır. Rusiyanın BMT yanında Daimi Nümayəndəsi Vasili Nebenza və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz müsahibələrində bu barədə məlumat verib.
Bir cümlə ilə ifadə etsək, Rusiya tərəfi Azərbaycan Prezidentinin təşəbbüsünü yüksək qiymətləndirib və Xüsusi sessiyanın təşkili yönündə əməkdaşlığa hazır olduğunu bildirib. Heç şübhəsiz, dünya üzrə 130 ölkənin dəstəyi həm mövzunun aktuallığı, qlobal həmrəyliyə ehtiyacla bağlıdır, həm də, təşəbbüsçü tərəfə bəslənən ehtiramın, sayğının ifadəsidir. Təsadüfi deyil ki, bir neçə il öncə Azərbaycan 155 BMT üzvünün dəstəyini qazanaraq, TŞ-nin keçici üzvü status qazanmışdı. BMT səviyyəsində məhz Azərbaycanın təşəbbüskarlıqları, habelə bəşəri məsuliyyəti dərk etməkdən irəli gələn qərarlarda dövlətimizin prinsipial, sabitqədəm mövqeyi dəfələrlə öz parlaq ifadəsini tapıb; Azərbaycan-BMT əməkdaşlıq tarixçəsi örnək tarixçədir.
Ümidvarıq ki, pandemiyaya görə iş rejimində fasilə və dəyişikliklər yaranmış BMT, Azərbaycan Prezidentinin təşəbbüsü nəticəsində nəhayət, rəsmi fəaliyyətini bərpa edəcək; bununla da, pandemiya ilə mübarizə kimi önəmli məsələnin müzakirəsini aparmaq imkanlarını təmin edə biləcək. İnanırıq ki, bu müzakirələr nəticəsində bəşəriyyəti qlobal pandemiyanın əlindən xilas etməyə imkan verən önəmli qərarlar veriləcək. Və bu qərarlar dünya çapında yeni situasiya yarada biləcək. Əlbəttə, yeni situasiya özünü daha çox həmrəylikdə, yardımlaşmada, vahid mövqenin hasil olmasında göstərməlidir. Bu, yeni çağırışların ümumdünya səviyyəsində tirajlanması və qəbul görməsi şəklində təzahür edə, təcalla tapa bilər. Özəlliklə vurğulamaq istədiyim bir başqa məqamsa, artıq "rəqəmsal diplomatiya" anlayışının beynəlxalq ictimai fikirdə qəbul görməksi ilə bağlıdır. Yalnız onu deyək ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq platforma olan QH-nin, eləcə də, Türk Şurasının pandemiya ilə effektiv mübarizəyə həsr olunmuş "Virtual Zirvə" müzakirələri, bu müzakirələrdən irəli gələn addımlar məhz rəqəmsal diplomatiyaya örnəklər sayıla bilər. Pandemiyanın yaratdığı maneələrə cavab olaraq, beynəlxalq aləmdə rəqəmsal diplomatiyanın baş tutmasının təşəbbüskarı cənab İlham Əliyev olub. Və respublikamız "Virtual Xüsusi sessiya"nın təşkil olunması ilə bağlı formatın, modallıqların müəyyənləşdirilməsi, Xüsusi sessiyanın mümkün "Qətnamə"sinin qəbul edilməsi üçün bütün üzv ölkələrlə işbirliyinə hazırdır. Yəni, Azərbaycan dövləti BMT Baş Assambleyasının "Virtual Xüsusi sessiya"sının təşkil edilməsi üçün texniki sahədə də dəstək vermək əzmindədir.
Bu yerdə qeyd edək ki, BMT tarixində indiyədək 31 dəfə Xüsusi sessiya keçirilib. Bunlardan yalnız üçü üzv dövlətlər tərəfindən çağrılıb; lakin Azərbaycanın təklifi ilə baş tutan Xüsusi sessiya, dövlət və hökumət başçıları səviyyəsində və məhz videokonfrans formatında olamaq etibarı ilə bir İLKdir.
Prosedura görə, Xüsusi sessiya rəsmi olaraq, BMT üzvlərinin 50%+1 üzvünün - indiki halda bu 97 edir - dəstəyi rəsmən bildirildikdən sonra, daha doğrusu, "dead line"-dan 10 gün sonra başlayır; lakin dövlət və hökumət başçıları səviyyəsində müzakirələrin keçirilmə vaxtı dövlətlər arasında aparılacaq məsləhətləşmələrdən asılıdır.
Yuxarıda da qeyd etdiyimiz kimi, BMT Baş Assambleyası pandemiya ilə bağlı özünün biləvasitə çalışmalarını (mart ayından etibarən) dayandırıb; Baş Assambleyanın öz işinə nə vaxt başlayacağı da hələ dəqiq bilinmir. Payızda pandemiyanın ikinci dalğasının olacağı barədə ehtimallar səslənir; nəzəri olaraq, BMT ümumiyyətlə bu il rəsmi olaraq toplaşmaya bilər. Bu halda sual olunur ki, bəs, dünyada mövcud çoxsaylı problemlərin müzakirəsi və həlli ilə kim və necə məşğul olmalıdır?! BMT ən böyük beynəlxalq platformadır - bu şübhəszidir, burada sual yoxdur; amma sual yaranmazmı ki pandemiyanın suallar dolu qlobal problemin müzakirəsi ilə ən böyük qlobal təşkilat olan BMT niyə məşğul olmur..? Axı, bəşəriyyətin məhz BMT-dən böyük gözləntiləri var və bu da, çox təbiidir, haqlıdır.
Belə bir çətin dövrdə kim qlobal liderliyi öz üzərinə götürməlidir? - Burada, qlobal liderlik sözünü qlobal məsuliyyətlə də əvəz etmək olar; açıq danışaq, bu addımı atmalı olan böyük dövlətlər qlobal həmrəylikdənsə, "özünə qapanma" yolunu üstün tutdu... Xeyirxahlıq, yardımlaşma, məsuliyyətdən uzaq durmamaq kimi xəlqi xüsusiyyətlərimiz bir tərəfdən, habelə iki beynəlxalq quruma Azərbaycan Prezidentinin sədrliyinin verdiyi mandate-missiya digər tərəfdən, Azərbaycanın təşəbbüskarlığını şərtləndirmiş oldu. Azərbaycan sübut etdi ki, beynəlxalq platformalara başçılıq etmək, formal xarakter daşımamalı, mövcud mandate-missiyanın gərəyi düzgün qiymətləndirilməlidir.
Belə görünür ki bu gün yalnız BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiya ilə məşğul olur və müvafiq açıqlamalar verir; lakin ÜST məsələnin yalnız səhiyyə aspekti ilə məşğuldur. Bəs məsələnin siyasi, iqtisadi, sosial-psixoloji və b. aspektləri də olmamış deyil və yaddan çıxmamlıdır. Bəşəriyyətin BMT-yə ən çox ehtiyac duyduğu bir zamanda BMT susa bilərmi? Bu tarixə necə düşər? Təkrarçılıq olmasın, əgər indiki anda BMT görünmürsə, bəs bu problemlə kim və necə məşğul olacaq? Məgər BMT-dən də böyük təşkilatmı var?!. Ona görə də, hazırda BMT-yə inam, təşkilatın etibarlılığı ciddi imtahan və açığı xeyli suallar qarşısındadır...
Ümid edirik ki, Xüsusi sessiya mümkün qədər tez təşkil olunacaq; cənab Prezidentin irəli sürdüyü, QH üzvlərinin müdafiə etdiyi təşəbbüs, dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul gördüyü üçün artıq Xüsusi sessiyanın keçirilməsi yalnız QH üzvlərinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilib.
Biz başa düşürük ki BMT çərçivəsində "Virtual Xüsusi sessiya"nın keçirilməsi, bir yenilikdir; lakin BMT-nin bununla bağlı tənzimləyici prosedur qaydalarının olmaması prosesi dayandırmamalı, ləngitməlidir. Əlbəttə, qaydalar önəmlidir, amma yeni gerçəklik ortamında BMT də buna uyğunlaşmalı və çevik reaksiya verməlidir. Hazırda bəşəriyyət II Dünya müharibəsindən bəri ən böyük təhlükə ilə, necə deyərlər, III Dünya müharibəsi ilə üzbəüz qalıb. Buna görə də, BMT özünün prosedur qaydalarının girovuna çevrilərək, bu qlobal problemin həllindən qıraqda qalmamalıdır. Belə qlobal təhdidlər ortamında BMT duruma uyğun reaksiya verərək, prosedur qaydalarını dəyişdirmədən (bu uzun vaxt apara bilər) müstəsna və presedent yaratmayan hal kimi videokonfrans formatında Xüsusi sessiyanı keçirə bilər və keçirməlidir.