Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 17:36
"Paşinyan hakimiyyəti öz diktatura rejimini xalqın artmaqda olan qəzəbindən sığortalamaq üçün Azərbaycanla sərhəddə təxribat törətdi. Biz Ermənistan hakimiyyətinə xas olan xaincəsinə hücumun şahidi olduq. Sevindirici haldır ki, Azərbaycanın Silahlı Qüvvələri erməni silahlı birləşmələrinin layiqli cavabını verdi".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün REAL TV-yə müsahibəsi zamanı deyib.
Ə.Əhmədov bildirib ki, rəşadətli ordumuz, qəhrəman hərbçilərimiz Ermənistan tərəfinə böyük zərbələr vurdu və işğalçılar böyük itikilərə məruz qaldılar: "Düşünürəm ki, ermənilər belə bir təxribatı törətmələrindən ən azı peşiman olmağa məcbur olublar. Çünki şəhidlərimizin qanı yerdə qalmayıb, erməni təxribatına sarsıdıcı zərbə vurulub".
Baş Nazirin müavini qeyd edib ki, Ermənistan Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsini, ölkəmizin nüfuzunun artmasını, ayrı-ayrı beynəlxalq layihələrin həyata keçirilməsində yaxından iştirak etməsini həzm edə bilmir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assamleyasının xüsusi sessiyasının çağırılması haqqında qərarın qəbul olunması da Azərbaycanın beynəlxalq aləm üçün nə qədər əhəmiyyətli ölkə olmasından xəbər verir. Ermənistan isə bunun əvəzini sərhəddə təxribat törətməklə və bunun günahını Azərbaycanın üzərinə atmaqla ölkəmizin dünya birliyində mövqeyini zəiflətməyə çalışır. Amma bütün bunlar xülyadır.
Azərbaycanın istənilən təxtibatın qarşısını layiqincə almağa hazır olan silahlı qüvvələrə malik olduğunu deyən Ə.Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında qeyd etdiyi kimi Ermənistanın təxribatının qarşısı nəinki alınıb, onlara layiqli cavab verilib:
"Bu, beynəlxalq birliyə, o cümlədən ATƏT-in Minsk Qrupuna bir mesajdır ki, Azərbaycan heç bir halda öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, torpaqlarını azad etmək üçün bütün imkanlardan istifadə edəcək. Azərbaycan cəmiyyətinin və hakimiyyətinin Minsk Qrupunun fəaliyyəti ilə bağlı narahatçılığı dəfələrlə ifadə edilib. Münaqişənin indiyə kimi həll olumaması ATƏT-in Minsk Qrupunun üzərinə götürdüyü vəzifələrin öhdəsindən layiqincə gələ bilməməsinin aydın ifadəsidir. Bu günə qədər hərbi təcavüzün ortada olmasına, torpaqlarımızın bir hissəsinin işğal olunmasına, 1 milyonun insanın öz vətənində məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Minsk Qrupu təcavüzkarın adını indiyə kimi çəkməyib. Təcavüzün olduğu halda, təcavüzkarın adını çəkmədən bu təcavüzün aradan qaldırılması mümkün deyil. Ona görə də, ATƏT-in Minsk Qrupu aydın şəkildə öz mövqeyini ortaya qoymalıdır".