Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 21:30
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Bəyanat yayıb.
Sonxeber.net bildirir ki, bəyanatda deyilir:
- İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya qurğularından istifadə etməklə atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki ordumuzun mövqelərini atəşə tutmuşlar.
Düşmənin bu təxribatına milli ordumuz böyük rəşadət nümayiş etdirərək sarsıcıdı cavab vermiş, ağır itkilər verən Ermənistan silahlı birləşmələrinin həmləsi qətiyyətlə dəf edilmişdir. Ali baş komandanımızın qəti iradəsi, zabitlərimizin peşəkarlığı, əsgərlər arasında hökm sürən ruh yüksəkliyi və hərbi birləşmələrimizin maddi-texniki gücü növbəti dəfə Azərbaycan əsgərinin, ordusunun və dövlətinin düşmən üzərindəki gücünü və üstünlüyünü şərtləndirmişdir.
Hücumun qarşısını alarkən Azərbaycan Ordusunun gənc hərbi qulluqçuları qəhrəmancasına şəhid olmuşlar. Bu bir daha hər bir Azərbaycan gəncinin vətənin müdafiəsi və tarixi-əzəli torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ən yüksək fədakarlığa hazır olduğunu nümayiş etdirdi. Bütün xalqımız növbəti dəfə Azərbaycan gənci, Azərbaycan əsgəri ilə fəxr etdi, sonsuz dərəcədə qururlanmış oldu.
Allah şəhidlərimizə rəhmət etsin, yaralı əsgər və zabitlərimizə şəfa versin!
Ölkənin bir çox aparıcı gənclər təşkilatlarını və onminlərlə gənci ətrafında birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası olaraq, cəbhə xəttində və sərhəddə baş vermiş təxribatla bağlı aşağıdakıları bəyan edirik:
1) Ermənistan hökuməti təcavüzkar siyasətini davam etdirərək Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsnin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədilə təxribatlar törədir. Bu təxribatları Azərbaycanın ərazi bütövlüyünə yeni təhdid kimi qiymətləndirir və sərt şəkildə qınayırıq. Beynəlxalq ictimaiyyəti münaqişənin həllinə zərbə vuran və yeni təhdidləri ortaya çıxaran bu kimi təxribatlara düzgün hüquqi-siyasi qiymət verməyə, Ermənistanı təcavüzkar siyasətini dayandırmağa məcbur edəcək qərarlar almağa çağırırıq,
2) Səngərdə mətanətlə torpaqlarımızı müdafiə edən, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizəyə daima hazır olan ordumuza dəstək verir və onlarla həmrəylik ifadə edirik,
3) Ermənistanın ölkəmizə qarşı artıq 30 ildir davam edən işğal və hərbi təcavüz siyasətinin regionda sülhə, sabitliyə və inkişafa qarşı ən böyük təhdid olduğunu bir daha vurğulayır və işğalın beynəlxalq təşkilatlar, böyük dövlətlərin liderləri, beynəlxalq ictimai xadimlər, xarici ölkələrin beyin mərkəzləri, qabaqcıl ali təhsil müəssisələrinin diqqətinə çatdırmaq üçün bütün ictimaiyyəti sosial şəbəkələrdə fəal olmağa və #StopArmenianAggression #KarabakhisAzerbaijan #WarCriminals həştəqləri ilə paylaşımlar etməyə dəvət edirik,
4) Bütün beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatına (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT), Avropa Şurasına (AŞ), Avropa İttifaqına (Aİ) və digərlərinə müraciət edərək, Ermənistan hökumətinə beynəlxalq öhdəliklərinə və beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara, o cümlədən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə riayət etməyə vadar etməyə çağırırıq,
5) Hazırkı həssas məqamda paylaşılan və yayılan məlumat və foto-videolar vətəndaşlarımızı sayıq olmağa, ordumuzun hərbi texnikalarının və canlı qüvvəsinin hərəkət istiqaməti və ya onların toplandığı yerlər haqqında foto və videoları heç bir halda yayımlamamağı, eyni zamanda məlumat paylaşdığınız zaman yalnız rəsmi mənbələrə istinad etməyinizi xahiş edirik.
Ölkəmizin ən böyük gənclər təşkilatları platforması olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğalı ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün gənclər təşkilatları səfərbər ediləcək və ardıcıl, mütəmadi sosial kampaniyalar vasitəsilə Azərbaycan həqiqətləri beynəlxalq birliyin diqqətinə çatdırılacaqdır.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası olaraq bütün sosial şəbəkə istifadəçilərini, ictimai fəalları və qeyri-hökumət təşkilatlarını bu fəaliyyətə dəstək verməyə dəvət edirik!
Şəhidlər ölməz, vətən bölünməz!
Qarabağ Azərbaycandır!
Biz birlikdə güclüyük!