Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2020 02:12
Bakı. Trend:
Mərkəzi Asiya ölkələrində yaşayan onlarla soydaşımız iyulun 14-də Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi videokonfransa qatılıb və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu ərazisində törətdiyi təxribata münasibət bildiriblər.
Komitədən Trend-ə verilən məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov soydaşlarımıza ölkəmizin Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində işğalçı Ermənistanın silahlı qüvvələrinin törətdikləri hərbi təxribatla bağlı geniş məlumat verib. Qeyd olunub ki, Ermənistan məqsədyönlü şəkildə bu təxribata hazırlaşıb. Ermənistan tərəfi qəflətən artilleriya qurğularından istifadə edib və nəticədə Azərbaycan hərbçiləri şəhid olublar. Daha sonra Azərbaycan ordusunun cavab atəşi nəticəsində düşmən də itkilər verib.
Videokonfransda hadisələr zamanı qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tovuz cəbhəsində baş verənlərdən kədərləndiklərini bildirən soydaşlarımız birmənalı şəkildə deyiblər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin, torpaqlarımızın işğaldan azad olunmasının təmin edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində atdığı addımları dəstəkləyirlər. Təcavüzkar Ermənistanı kəskin şəkildə qınayan və şəhid ailələrinə dərin hüznlə başsağlığı verən həmvətənlərimiz qeyd ediblər ki, tarixi Vətənlərinin ərazi bütövlüyünün beynəlxalq qanun normalarına uyğun olaraq dinc yolla və ədalətli şəkildə həllinin tərəfdarı olsalar da, Ali Baş Komandanın əmri ilə bu yolda atılacaq bütün addımlara, o cümlədən Tovuz cəbhəsində vuruşmağa da hazırdırlar.
Sonra Dövlət Komitəsinin sədri COVID-19 pandemiyası dövründə görülən işlərdən, Mərkəzi Asiya ölkələrində müvəqqəti çətinliklərlə üzləşmiş soydaşlarımıza göstərilən maddi və mənəvi dəstəkdən, aztəminatlı soydaşlarımızın qarşılaşdıqları problemlərlə hər zaman maraqlanaraq, onların həlli istiqamətində atılan addımlardan danışıb. Bu mərhələdə Koordinasiya Şuralarının və soydaşlarımızım sığınacaq yerlərinə çevrilmiş Azərbaycan Evlərinin fasiləsiz olaraq 24 saat ərzində fəaliyyət göstərdikləri, diaspor təşkilatlarının Azərbaycan Səfirlikləri ilə əlaqəli şəkildə çalışdıqları nəzərə çatdırılıb.
Müzakirələr zamanı tədbir iştirakçıları deyiblər ki, Dövlət Komitəsinin soydaşlarımıza münasibətindən çox razıdırlar. Pandemiya dönəmində birlik və həmrəylik göstərməyə, çətinliklə üzləşənlərin problemlərinin həlli, xəstəliyə yoluxanların müalicə olunması üçün bütün addımların atılmasına çalışdıqlarını vurğulayan soydaşlarımız Mərkəzi Asiya ölkələrində Azərbaycan məktəblərinin açılması, Azərbaycan dilinin və tarixinin öyrənilməsi, "Azərbaycan dili" dərsliklərinə böyük ehtiyac olması, əlaqələrin daha da genişləndirilməsi və sair barədə təkliflər irəli sürüblər.
Komitə sədri xaricdə yaşayan soydaşlarımız üçün nəşr olunan "Azərbaycan dili" dərsliyini nümayiş etdirib və Mərkəzi Asiya ölkələrinə bu dərsliklərin göndəriləcəyini deyib.
Qazaxıstanda yaşayan soydaşımız, qocaman heykəltaraş Vaqif Rəhmanov bu cür videogörüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb və davamlı olmasının məqsədəuyğun olduğunu deyib. "Hər gün bu qədər azərbaycanlı görsəm, xoşbəxt olaram, ömrüm uzun olar, ürəyim dağa dönər" - deyə soydaşımız sevincini ifadə edib.