Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2019 15:26
Bakı. İlhamə İsabalayeva - Trend:
Müharibə, təqib və münaqişələrdən qaçan insanların sayı 2018-ci ildə 70 milyonu keçib. Bu, BMT-nin qaçqınlar üzrə qurumunun mövcud olduğu 70 ilə yaxın müddət ərzində müşahidə etdiyi ən yüksək rəqəmdir.
Trend-in məlumatına görə, BMT Qaçqınlar üzrə Ali Komissiyasının (QAK) bu gün açıqlanmış "Qlobal tendensiyalar" barədə illik məruzəsindən götürülmüş məlumatlar göstərir ki, 70,8 milyona yaxın insan hazırda zorla didərgin salınıb. Müqayisə üçün qeyd edək ki, bu, 20 il əvvəlki saydan iki dəfə artıq, bir il əvvəlkindən isə 2,3 milyon nəfər çoxdur. Ölkələrlə müqayisə etdikdə isə Tailandın və ya Türkiyənin əhalisinin sayına yaxındır.
70,8 milyon rəqəmi təqribi rəqəmdir, xüsusən də nəzərə alsaq ki, Venesueladakı böhran hələlik bu rəqəmdə yalnız qismən öz əksini tapıb. Ümumən 4 milyona yaxın venesuelalı, onları qəbul etmiş hökumətlərin məlumatlarına əsasən, öz ölkəsini tərk edib ki, bu da bu böhranı dünyadakı son didərginlik bohranları arasında ən böyük böhrana çevirir.
"Gördüyümüz bu rəqəmlər müharibə, münaqişə və təqiblərdən qorunmağa ehtiyacı olan insanların sayında uzunmüddətli artım tendensiyasının əlavə təsdiqidir. Qaçqınlara və miqrantlara münasibətdə çox zaman fikir ayrılıqlarının olmasına baxmayaraq, biz həm də insanların, xüsusən özləri çoxlu sayda qaçqınları qəbul etmiş icmaların genişqəlbliliyinin və həmrəyliyinin şahidi oluruq. Biz həmçinin yeni subyektlərin, o cümlədən inkişaf təşkilatlarının, özəl müəssisələrin və fərdlərin misli görünməmiş iştirakını müşahidə edirik ki, bu da nəinki "Qaçqınlar haqqında qlobal müqavilə"nin ruhunu əks etdirir, həm də bu ruhu başqalarına ötürür. Biz bu pozitiv nümunələrə istinad etməli və hər gün evlərini tərk etməyə məcbur olan çoxminli günahsız insanlarla həmrəyliyimizi ikiqat artırmalıyıq" – deyə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.
"Qlobal tendensiyalar" barədə məruzədə yer alan 70,8 milyon rəqəmi üç əsas qrupu əhatə edir. Bunlardan birincisi qaçqınlar, yəni münaqişə, müharibə və ya təqib səbəbindən ölkəsini tərk etməyə məcbur olmuş insanlardır. 2018-ci ildə qaçqınların sayı bütün dünyada 25,9 milyona çatıb ki, bu da 2017-ci ildəki saydan 500 min nəfər çoxdur. Bu ümumi rəqəm 5,5 milyon fələstinli qaçqını da əhatə edir ki, onlar da BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili Agentliyinin himayəsi altındadırlar.
İkinci qrup sığınacaq axtaranlardır – bunlar öz mənşə ölkələrindən kənarda olan və beynəlxalq himayə altına alınan, amma qaçqın statusu üçün etdikləri müraciətlərin nəticəsini gözləyən insanlardır. 2018-ci ilin sonunda dünyada sığınacaq axtaran şəxslərin sayı 3,5 milyon şəxs olub.
41,3 milyon nəfərlik üçüncü və ən böyük qrup didərgin düşərək öz ölkəsi daxilində başqa ərazilərə köçmüş insanlardır. Bir qayda olaraq bu kateqoriya ölkə daxilində didərgin düşmüş insanlar və ya məcbur köçkünlər adlandırılır.
Didərginlik hallarının sayındakı ümumi artım didərgin düşən, amma problemlərinin həlli yolu tapılan insanların sayını üstələməkdə davam edir. Qaçqınlar üçün ən yaxşı həll yolu onların öz yurdlarına könüllü surətdə, təhlükəsiz və ləyaqətlə qayıtmasının mümkün olmasıdır. Digər həll yolları sırasına yerli icmaya inteqrasiya olunma və ya üçüncü ölkəyə köçüb orada məskunlaşma daxildir. Lakin 2018-ci ildə yalnız 92.400 nəfər qaçqın köçürülərək məskunlaşdırılıb ki, bu da köçürülmələrini gözləyənlərin 7 faizindən azdır. Təxminən 593.800 qaçqının evinə qayıtması mümkün olub, 62.600 qaçqın isə naturalizasiya olunub.
"Harada baş verməsindən və nə qədər uzun sürməsindən asılı olmayaraq hər bir qaçqınlıq situasiyasının həll edilməsi və insanların evlərinə qayıda bilməsi üçün maneələrin aradan qaldırılması daim diqqət mərkəzində olmalıdır. Bu, BMT QAK-ın daim məşğul olduğu kompleks işdir, lakin bu iş həm də ümumi rifah naminə bütün ölkələrin bir araya gəlməsini tələb edir. Bu, dövrümüzün ən böyük vəzifələrindən biridir" – deyə, Qrandi bildirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin