Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətəndaşlar Prezidentə yazırlar: ''Fəxr edirik ki, Sizin kimi Ali Baş Komandanımız, güclü nizami ordumuz var''

Vətəndaşlar Prezidentə yazırlar: ''Fəxr edirik ki, Sizin kimi Ali Baş Komandanımız, güclü nizami ordumuz var''

Tarix: 20 Iyul 2020 19:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlarımız tərəfindən çoxsaylı minnətdarlıq məktubları ünvanlanır.

Sonxeber.net bildirir ki, Trend Prezident saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Tərtər rayonundan Svetlana Əzizova yazır: "Möhtərəm cənab Prezident, biz Tərtər rayonunda düşmənlə təmas xəttində yaşayırıq. Tərtər rayonunda elə bir küçə, elə bir ev yoxdur ki, oradan Vətənin müdafiəsinə oğul yola salınmasın. Ərazi bütövlüyümüz uğrunda şəhidlərimiz də var. Qazilərimiz də müharibənin hər ağrı-acısını yaşayıblar. Döyüş görmüş insanlarıq. Nankor qonşularımız yaşayış məntəqələrimizi həmişə atəşə tutub, evlərimiz dağılıb, amma bir qarış da torpaq verməmişik. Tərtər düşmənə həmişə göz dağı olub. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin törətdiyi təxribatlara Sizin rəhbərliyinizlə tutarlı cavablar verildi. Biz tərtərlilər Sizi, ordumuzu dəstəkləyir, qürur duyuruq. Allah ərazi bütövlüyümüz uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Məkrli qonşularımız öz məğlubiyyətlərini görüb yeni təxribatlara əl atırlar. Düşmən əsgəri səngərdən, döyüşdən qaçır. Bizim oğullarımız isə döyüşə getmək üçün könüllü olaraq müraciət edirlər. İstər əhalinin, istər ordunun əhval-ruhiyyəsi yüksəkdir. Çünki Prezidentimiz, Ali Baş Komandanımız xalqla birgə, generallarımız öz cəbhədə əsgərlərlə birlikdədir. Biz qələbəyə, Ali Baş Komandana, Azərbaycanın güclü və nizamlı ordusuna inanırıq. Tanrı Sizi və xalqımızı qorusun!"

İmişli rayonundan İsmayıl Mehrəliyev: "Hörmətli cənab Prezident, məlum olduğu kimi, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Ordumuz vaxtında və layiqli cavab verərək düşməni böyük itkilərlə geri çəkilməyə məcbur edib. Azərbaycan Ordusu düşmənin istənilən hücumuna cavab verə biləcək gücdə olduğunu bir daha sübut etdi. Bildirmək istəyirəm ki, hər zaman Sizin siyasətinizi dəstəkləyirik və əmrinizi gözləyirik. Cənab Prezident, Sizin rəhbərliyinizlə ordu quruculuğunda aparılmış böyük islahatların nəticəsidir ki, bu gün hər bir Azərbaycan vətəndaşının qürur duyduğu ordusu var və buna görə bir vətəndaş olaraq Sizə dərin minnətdarlığımı bildirirəm. Vətənimizin ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması naminə canından keçmiş bütün əsgər və zabitlərimizin qisasının alınacağına əminəm. Azərbaycan Respublikasının vətəndaşı və əsgər kimi Sizin müvafiq göstərişinizlə Vətənin müdafiəsinə hər zaman hazıram".

Lerik şəhərindən Bahar Mürsəliyeva: "Hörmətli cənab Prezident, biz daim Sizinləyik. Sizə - Ali Baş Komandanımıza inanırıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığınız uğurlu siyasəti bəyənir və dəstəkləyirik. Siz ordu quruculuğuna hər zaman böyük diqqət və qayğı göstərmisiniz. Əminəm ki, Sizin rəhbərliyinizlə torpaqlarımız qısa müddətdə işğaldan azad ediləcək".

Biləsuvar rayonunun Günəşli kəndindən Elvin Əlizadə: "Hörmətli cənab Ali Baş Komandan, biz Biləsuvar gəncləri daim Sizinləyik. Əminik ki, Sizin rəhbərliyinizlə qısa müddətdə torpaqlarımız işğaldan azad ediləcək, şəhidlərimizin qısası alınacaq. Azərbaycan əsgərinin zəfərinə zərrə qədər şübhəmiz yoxdur. Bu inam Sizə, Azərbaycan əsgərinə, Azərbaycan Ordusunun qüdrətinə inamdır. Gənclər adından Sizin bütün qərarlarınızı dəstəklədiyimizi bildirir, əmrlərinizi gözləyirik".

Bakı şəhərinin Yasamal rayonundan Günel İmanovanın məktubunda deyilir: "Hörmətli cənab Prezident, mən fizika üzrə fəlsəfə doktoru, gənc aliməm. Hər zaman olduğu kimi, bu çətin günlərdə də xalqın yanında olduğunuza görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Koronavirus pandemiyası bütün dünyada çox sayda problemlərə səbəb olub. Amma bu sahədə zəhmət çəkən, əziyyəti olan insanların əməyinin dövlət tərəfindən qiymətləndirilməsi yalnız Azərbaycana aiddir. Buna görə Sizə təşəkkür edirik. Ən çətin məqamlarda, hər zaman hər bir vətəndaşın yanında olduğunuzu verdiyiniz qərarlarla sübut edirsiniz. Bu çətin günlərdə bunu bir daha göstərmiş oldunuz. Hörmətli Prezident, Sizin tapşırığınızla dövlət tərəfindən əhali üçün bir sıra güzəştlər edilir, ehtiyacı olanlara maddi dəstək göstərilir. Mən bir vətəndaş, bir gənc alim kimi xalqa olan yüksək qayğınız üçün Sizə minnətdaram. Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə ölkəmizdə gənclərin aparıcı qüvvəyə çevrilməsi istiqamətində böyük işlər görülür. Sizin gənclərə inanıb onları yüksək vəzifələrə layiq görməyiniz bizi çox qürurlandırır və bizə olan qayğınız bizim özümüzə inamımızı daha da artırır. Mən bir gənc alim olaraq çox sevinirəm ki, Azərbaycan Respublikasına Sizin kimi müdrik, uzaqgörən siyasi xadim rəhbərlik edir. Mən Sizinlə fəxr edirəm, Sizə dəstəyim misilsizdir. Allah Sizi qorusun!".

Sabunçu rayonunun Bakıxanov qəsəbəsindən Fərman Məmmədov: "Hörmətli cənab Prezident, mənim 86 yaşım var. Erməni vandallarının Azərbaycan-Ermənistan sərhədində törətdiyi təxribat hamı kimi məni də hiddətləndirdi. Lakin ordumuzun layiqli cavabı məni və milyonlarla azərbaycanlını bir o qədər də qürurlandırdı. Mən hər zaman ordumuza mənəvi dəstək olmağa hazıram. Ölkəmizdə olan birliyə, ruh yüksəkliyinə görə isə Sizə ayrıca minnətdarlığımı bildirirəm. Var olun, cənab Prezident!".

Biləsuvar rayonundan Aqil Bəşirov: "Hörmətli cənab Prezident, son günlər cəbhə xəttində baş verən hadisələrdə Azərbaycan Ordusu təxribatçı düşmənə layiqli cavab verməklə ordumuzun nəyə qadir olduğunu bir daha dünyaya sübut etmiş oldu. Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Baş vermiş hadisələr, qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərmiş oldu. Ordumuzun bugünkü uğuru Sizin hər zaman ordu quruculuğuna böyük diqqət və qayğı göstərməyinizin bariz nümunəsidir. Biz Sizə hər zaman inanmışıq və bu gün də inanırıq. İnanırıq ki, rəhbərliyiniz və uzaqgörən siyasətinizlə Vətənimizin ərazi bütövlüyü tez bir zamanda bərpa olunacaq. Cənab Ali Baş Komandan, Sizin xarici və daxili siyasətinizi bəyənirik və biz biləsuvarlılar hər zaman yanınızda bir yumruq kimi birləşirik. Sizi əmin edirik ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda hər an ön cəbhədə döyüşməyə hazırıq. Ordumuzla və Sizinlə qürur duyuruq".

Naxçıvan şəhərindən Muxtar Bağırov: "Möhtərəm cənab Prezident, mən ehtiyatda olan leytenant kimi Sizin "irəli" əmrinizi gözləyirəm. Bizim canımız da, qanımız da bu Vətənə, bu millətə qurbandır. Mən də bu xalqın nümayəndəsi kimi daim Sizin yanınızdayam və həmişə də yanınızda olacağam. Siz bizim əvəzedilməz liderimizsiniz. Cənab Ali Baş Komandan, bu xalq hər zaman Sizin yanınızdadır. Biz Sizin üçün canımızı da verməyə hazırıq. Allah Sizə, xalqımıza uzun ömür versin".

Binəqədi rayonundan Rüfət Rəşidov: "Möhtərəm Prezident, cənab Ali Baş Komandan, bütün regiona təhlükə olan erməni vandalizminin qarşısını qətiyyətlə alan Azərbaycan Ordusunun qəhrəmanlığını alqışlayıram. Şiddətli döyüşlərdə iştirak edən bütün hərbçiləri dəstəkləyirəm. Sizin Azərbaycan Ordusuna verdiyiniz dəstək əvəzedilməzdir. Ordu quruculuğu istiqamətində gördüyünüz işlərin nəticəsidir ki, bu gün Azərbaycan Ordusu düşmənə layiqli cavab verə bilir. Biz həm Aprel döyüşlərində, həm də bu gün Tovuz bölgəsində baş verən erməni təxribatının qarşısının alınmasına şahid olduq. Rəşadətli, qüdrətli Azərbaycan Ordusu istənilən vaxt işğalda olan torpaqlarımızı azad etmək gücündədir. Sizin qətiyyətli çıxışlarınızda böyük qələbənin işıqlarını görürük. Əminəm ki, Cocuq Mərcanlıda, Lələtəpədə yaşanan o böyük qələbənin davamını yaxın vaxtlarda Şuşada, Xankəndidə və başqa işğal olunmuş ərazilərimizdə görəcəyik. Cənab Ali Baş Komandan, Azərbaycan xalqı öz ordusuna inanır, ona güvənir. Çünki onun Sizin kimi Prezidenti və Ali Baş Komandanı var. Biz Sizin iradənizə güvənirik və Sizin kimi Prezidentlə qürur duyuruq. Biz Sizin ətrafınızda sıx birləşmişik və daim əmrinizə hazırıq".

Bakı şəhərindən Züleyxa Heydərova: "Hörmətli cənab Prezident, son günlər erməni hərbçilərinin atəşkəsi pozaraq döyüş mövqelərimizi atəşə tutmaları hamımızı hiddətləndirib. Xalqımızın bütün diqqəti cəbhə xəttindədir. Bu gün mənfur düşmənin təxribatının qarşısını güclü ordumuz qəhrəmancasına almışdır. Ləyaqətlə, şərəflə vəzifələrini yerinə yetirən hərbçilərimiz arasında şəhidlərimiz var. Biz inanırıq ki, Sizin komandanlığınızla bu təxribatına görə düşmənə layiqli cavab veriləcək və şəhidlərimizin qanı yerdə qalmayacaq. Xalqımız Sizin yürütdüyünüz siyasətə tam güvənir".

Ucar şəhərindən Nəzakət Qasımova: "Hörmətli cənab Prezident, bu günlər hər birimiz Azərbaycan vətəndaşı olaraq Ermənistanla sərhəddə - Tovuz rayonunda baş verən hadisələri həyəcanla izləyirik. Lakin əminik ki, qüdrətli ordumuz Sizin komandanlığınızla düşmənin layiqli cavabını verəcək və verməkdədir. Əmin olun ki, hər bir azərbaycanlı haqq işimizdə Sizinlə birlikdədir. Sizə güvənirik, cənab Prezident. Torpaq uğrunda ölən varsa, Vətəndir. Allah şəhidlərimizə rəhmət eləsin. Qələbə bizimlədir".

Səbail rayonundan Aydan Qasımova: "Hörmətli cənab Prezident, hər kəsə məlum olduğu kimi, erməni silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində hücumlarının qarşısı şanlı ordumuz tərəfindən alınır. Azərbaycan gəncləri Sizə inanır və Sizinlə fəxr edir. Şərəf, namus olan Vətən torpağını qoruyan ordumuzla qürur duyuruq, cənab Prezident!"

Tərtər rayonundan Bəhruz Köçərli: "Möhtərəm cənab Prezident, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlara Azərbaycan Milli Ordusu tərəfindən verilən tutarlı cavab hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Fəxr edirik ki, Sizin kimi Ali Baş Komandanımız, güclü nizami ordumuz var. Xalqın dövlətin, ordunun yanında olması, keçirilən orduya dəstək aksiyaları bunun bariz nümunəsidir. Düşmənə layiqli dərs verildi. O gördü ki, bizim generallarımız da öz cəbhədə, əsgərlərimizin yanındadır. Biz fəxr edirik ki, ordumuzun belə igid generalları, zabitləri var. Allah Vətən torpağını öz qanı, canı bahasına qoruyan bütün şəhidlərimizə rəhmət eləsin". Bu gün Azərbaycan əsgəri düşməni məhv etməyə, torpaq uğrunda canından keçməyə hazırdır. Xalq öz Prezidentinə, onun yeritdiyi siyasətə güvənir, ordumuzun qələbəsini alqışlayır. İnanırıq ki, tezliklə düşmən üzərində tam qələbə qazanacağıq. Bu qələbənin sevincini tam yaşayacağıq".

Göyçay rayonundan Çingiz İbrahimov: "Hörmətli cənab Prezident, mən bir gənc olaraq Sizin ölkəmizin daha da güclənməsi, daha da inkişaf etməsi, vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində gördüyünüz misilsiz işləri, xidmətləri dəstəkləyir, alqışlayır və bu fəaliyyətinizə görə Sizə minnətdarlığımı bildirirəm. Azərbaycan Ordusu iyul ayının 12-dən başlayaraq dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan ordusunun qəfil və xaincəsinə törətdiyi təxribatın qarşısını qəhrəmancasına aldı. Şanlı ordumuz ağır döyüşlər nəticəsində düşmənin çoxlu sayda hərbi texnika və canlı qüvvəsini məhv etdi, hərbi mövqelərinə sarsıdıcı zərbələr endirdi, şəhidlərimizin qanını yerdə qoymadı. Cənab Ali Baş Komandan, biz Sizin yanınızdayıq və Sizin əmrinizlə torpaqlarımızı işğaldan azad etməyə hər an hazırıq. Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin, Sizi və xalqımızı qorusun. İnanırıq ki, işğal altındakı bütün torpaqlarımızı Allahın izni ilə və Sizin rəhbərliyinizlə tezliklə düşmən tapdağından azad edəcəyik və şanlı bayrağımız doğma torpaqlarımızda dalğalanacaq".

Ağcabədi rayonunun Sarvanlar kəndindən Hikmət Orucov: "Hörmətli cənab Prezident, düşmən ordusunun Azərbaycan-Ermənistan sərhədində atəşkəsi pozması, lakin igid oğullarımız tərəfindən geri oturdulması onlara növbəti dərs oldu. Mənfur qonşularımız susduruldu. Erməni rəsmilərinin öz itkilərini gizlətməsinə baxmayaraq, ordumuzun onlara vurduğu zərbə nəticəsində verdikləri böyük itkiləri hələ uzun müddət unutmayacaqlar. Cənab Prezident, Sizinlə və şanlı ordumuzla fəxr edirik. Əminik ki, Sizin rəhbərliyiniz, əsgərlərimizin zəfəri ilə torpaqlarımız düşmən tapdağından xilas ediləcək".


Etiketlər:  Vətəndaşlar Prezidentə yazırlar Fəxr edirik Sizin kimi Baş Komandanımız güclü nizami ordumuz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ