Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2020 10:39
12 iyulda Ermənistan tərəfindən Tovuz istiqamətində törədilən silahlı təxribat bütün istiqamətlərdə öz layiqli cavabını aldı.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Ermənistanın təxribatına qüdrətli ordumuz tərəfindən layiqli cavab verilərək düşmən geri otuzduruldu: "Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yayılan video görüntülərdən də aydın olur ki, düşmən xeyli itkiyə məruz qalıb.
Azərbaycan Ermənistanı təkcə döyüşdə deyil, beynəlxalq aləmdə, o cümlədən beynəlxalq təşkilatlarda, ayrı-ayrı ölkələrdə də böyük məğlubiyyətə uğratdı. Xalqımız bu dəfə də Dağlıq Qarabağ məsələsində böyük birlik və həmrəylik nümayiş etdirdi. Ancaq bir məsələni xüsusi qeyd etmək lazımdır ki, xalqımızın birliyi, həmrəyliyi zaman keçdikcə daha da möhkəmlənir, böyüyür. Ölkə daxilində olduğu kimi, xaricdə yaşayan soydaşlarımız da böyük birlik nümayiş etdirərək Ermənistanın təxribatına qarşı yaşadıqları ölkələrdə böyük etiraz aksiyaları, yürüşlər keçirdilər.
Xaricdə yaşayan soydaşlarımız tərəfindən müxtəlif ölkələrdə 40-dan çox aksiya və yürüşlər keçirildi və bu tədbirlərdə 10-dən çox soydaşımız iştirak etdi. Bundan əlavə 25 ölkədə 100-ə yaxın müxtəlif diaspor təşkilatı və fəalları 100-ə qədər bəyanat verib. 20 ölkədə 14 dildə 70 məqalə və xəbər çap edilib. Çox sevindirici haldır ki, xaricdə yaşayan soydaşlarımız belə birlik nümayiş etdirdi və Azərbaycan dövlətinin, ordusunun arxasında sıx birləşdiyini bəyan etdi.
Digər tərəfdən Azərbaycan beynəlxalq təşkilatlardan, ayrı-ayrı ölkələrdən böyük dəstək qazandı. Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, GUAM və digər beynəlxalq təşkilatlar Ermənistanın bu təxribatını qəti şəkildə pisləyən bəyanatlarla çıxış etdilər, onlar Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutmasını qəti şəkildə pislədilər.
Eyni zamanda ürkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop və çoxsaylı deputatlar, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev, Ukrayna Ali Radası sədrinin birinci müavini Ruslan Stefançuk, həmçinin Azərbaycanla dostluq qrupu, Pakistan-Azərbaycan dostluq qrupunun həmsədri, Pakistan Senatının Daimi Komitəsinin sədri Muhəmməd Talha Mahmud, İtaliya Senatının üzvləri Vito Petroçelli, Maria Rizotti, Rossana Boldi, Stefano Luçidi, Cianluka Kastaldi, Paolo Qrimoldi, Kolumbiya Senatının Xarici Əlaqələr Komissiyası, Meksika-Azərbaycan dostluq qrupunun sədri Aqustin Qarsia Rubio, Braziliya Deputatlar Palatasında dostluq qrupunun rəhbəri Klaudio Kaxado, İran parlamentinin deputatları, İctimai Komissiya sədrinin müavini Vali İsmaili, İndoneziya Nümayəndələr Palatasının üzvü Anqiya Erma Rini, İraq Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya, TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Muhammed Xurayçi Niyas Azərbaycanı dəstəkləyən bəyanatlar verdilər.
Bəllidir ki, Ermənistanın siyasi rəhbərliyi bu təxribatı törətməklə müəyyən çirkin məqsədlərinə nail olacaq, daxili prolemlərdən diqqəti yayındıracaq, beynəlxalq aləmdəki uğursuzluqlarını ört-basdır edəcək. Ancaq Ermənistan böyük uğursuzluğa düçar oldu, daha da çətin vəziyyətə düşdü.
Bütün bunlar onu göstərir ki, Azərbaycan bütün parametrlər üzrə Ermənistanı çox geridə qoyub. Burada Ermənistanın yeganə yolu işğal edilmiş Azərbaycan torpaqlarından geri çəkilməkdir. Ermənistan anlamalıdır ki, Azərbaycan gec-tez istər sülh, istərsə də hərbi yolla öz torpaqlarını işğaldan azad edəcək və ərazi bütövlüyünü bərpa edəcək. Ancaq Ermənistan öz xoşu ilə işğal olunmuş torpaqlardan geri çəkilsə onun üçün daha yaxşı olar, əks halda Ermənistan daha böyük fəlakətlə üzləşməli və acı məğlubiyyəti yaşamalı olacaq".