Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2020 16:24
Ölkədə koronavirusa yoluxma halının xeyli azalması həm məsuliyyətli vətəndaşların artması, həm də uzadılan sərt karantin rejiminin nəticəsidir.
Bunu Sonxeber.net-a açıqlamasında həkim-infeksionist Azər Nağıyev deyib.
O bildirib ki, bugünkü günə olan epidemioloji vəziyyət davam edərsə, Operativ Qərargah yumşaldılmaya gedəcək, hamısına olmasa da müəyyən yumşaldılma tədbirləri görəcəklər:
"Karantin rejimi uzadıldı, bir tərəfdən də insanlar indi daha çox məsuliyyəti dərk etməyə, qaydalara daha çox riayət etməyə başladılar. Bu da nəticəsini verdi. Bugünkü günə olan vəziyyət davam edərsə, düşünürəm ki, Operativ Qərargah yumşaldılmaya gedəcək, hamısına olmasa da müəyyən yumşaldılma tədbirləri görəcəklər.
Bir neçə əsas sahələrdə yumşaldılma ola bilər
Birdən bütün sahələrdə yumşaldılmaya getmək qeyri-mümkündür, amma bir neçə əsas sahələrdə yumşaldılma ola bilər. Amma son günlərdə statistika əksinə dəyişərsə, sərtləşdirilmiş karantin rejiminin uzadılması qaçılmaz ola bilər, bir neçə həftə də uzadıla bilər.
Bir neçə il bu şərtlər daxilində yaşamağa artıq məhkumuq
Sosial məsafəyə riayət etmək, tibbi maskadan istifadə zərurəti və gigiyenik qaydalara əməl etməklə, fikrimcə, yaxın aylarda, hətta bir neçə il bu şərtlər daxilində yaşamağa artıq məhkumuq. Bunu etməsək, ən azından xəstəliyin artması, yoluxma halları, bədbəxt sonuclarla qarşılaşa bilərik. Yəni, bu qaydalarla biz uzun müddət yaşamalıyıq. Bu həyat tərzini artq özümüz-özümüzə təlqin etməliyik. Sözügedən 3 qaydanı müvəqqəti qayda kimi yox, ən azından uzunmüddətli bir qayda kimi qəbul etməliyik. Həyat tərzimizə çevirməliyik bu qaydaları".
Həkim-infeksionist qeyd edib ki, tibbi maskadan istifadəyə görə cərimələrin endirilməsi ilə razı deyil:
"Belə götürək, onsuz da, sosial məsafə və gigiyenik qaydalar normal insanın həyat tərzidir, hər hansı bir pandemiya olmasa da. Amma tənəffüs yollarının qorunması, bəli, insan ömür boyu buna riayət etmək məcburiyyətində deyil. Amma belə bir xəstəliklər olanda ola bilər ki, bir neçə ay, yaxud bir neçə il riayət etsin. Hətta tibbi maskadan istifadəyə görə cərimələrin endirilməsi ilə heç razı olmaram. Ya bunu biz könüllü şəkildə etməliyik, ictimai qınaq olmalıdır, hər birimiz bir-birimizə xatırlatmalıyıq, ya da cərimə olmalıdır. Çünki üzümüzə gələn payız aylarında maska taxmamağımız qeyri-mümkündür. Maskadan istifadə mütləqdir. Ona görə ya bunu könüllü, ya məcburi etməliyik.
Mənə elə gəlir ki, artıq ayın 5-dən sonra rayonlara gediş-gəliş üçün yollar açılacaq. Ən azından bir neçə həftə insanların istirahət yerlərinə, doğmalarına baş çəkməyə icazə veriləcək. Bu, mənim subyektiv fikrimdir, çimərliklərin açılması mütləqdir".
Təhməz Təkin