Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2019 19:21
Bakı. Trend:
İqtisadi vəziyyətimiz və gələcək planlarımız tam əminliklə deməyə əsas verir ki, biz ancaq yüksələn xətlə inkişaf edəcəyik.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edərkən sakinlərlə görüşündə deyib.
Dövlət başçısı qeyd edib: "Hər bir yerdə, hər bir rayonda gedən işlər məni sevindirir. Çox şadam ki, Xəzər rayonunda bütün işlər yaxşı gedir, abadlıq-quruculuq, təsərrüfat işləri aparılır. Əvvəlki illərdə də yaxşı nəticələr olub və biz birlikdə ölkəmizi inkişaf etdiririk. Hər bir yerdə hər bir vətəndaş ümumi inkişafımıza öz töhfəsini verir. O ki qaldı, dövlət siyasətinə, bir daha demək istəyirəm ki, biz ölkəmizi gücləndiririk, beynəlxalq mövqelərimizi möhkəmləndiririk, hərbi gücümüzü artırırıq, sosial məsələlərin həllinə çalışırıq. Son dövrdə imzaladığım fərmanlar doğrudan da həm təsirlidir, həm əhəmiyyətlidir, həm də ki, bizim siyasətimizi göstərir. Deyə bilərəm ki, bu fərmanlara başqa ölkələrdə rast gəlinmir. Məsələn, tutaq ki, problemli kreditlər nədən qaynaqlandı? Devalvasiyadan. Devalvasiya nəyə görə baş verdi? Neftin qiyməti 4 dəfə azaldı, gəlirlərimiz, manatın məzənnəsi aşağı düşdü və insanlar bundan əziyyət çəkdilər. Maksimum çalışırdıq ki, vəziyyəti sabitləşdirək, sabitlik olsun, manat sabitləşsin".
Prezident İlham Əliyev qeyd edib ki, artıq uzun müddətdir ki, manat sabit olaraq qalır:
"Bizim indiki iqtisadi və maliyyə vəziyyətimiz onu deməyə əsas verir ki, manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir. İqtisadi, maliyyə imkanı artdıqca biz, ilk növbədə, səylərimizi problemli kreditlərin həllinə yönəltdik və bunu həll etdik, özü də ən yüksək səviyyədə. İndi bu Fərman dərc edilib və orada göstərilən maddələr əminəm ki, kredit borcu olan hər bir vətəndaş üçün çox əhəmiyyətlidir. Bundan 600 mindən çox insan bəhrələnir və artıq kompensasiyaların verilməsi prosesi başlanmışdır.
Əsas odur ki, vətəndaşları narahat edən məsələlər öz həllini tapsın. Hər yerdə, hər bir dövlət məmuru, icra başçısı, bələdiyyə sədri, hər bir dövlət təşkilatında çalışan məmur vətəndaşlara xidmət etməlidir. Mən bunu dəfələrlə demişəm. Əfsuslar olsun ki, hər yerdə belə deyil, elə hallar var ki, vətəndaşları incidirlər, onların haqları tapdalanır, onların problemlərinə biganə yanaşılır. Bilirsiniz ki, mən vətəndaşlarla müntəzəm təmasda oluram. Mən vətəndaşlardan həm problemləri, həm də müsbət tərəfləri eşidirəm. Ona görə hər bir dövlət məmuru bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara xidmət etməkdir və mənim də tələbim bundan ibarətdir. Ancaq buna nail olmaq üçün çox ciddi ictimai nəzarət olmalıdır. Ona görə insanları narahat edən məsələlər, harada ki, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir. Onlar müraciətdə öz əksini tapmalıdır ki, biz bunları həll edək. Əminəm ki, belə də olacaq. Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər. Təyin edilmiş hər bir icra başçısının qarşısına qoyduğum birinci vəzifə bundan ibarətdir".
Dövlət başçısı bildirib ki, vətəndaşlarımızın rifah halı, onların iqtisadi, maliyyə vəziyyəti ildən-ilə daha da yaxşılaşır:
"Əgər əvvəlki dövrü götürsək görərik ki, pensiyalar, maaşlar təqribən 10 dəfəyə yaxın artıb. Ancaq bu gün bu, bizi qane edirmi? Yox. Nə etməliyik? Daha da fəal işləməliyik, iqtisadiyyat daha da sürətlə artmalıdır, sərmayə yatırılmalıdır, bürokratik əngəllər aradan qaldırılmalıdır, biznes qurmaq istəyənin qarşısında süni əngəllər qoyulmamalıdır. Yerli icra orqanları çalışmalıdırlar ki, investisiyaları cəlb etsinlər. Çünki iqtisadi artım olmasa, onda bizim maliyyə imkanlarımız da olmayacaq. Bütün bu məsələlər bir-biri ilə bağlıdır. İndiki iqtisadi vəziyyətimiz və gələcək planlarımız tam əminliklə deməyə əsas verir ki, biz ancaq yüksələn xətlə inkişaf edəcəyik və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəyik".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin