Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha ciddi qorunmaq lazımdır: Mutant virus daha çox insana yoluxa bilər

Daha ciddi qorunmaq lazımdır: Mutant virus daha çox insana yoluxa bilər

Tarix: 8 Avqust 2020 21:57

"Son günlər COVID-19 virusunda mutasiya baş verməsi təsdiq olunub. Bu, qorxulu olmasa da, virusun yoluxduruculuq qabiliyyətini bir qədər artırıb".

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bunu TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanov deyib.

Onun sözlərinə görə, tibdə hər mikrobun yoluxduruculuq indeksi var. Həmin indeks xəstə ilə təmasda olanların neçə faizinin xəstələnməsi deməkdir: "Qrip virusunda həmin indeks təxminən 20-25 faiz təşkil edir. Sadə dildə ifadə etsək, bu, bir qrip xəstəsi ilə təmasda olan 10 nəfərdən iki-üç nəfərin xəstələnməsi deməkdir. Koronavirusda isə yoluxduruculuq indeksi qriplə müqayisədə təqribən iki dəfə çoxdur. Yəni, bir koronavirus xəstəsi ilə təmasda olan 10 nəfərin təxminən beş-altısı xəstələnə bilər".

Professor bildirib ki, mutasiyadan sonra isə bir təmas nəticəsində hər 10 nəfərdən altı-yeddisinin xəstələnməsi mümkündür: "İlk dəfə mutantlar İtaliyada qeydə alındı. Hazırda dünyada dövr edən virusların təqribən 3 faizi mutantdır. Lakin getdikcə həmin faiz çoxalacaq. Çünki virus getdikcə daha çox yayılmağa başlayacaq. Ona görə də bir daha təkrar etmək məcburiyyətindəyəm: bundan sonra daha ciddi qorunmaq lazımdır. Çünki mutant virus ölkəmizə də gəlib çıxa bilər".

Professor diqqətə çatdırıb ki, zaman keçdikcə virus, həmçinin onun orqanizmdə səbəb olduğu dəyişiklər, müalicə tədbirləri haqqında çoxlu məlumatlar meydana çıxır. Hazırda dünya miqyasında tətbiq olunan müalicə tədbirləri əvvəlkindən daha effektlidir. Virusun yayıldığı ilk aylarda xəstəliyin patogenezisi məlum deyildi, kor-koranə şəkildə bəzi antivirus preparatları təyin edilirdi. Nəticədə bir sıra hallarda fəsadlaşmalar və virus pnevmoniyası müşahidə olunurdu. Artıq həkimlər virusla mübarizədə xeyli təcrübə qazanıblar. Aparılan müalicə prosedurları zamanı hansı halda müalicənin daha səmərəli olması izlənilir, hansı preparatların kombinasiyasının daha effektiv olması müşahidə edilir və istifadə olunur.

A.Qurbanov qarşıdan gələn payız mövsümündə xəstəliyin yayılma ehtimalı barədə danışaraq deyib: "Soyuq havada digər tənəffüs yolu infeksiyaları, qrip və qripəbənzər viruslar artmağa başlayır. Bu, koronavirusla eyni dövrə düşsə, pandemiya fonunda daha təhlükəli ola bilər. Hətta ikinci, üçüncü dalğadan da böyük təhlükə doğura bilər. Qoruyucu tədbirlər bizi nəinki koronavirusdan, bütün digər tənəffüs yolu infeksiyalarından müdafiə edir. Ona görə də qorunma tədbirlərinə əməl edilməsi həmin təhlükələrdən qoruyar".

Onun sözlərinə görə, qorunma tədbirlərinə tələb edilən səviyyədə əməl edilsə, virusa yoluxanlar və xəstələnənlər olsa da, ciddi təhlükə və narahatlıq yaranmayacaq.


Etiketlər:  Daha ciddi qorunmaq lazımdır Mutant virus daha çox insana yoluxa bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ