Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2020 12:46
Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.
Şuradan Sonxeber.net-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikasında mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli Sərəncamının 2-ci bəndinə uyğun olaraq özəl ümumölkə teleradio yayımçılarına maliyyə yardımının ayrılması müzakirə olunmuşdur.
Müzakirələrdən sonra Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına ayrılmış 3.0 (üç) milyon manat vəsaitin aşağıda qeyd olunan özəl ümumrespublika teleradio yayımçılarının arasında bərabər bölünməsi qərara alınmışdır:
1. "Lider TV və Radio Azərbaycan" MMC - 500.000 manat
2. "Xəzər TV" MMC - 500.000 manat
3. "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyası - 500.000 manat
4. "ARB 24" MMC - 500.000 manat
5. "Space Müstəqil Teleradio Şirkəti" MMC - 500.000 manat
6. "Real Təhlil İnformasiya Mərkəzi" MMC - 500.000 manat
Lakin "Lider TV və Radio Azərbaycan" MMC-nin müflis elan olunması barədə məhkəmə prosesi davam etdiyi üçün "Lider TV və Radio Azərbaycan" MMC-yə ayrılmış 500.000 (beş yüz min) manat vəsaitin 400.000 (dörd yüz min) manatının birbaşa Milli Televiziya və Radio Şurası tərəfindən "Azərkosmos" ASC və "Radio-televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyi"nə ödənilməsi, 100.000 (yüz min) manatının isə "Lider TV və Radio Azərbaycan" MMC-nin texniki imkanlarının artırılması məqsədi ilə onun öz xəzinə hesabına köçürülməsi məqsədəuyğun sayılmışdır.
İclasda, həmçinin, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün yerüstü yayımçıların televiziya proqramlarında əcnəbi teleserialların yayımının bərpa olunması məsələsi də müzakirə olunmuşdur. Yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə 01 sentyabr 2020-ci il tarixdən etibarən təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul olunmuşdur.
Qərara əsasən, əcnəbi seriallar yalnız 23.00-07.00 vaxt aralığında tam dublyaj olunmuş formada nümayiş oluna biləcək. Bundan əlavə, həftə ərzində hər bir yayımçı 07.00-22.00 arası vaxt aralığında 2 (iki) saat əcnəbi serial yayımlaya biləcək. Yayımçıları yerli serial istehsalına təşviq etmək məqsədilə həftə ərzində həmin vaxt aralığında (07.00-22.00) yayımlanan hər 5 (beş) saat yerli serialdan əlavə 1 (bir) saat əcnəbi serial yayımlanması mümkün olacaqdır.