Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiyadan zərər çəkmiş bu şəxslərə ikinci maliyyə dəstəyinin ödənilməsinə başlanılıb

Pandemiyadan zərər çəkmiş bu şəxslərə ikinci maliyyə dəstəyinin ödənilməsinə başlanılıb

Tarix: 19 Avqust 2020 17:02

İkinci maliyyə dəstəyi proqramı çərçivəsində muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsinə başlanılıb.

İqtisadiyyat Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin tapşırığına və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan vergi ödəyicilərinin muzdlu işçilərinə ikinci maliyyə dəstəyi proqramı çərçivəsində vəsait köçürülməsinə başlanılıb.

Maliyyə dəstəyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, birinci maliyyə dəstəyi proqramı çərçivəsində vəsait almış və dövlət başçısının çağırışına cavab olaraq, işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayı əsas götürülməklə bir aylıq əməkhaqqı fondu həcmində göstərilir və avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

Məlumat verildiyi kimi, maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində vergi ödəyicilərinin yenidən müraciət etmələrinə ehtiyac yoxdur.

Avqustun 19-u tarixinə 2-ci mərhələ çərçivəsində 228.175 muzdlu işçini əhatə edən 22.603 vergi ödəyicisinin bank hesablarına ilkin olaraq 50,38 mln. manat köçürülüb.

Maliyyə dəstəyi proqramının ikinci mərhələsində ödənişlə əhatə olunmuş muzdlu işçilərin sayı birinci mərhələdə vəsait almış muzdlu işçilərin sayından 12.177 nəfər çoxdur ki, bu da şəffaflaşdırma nəticəsində əmək müqavilələri bağlamış işçi saylarının artması ilə əlaqədardır.

Bununla yanaşı, aprel-may-iyun ayları ərzində işçilərinin hamısını (1666 nəfər) ixtisar etmiş 553 vergi ödəyicisinə və işçilərinin sayında ciddi azalmalara yol vermiş 374 vergi ödəyicisinə maliyyə dəstəyi göstərilməsindən imtina edilib.

İndiyədək maliyyə dəstəyi proqramları çərçivəsində 107.191 fərdi (mikro) sahibkara 76 mln. manat məbləğində birdəfəlik maliyyə dəstəyi göstərilib.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.

Ətraflı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3c7VAAt

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/2VlICZ7


Etiketlər:  Pandemiyadan zərər çəkmiş şəxslərə ikinci maliyyə dəstəyinin ödənilməsinə başlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ