Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2020 21:04
"Bu komandaya 5-6 gündür baş məşqçi təyin olunmuşam. İşlərimin çoxluğu səbəbindən jurnalistlərə cavab verə bilmədim. Ona görə üzr istəyirəm".
Qol.az xəbər verir ki, bunu "Keşlə"nin yeni baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
55 yaşlı mütəxəssis bildirib ki, bu, çox vacib oyun idi: "Qələbə qazanaraq, Avropa Liqası matçına yüksək əhval ruhiyyədə çıxmaq istəyirdik. Futbolçularıma təşəkkür edir, rəqibə uğurlar arzulayıram. Düzgün oynayan komanda qalib gəlir, səhv edən komanda uduzacaqdı. Biz səhv etmədən qələbə qazandıq".
Hüseynovun sözlərinə görə, komandanı çempionatın bütün oyunlarını izlədiyi üçün əvvəldən də tanıyıb. Amma o, bütün futbolçulara hələ yüz faiz bələd olmadığını vurğulayıb. Hüseynov Aleksandr Kriştovaodan istədiklərini get-gedə verə biləcəyinə inam ifadə edib.
Daha sonra o bildirib: "Mən son həftədə ancaq "Sumqayıt"ı təhlil etmişəm. Sırf məşq prosesini də buna uyğun etmişəm və Albaniya komandasını düşünməmişəm. Amma sabahdan "Laçi"ni təhlil etməyə başlayacağıq. Rəqibin güclü və zəif tərəflərinə uyğun məşq prosesi keçirəcəyik. Bizim də zəif tərəflərimiz var və bunun üzərində işləyəcəyik.
Y. Hüseynov klub rəhbərliyinin onun qarşısında yaxşı oyun məqsədi qoyduğunu deyib: "Yaxşı oyun olanda yaxşı nəticə də gəlir. Rəhbərlik də yaxşı oyun istəyib".
"Keşlə"nin baş məşqçisi bu yaxınlarda mövqeləri gücləndirəcəklərini söyləyib: "Bunun üçün rəhbərlikdən transfer istəmişəm. Bəyəndiyim iki futbolçu var ki, onlarla danışıqlar gedir".