Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədəki əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA: 3 nəfərə cinayət işi açılıb

Gəncədəki əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA: 3 nəfərə cinayət işi açılıb

Tarix: 24 Avqust 2020 16:21

Yerli icra hakimiyyəti qurumunun vəzifəli şəxslərinin korrupsiya hüquqpozmaları törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumatda bildirilir ki, vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü və kəsərli tədbirlər davam etdirilir.

Belə tədbirlərdən biri kimi, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı, daha sonra isə Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri vəzifəsində işləmiş Məharət Mustafayevin qanunsuz əməlləri ilə əlaqədar vətəndaşların çoxsaylı müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

İstintaq zamanı əldə olunmuş ilkin sübutlar əsasında müəyyən edilmişdir ki, Məharət Mustafayev Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən qabaqcadan əlbir olduğu Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri Əli Rüstəmli və icra hakimiyyətinin digər vəzifəli şəxsləri ilə cinayətkar əlaqəyə girməklə, onların vasitəsilə ayrı-ayrı şəxslərdən müxtəlif vaxtlarda fərdi yaşayış evlərinin layihələndirilməsi və tikinti işlərinin aparılmasına icazə verilməsi, eləcə də digər qanunsuz məqsədlər üçün ümumilikdə 194 min 300 manat məbləğində pul vəsaitini rüşvət qismində ələ keçirməsinə, həmçinin, istehsal fəaliyyətinin davam etdirilməsinə şərait yaradılmasını vəd etməklə, vətəndaşa məxsus 175 min 500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Bundan başqa, Məharət Mustafayevin Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində işləyərkən torpaq sahəsinə dair müvafiq sənədləşmənin aparılması üçün rəhbəri olduğu şöbənin mühəndisi vasitəsi ilə vətəndaşdan 9 min manat məbləğdə pul vəsaitini rüşvət qismində istəyərək almasına və qeyd edilən hərəkətləri ilə vətəndaşların qanunla qorunan maraqlarına ziyan vurmasına əsaslı şübhələr müəyyən edilmişdir.

24 avqust 2020-ci il tarixdə Məharət Mustafayev, Əli Rüstəmli, eləcə də həmin cinayətlərin törədilməsində vasitəçi qismində iştirak etmiş Razin Qəhrəmanov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda təkrar rüşvət alma), 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrikçilik), 29, 178.2 (öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluğa cəhd etmə) və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara qeyd edilən

maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, Məharət Mustafayev və Əli Rüstəmli barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs, Razin Qəhrəmanov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, o cümlədən cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.


Etiketlər:  Gəncədəki əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA nəfərə cinayət işi açılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ