Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2019 10:48
Bakı. Trend:
Bu bir həqiqətdir ki, Azərbaycanın radikal müxalifəti xalqımızın, dövlətimizin əldə etdiyi uğurlara qarşı çıxmağı, bu uğurlara kölgə salmağı özü üçün “ənənə”yə çevirib. Onlar bu uğurlara nəinki sevinmir, hətta düşmən münasibəti bəsləyərək ölkəmizin əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün bütün güclərini səfərbər edirlər. Hətta hər hansı ümumxalq, ümumdövlət məsələsində belə, onlar dövlətin, xalqın marağını satmaqdan çəkinmir, düşmənlərlə eyni sırada dayanırlar. Bir sözlə, bəlli sifarişləri yerinə yetirən bu kəsim istər iqtisadi, istərsə də siyasi müstəvidə əldə olunan nailiyyətlərə mənfi don geyindirməklə məşğuldur. İqtisadi inkişafımız, dövlətimizin dünya siyasi palitrasında mühüm aktorlardan birinə, həmçinin dünyada tolerant, mədəni, sivilizasiyaların dialoq mərkəzi kimi nümunəyə çevrilməsi radikalların faktiki olaraq yuxusunu ərşə çəkib. Bu səbəbdən də onlar “əllərindən gələni əsirgəmir” və bütün vasitələrlə düşmən dəyirmanına su tökməyə davam edirlər.
Təəssüflər olsun ki, Azərbaycanımızın uğurları, nailiyyətləri anti-Azərbaycan dairələri ilə yanaşı, daxildəki “5-ci kolon”un nümayəndələrini də ciddi şəkildə narahat edir. Daxili bədxahlar hər zaman Azərbaycanın istənilən uğurlarına qısqanclıqla yanaşıb, ölkədə ictimai-siyasi sabitliyi pozmaq üçün məişət səviyyəsində olan problemləri şişirtməklə siyasi divident qazanmağa çalışıblar. Azərbaycan ictimaiyyəti qaragüruhçuların bədxah əməllərini “Eurovision”, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 zamanı açıq şəkildə görüblər. Adıçəkilən tədbirlərin iqtisadi, həmçinin siyasi baxımdan ölkəmiz üçün olduqca əhəmiyyətli olmasına baxmayaraq, kvaziqruplar Azərbaycan cəmiyyətinin iradəsinin əksinə çıxmaqla xarici anti-Azərbaycan dairələrinin siyasi sifarişlərini həyata keçiriblər. Elə yaxın günlərdə start götürəcək Formula 1 yarışları ərəfəsində də Azərbaycan dövlətinin əleyhinə çirkin kampaniya başladıb və bununla da ölkəmizin imicinə zərbə vurmağa, avtoyarışın əhəmiyyətini azaltmağa səy göstərirlər.
Hər zaman olduğu kimi, bu çirkin kampaniyanın başında da AXCP sədri Əli Kərimli dayanır. Bu, həmin Əli Kərimlidir ki, 1992-1993-cü illərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə şərait yaratmış, ölkəni vətəndaş müharibəsi həddinə çatdırmış AXC-Müsavat hakimiyyəti dövründə dövlət katibi vəzifəsini daşıyırdı. Həmin illərdə Azərbaycanın igid oğulları Qarabağı düşmən tapdağından azad etmək üçün döyüşə atılarkən Əli Kərimli Bakıda bəlli ölkələrin kəşfiyyat qurumlarının siyasi sifarişlərini reallaşdırırdı. Xalqın AXC-Müsavat hakimiyyətini devirdikdən sonra belə, Əli Kərimli şəxsi və ailə maraqları naminə Azərbaycan dövlətinin və xalqının mənafeyini satmaqla məşğul oldu. Təsadüfi deyil ki, müxalifətdə xəyanətkar adı qazanan Əli Kərimli Əbülfəz Elçibəyə xəyanətdə, AXCP-ni parçalamaqda günahlandırılır.
Əli Kərimli, onun yaxın siyasi tariximizdəki separatizm və xəyanətləri yenə siyasi gündəmin mövzusudur. Son 25 ildə müxalif düşərgədəki siyasi durumdan asılı olmayaraq, Əli Kərimlinin mənfi reputasiyası zaman-zaman gündəmə gəlib. Bu şəxsin adı müxalif düşərgədən gizli danışıqlara girən ilk siyasətçidən tutmuş, Əbülfəz Elçibəyin zəhərlənməsinə qədər ən ilginc olaylarda hallanıb. Söhbət təkcə Əbülfəz Elçibəyin zəhərlənməsindən getmir, digər bulanıq-çirkli məsələlərdə də məhz Əli Kərimlinin adı həmişə öndə olur. Əli Kərimli onun kimi düşünməyənlərə, onun ətrafında olmayanlara, onun liderliyini qəbul etməyənlərə “satqın” damğası vurmağa vərdiş edib.
Əli Kərimlinin təhdid və qorxu dolu daxili dünyası gerçəklərini qiymətləndirməsinə maneə olur. Onun ən böyük gerçəyi yalandır. Buna görə, tez-tez haqqında olan gerçəkləri gözdən itirməyə çalışır. Daha doğrusu, apardığı analizlərində həqiqətlərin qəlibinə öz gerçəklərini doldurur. Bu gerçəkləri qorumaq üçün əl atmadığı variant, üz tutmadığı yol yoxdur. O, heç vaxt özündən başqasını anlamayıb. Çatmaq istədiyi məqsədləri uğrunda rahatlıqla ən yaxın adamını belə əzməyə hazırdır. Bu səbəbdən də AXCP-yə maliyyə gəliri qazandıran sənaye müəssisəsi kimi baxan Əli Kərimli, onun keçmiş müavini Razi Nurullayevin dediyi kimi, cəbhəçiləri portağal qabığı kimi soyur. O, həmişə cəbhəçilərin ən kiçik istəklərini belə özünə qarşı təhdid kimi görüb.
Bütün işi-gücü şər, böhtan, yalan yaymaq, dezinformasiyalarla insanları çaşdırmaq, yalnız hakimiyyətə qarşı təxribat törətmək, cəmiyyəti qarışdırmaq olan Əli Kərimlini Azərbaycan düşündürsəydi, ailəsini ölkədən kənarda saxlamazdı, oğlu Türkel Kərimlini hərbi xidmətdən yayındırıb ABŞ-a qaçırmazdı. Əli Kərimli xəyanətkar olduğundan bir dəfə də olsun Qarabağı işğal edən ermənilərdən, onları müdafiə edənlərdən bəhs etmir, anti-Azərbaycan qüvvələrə qarşı çıxmır, erməni fondlarından gələn pullardan imtina etmir. Çox maraqlıdır ki, Əli Kərimli bu günə qədər xalqımızın və dövlətimizin uğurlarından, nailiyyətlərindən bir kəlmə belə olsun danışmayıb, yazmayıb. Görünür, Əli Kərimli özünü azərbaycanlı, bu torpağın övladı hesab etmir.
Görünən odur ki, Əli Kərimli Azərbaycan dövlətinin və xalqının düşməni kimi yalnız ölkəmizin uğursuzluğunu arzulayır, Vətənimizin dara düşməsi üçün düşmənlərimizin əlində maşa olmağı özünün həyat amalına çevirib.
Əminəm ki, zaman gələcək, vətən xaini olan Əli Kərimli satqınçılıq əməllərinə görə bu xalq, bu millət qarşısında cavab verəcək.
Vüqar Rəhimzadə,
“İki sahil” qəzetinin baş redaktoru,
Əməkdar jurnalist
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin