Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 13:48
Bu gün Azərbaycan kino və teatr sənətinin əfsanələrindən olan mərhum xalq artisti Yaşar Nurinin doğum günüdür.
Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, Yaşar Nuri 1951-ci il sentyabrın 3-də dövrünün məşhur aktyorlarından olan Məmmədsadıq Nuriyevin ailəsində anadan olub.
Mərhum aktyor səhnəyə ilk dəfə on yaşında çıxıb. Belə ki, Dövlət Musiqili Komediya Teatrında "Toy kimindir" tamaşasında Tapdıq rolunu oynayan gələcəyin sənətkarı ardınca "Yelkən" verilişinin aparıcısı olur. Bundan sonra isə "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edir.
1968-ci ildə Dövlət İncəsənət İnstitutuna daxil olan gənc istedad Rza Təhmasib və Əliheydər Ələkbərov kimi sənətkarlardan aktyorluq sənətinin sirlərini öyrənir. Hərbi xidmətdən sonra təhsil aldığı ali məktəbin tədris teatrında iki il işləyir və 1974-cü il dekabr ayının 1-dən etibarən Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunur.
Sənətkar fəxri adı da gənc yaşında alır. Belə ki, 1981-ci ildə 30 illik yubileyində o dövlət tərəfindən fəxri ada layiq görülür. Cəmi 38 yaşında isə sənətkara "Xalq artisti" fəxri adı verilir.
Yaradıcılığı ərzində istər kinoda, istər teatrda onlarla obrazlar yaradan sənətkar 22 noyabr 2012-ci ildə Bakı şəhərində Mərkəzi Gömrük Hospitalında vəfat edib.