Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İşğalçı Ermənistan beynəlxalq hüququn prinsiplərini pozmaqda davam edir

İşğalçı Ermənistan beynəlxalq hüququn prinsiplərini pozmaqda davam edir

Tarix: 8 Sentyabr 2020 18:12

Azərbaycanın dinc mülki əhalisinə qarşı hər dəfə ardıcıl hücumlar çərçivəsində atəş açan Ermənistan silahlı qüvvələrinin bölmələri müasir beynəlxalq humanitar hüququn təməlini təşkil edən Cenevrə Konvensiyasını pozaraq müharibə cinayətləri törətməkdə davam edir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu fikirlər Bakı nikah evinin müdiri, baş ədliyyə müşaviri İradə İsgəndərovanın "İşğalçı Ermənistan beynəlxalq hüququn prinsiplərini pozmaqda davam edir" sərlövhəli məqaləsində yer alıb.

Məqalədə bildirilir ki, iyulda Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq ağır artilleriya qurğuları ilə mövqelərimizi və dinc əhalinin evlərini atəşə tutublar. Törədilən təxribat Ermənistanın işğalçı siyasətindən əl çəkmədiyinin sübutudur.

Həmin aktlar bir daha göstərir ki, Ermənistan tərəfi münaqişənin sülh yolu ilə həll edilməsində qəti şəkildə maraqlı deyil və Tovuz bölgəsinin atəşə tutulması dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağ və işğal olunmuş rayonlardan yayındırmaq məqsədini daşıyır.

Ermənistan-Azərbaycan sərhədində yeni münaqişə ocağını yaratmağa çalışan təcavüzkar dövlətin niyyətlərindən biri məhz Şərq-Qərb xəttində nəqliyyat, o cümlədən enerji və kommunikasiya xətləri üçün təhlükə yaratmaqdır. Bununla yanaşı, hazırda Ermənistanda daxili sabitliyin pozulması, xüsusilə də COVID-19 pandemiyası ərəfəsində virusla mübarizə sahəsində fəaliyyətsizliyini, iqtisadi böhran, güclü siyasi qarşıdurmalar, narazılıq və etirazlar fonunda Paşinyan hökuməti əhalinin diqqətini daxili problemlərdən yayındırmağa çalışır.

BMT Baş katibinin COVID-19 pandemiyası ilə bağlı qlobal miqyasda atəşkəs çağırışına baxmayaraq, Ermənistanın bu təxribatçı hərəkətlərə məhz bütün beynəlxalq ictimaiyyətin COVID-19 virusuna qarşı mübarizə apardığı bir vaxtda yol verməsi təcavüzkar dövlətin yalnız işğalçı siyasətini həyata keçirməsi deməkdir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyinin, göstərdiyi xüsusi diqqət və qayğının göstəricisi olaraq qüdrətli Azərbaycan Ordusunun daim yüksək döyüş hazırlığında olması nəticəsində düşmənə adekvat cavab verilərək susdurulub. Həm 2016-cı ilin Aprel döyüşlərində, həm də iyulda baş verən Tovuz hadisələrində Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatın qarşısının alınmasında ordumuzun gücünə bir daha şahid olduq. Azərbaycan xalqı isə Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ordumuza və dövlətimizə dəstək oldu.

Qürurverici haldır ki, Tovuz istiqamətində baş verən bu təcavüzdən sonra bir sıra beynəlxalq təşkilatlar və xarici dövlətlər ölkəmizə dəstək olduqlarını bildirdilər. Bu, dövlətimizin başçısı İlham Əliyevin uğurlu xarici siyasətini bir daha nümayiş etdirdi. Ermənistanın sərhəddəki təxribatı ilə bağlı ən böyük dəstəyi göstərən Türkiyənin siyasi və hərbi rəhbərliyi qəti şəkildə və o cümlədən sərt üslubda Azərbaycanı müdafiə edən bəyanatlar verdi. Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı da Azərbaycanı qətiyyətlə dəstəkləyən bəyanatlar verdilər. Üzvlərinin sayına görə BMT-dən sonra dünyanın ən böyük siyasi təşkilatı olan Qoşulmama Hərəkatının Ermənistanın hərbi təxribatı ilə bağlı qəbul etdiyi kommünike isə 120 ölkənin Azərbaycana dəstəyinin ifadəsi oldu. Bundan əlavə, İtaliya parlamentinin üzvlərinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, eləcə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlarla çıxış etmələri mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir.

Son hadisələr bir daha onu göstərdi ki, təcavüzkar Ermənistan sülhə məcbur edilməli və açıq-aşkar işğalçı siyasət yürütdüyünə görə ona qarşı təzyiqlər artırılmalı, bu siyasətə son qoyulması üçün qəti addımlar atılmalı və işğalçı dövlət beynəlxalq birliyin iradəsinə tabe etdirilməlidir. Əks təqdirdə, dövlətimiz BMT-nin Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq ərazilərini azad etməkdə haqlıdır.

Biz hamımız əminik ki, münaqişə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı çərçivəsində həllini tapacaq, qaçqın və məcburi köçkünlər doğma torpaqlarına qayıdacaqlar.


Etiketlər:  İşğalçı Ermənistan beynəlxalq hüququn prinsiplərini pozmaqda davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ