Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2020 09:56
Bakı. Elçin Mehdiyev - Trend:
Rusiyanın Ulyanovsk şəhərində fəaliyyət göstərən Azərbaycan diasporu şəhərin Xalqlar Dostluğu Parkında qazax qızının rəmzi sayılan “Əlində gül olan qız” abidəsini bərpa etdirməklə yerli sakinləri sevindirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin (URAMMM) sədri İslam Hüseynov bildirib ki, yerli sakinlər sosial şəbəkə vasitəsilə diasporumuza müraciət edərək, abidənin bərpa olunmasını xahiş ediblər: "Soydaşlarımız tanınmaz hala düşmüş abidənin əvvəlki formasının bərpa olunması məqsədilə Rusiya Rəssamlar İttifaqının üzvü, heykəltəraş, Ulyanovsk Dövlət Universitetinin dizayn kafedrasının dosenti Oleq Klyuyevi bu işə cəlb ediblər. Bərpa prosesi zamanı heykəltəraşa URAMMM fəalı Mehdi Mehdiyev də kömək göstərib. Nəticədə abidənin qopmuş hissələri bərpa olunub, üzərindəki ləkələr təmizlənib və ağ rəngdə boyanıb. Eyni zamanda, soydaşlarımızın yardımı ilə abidənin olduğu ətraf ərazi də abadlaşdırılıb.
“Bu, Şəhər günündə sevimli Ulyanovsk şəhərimizə hədiyyəmizdir. Xalqlar Dostluğu Parkının bərpa olunması bizə yaxın mövzudur. Onun tam yeniləşməsini, bu məkana əvvəlki əzəmətin, gözəlliyin, harmoniyanın qayıtmasını çox istərdik. Bizi bu işə sövq edən insanlara təşəkkürümüzü bildiririk. Ulyanovskı bizim kimi sevən həssas şəhər sakinləri ilə görüşmək həmişə xoşdur”.
Qeyd edək ki, 2014-cü ildə soydaşlarımız parkda Azərbaycana həsr olunan hissəni, ötən il isə rəqs medançasını və Gürcüstana məxsus barelyefi bərpa ediblər.