Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tural Gəncəliyev: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir

Tural Gəncəliyev: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir

Tarix: 12 Sentyabr 2020 12:28

Bakı. Trend:

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik tərkibi dəyişdirmək məqsədilə orada qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir.

Trend-in məlumatına görə, bu barədə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyevin İspaniyanın "Style International" nəşrində yer alan məqaləsində deyilir.

Müəllif qeyd edir ki, bu, 1949-cu il Cenevrə konvensiyaları da daxil olmaqla beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması deməkdir:

"Ermənistan Suriyadan və Livandan etnik erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirir və bununla da azərbaycanlılara məxsus mədəni və tarixi abidələri məqsədli şəkildə məhv edir".

Məqalədə qeyd olunur ki, Ermənistan Azərbaycan ərazilərinin işğalını ört-basdır etmək üçün işğal olunmuş Dağlıq Qarabağ regionunda yaşayan erməni icmasının "öz müqəddəratını təyinetmə" prinsipini əsas tutduğunu iddia edir. T.Gəncəliyev yazır ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində marionet rejim yaradıb:

"Son illərdə Ermənistan işğalın nəticələrini möhkəmləndirmək üçün Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətini daha da intensivləşdirib. Beynəlxalq ictimaiyyətin etinasız münasibətindən ruhlanan Ermənistan bu illər ərzində Azərbaycan ərazilərinin işğalını daha da genişləndirmək üçün çoxsaylı təxribatlara əl atıb. Son təxribat cəhdləri 2016-cı ilin aprel və 2020-ci ilin iyul aylarında törədilib. Ermənistan Müdafiə naziri Azərbaycanı "yeni ərazilər üçün yeni müharibə" ilə hədələyir. Ermənistan baş nazirinin xanımı Anna Hakobyan isə bu yaxınlarda Azərbaycanın işğal olunmuş ərazilərində erməni qadınları üçün hərbi təlimlər təşkil edib. “Ermənistanın “sülhsevər” Baş nazirinin hərbi forma geyinmiş “sülhsevər” arvadının başqa bir ölkənin ərazisində nə işi var?"

Daha sonra qeyd olunur ki, Ermənistan mövcud danışıqların formatını dəyişdirməyə çalışır:

"İşğal faktını ört-basdır etmək və törədilən cinayətlərə görə məsuliyyətdən yayınmaq üçün Yerevan Dağlıq Qarabağ bölgəsinin erməni icmasını Ermənistanla Azərbaycan arasındakı münaqişənin "tərəfi" kimi təqdim edir. Sözügedən cəhdlər ATƏT-in müvafiq sənədlərində təsbit edilmiş danışıqlar formatına tamamilə ziddir. Dəfələrlə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasına dialoq təklif etmişik. Ancaq təəssüf ki, təkliflərimiz həmişə rədd edilib. Bu, Ermənistanın danışıqlarda və sülhdə maraqlı olmadığını əyani sübut edir. Ermənistanın məqsədi danışıqlar prosesini dayandırmaq və işğal edilmiş Azərbaycan ərazilərini ilhaq etməkdir. Ermənistan silahlı qüvvələrini işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmalı və bir milyondan artıq məcburi köçkünün öz evlərinə qayıdışı təmin edilməlidir. Münaqişə yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Biz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması, bölgənin erməni icması ilə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində birgə yaşamağa hazırıq".


Etiketlər:  Tural Gəncəliyev Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir


RƏYLƏR