Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2020 20:45
Bakı. Trend:
“Baku Network” ekspert platformasında “Qafqaz Albaniyası irsi” mövzusunda videokonfrans keçirilib.
Trend-in məlumatına görə, tədbir on il əvvəl Şəkinin Kiş kəndində Qafqaz Albaniyasına məxsus kilsənin restavrasiyası üçün birinci ekspedisiyanın təşkil olunmasının ildönümü ilə əlaqədar təşkil olunub.
Konfransda tədbirin moderatoru, “Baku Network” Ekspert şurasının direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov, tarix elmləri doktoru Məhəbbət Paşayeva, Rusiya Federasiyası Volqoqrad vilayətinin udin icmasının sədri, fəlsəfə elmləri doktoru Riçard Danakar, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, alban-udin xristian icmasının sədri Robert Mobili, azərbaycanlı tarixçi və ekspert Rizvan Hüseynov, eləcə də Trend BİA-nın baş direktor müavini Gülnarə Məmmədzadə çıxış ediblər.
Elxan Ələsgərov qeyd edib ki, on il əvvəl Azərbaycan hökumətinin tapşırığı ilə Elmlər Akademiyasının böyük ekspedisiyası Şəki rayonunun Kiş kəndinə gedib və burada qədim xristian kilsəsinin restavrasiyası işləri başlayıb:
“Bu həmin dövrdə idi ki, Azərbaycan müharibə ilə bağlı yaralarını təzə-təzə sağaldırdı və ölkənin nəhəng maliyyə ehtiyatları yox idi. Amma buna baxmayaraq, Azərbaycan tarixi əhəmiyyət daşıyan böyük addım atdı. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan azsaylı, amma Qafqazın ən qədim xalqı, xristian Qafqaz Albaniyasını məskunlaşdıran udinlərə və digər xalqlara doğru addım atdı və kilsəni restavrasiya edərək açdı. Fikrimcə, bu, ərazisinin 20 faizinin işğaldan azad edilməsi ilə məşğul olan, bir milyon qaçqının həyat şəraitini təmin etməli olan və təmin edən bir ölkənin, eyni zamanda azsaylı, amma Azərbaycan üçün doğma olan udin-alban icmasına əl uzatması ilə bağlı dünya tarixində misilsiz bir addımdır”.
E.Ələsgərov qeyd edib ki, Azərbaycanda çox güclü albanşünaslıq ənənələri var:
“Söhbət bir xalqın deyil, xristianlıq dövründə Azərbaycanda məskunlaşmış bütün xalqların irsindən gedir. Azərbaycan bu irsi azsaylı udin icmasının simasında saxlayıb. Hesab edirəm ki, bu, həmin icmanı hər yolla assimilyasiya etməyə çalışmış bir çox ölkə üçün nümunədir. Burada ərazilərimizi işğal etmiş və alban kilsəsini erməni kilsəsi kimi qələmə verməyə çalışan Ermənistanı qeyd etmək lazımdır. Azərbaycan qədim xristian kilsələrini bərpa etməklə dünya sivilizasiyasının tarixi irsinin qorunması işinə böyük töhfə verdiyi vaxtda, qədim xristian dövləti adına iddia edən Ermənistan utanmadan alban kilsələsini özününkü kimi qələmə verir və hər yerdə müsəlman məbədlərini vəhşicəsinə dağıdır. Azərbaycan və buranı məskunlaşdıran xalqlar Qafqaz Albaniyasının və bu ərazidəki digər dövlət quruluşlarının varisləridir”.