Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2020 14:02
Bizim başqa dərdimiz yoxdur, 30 ildir torpaq, namus davası aparan xalq da biz deyilik. Sosial şəbəkələrdə müzakirə edəcəyimiz tək dərdimiz "şortik" kimi məişət səviyyəsində olan məsələlərdir.
Bu qənaətə son iki gündə Facebook lentimə göz gəzdirəndən sonra gəldim. Özümü bir anlıq Baden-Badenin mavi gecələrində şam yeməyinə çıxmağa hazırlaşan insanların geyim seçimi zamanı tərəddüdlərini izləyən xidmətçi kimi hiss etdim. Bir özümə baxdım, bir də yaşadığım kənd həyatına. Amma bir az özümü "Sehirli xalat"dakı Xana da bənzətdim. Dərhal şalvarımın balağını corabımın içindən çıxartdım. Məni bu sıxıntıdan telefonumun ekranına gələn bildiriş ayırdı: "Sürücülük vəsiqəsi imtahanına gələn "şortik"li kişilər imtahana buraxılmayacaqlar".
Nə baş verir? Ermənilərlə 30 illik papaq davamız qalıb qıraqda, Bakıda şortik "davası" gedir?
Sosial şəbəkələrdə qeyri-ciddi paylaşımlar günbəgün artır. Kimisi nə yazdığını bilmir, kimisi də qonşudan geri qalmaq istəmir. Axı biz bu deyilik. Sosial şəbəkələrdə yazacaqlarımız, paylaşacaqlarımız geyimimizi, gedəcəyimiz yeri, zümzümə edəcəyimiz mahnını seçəcəyimiz qədər sadədir. Amma əksəriyyət niyə bu qədər bəsitliyin arxasınca düşüb, bu "silah"dan havaya atəş açmaqla məşğuldur. Hədəf seçməliyik, amma nəzərə almalıyıq ki, bizi hədəf alan, onsuz da, kifayət qədərdir.
Cəbhədə son vaxtlar vəziyyət olduqca gərginləşib, bəlkə də atəşkəsdən bəri bu qədər müharibəyə yaxın olmamışıq. Sosial medianın imkanlarının ölkələrdə inqilablara gətirəcək qədər böyük gücə sahib olduğunun dəfələrlə şahidi olmuşuq. Amma bizim düşmənimiz bəllidir. Bu gün Azərbaycandan qat-qat iqtisadi və hərbi gücü zəif olan Ermənistanın yeganə üstünlüyü məhz informasiya sahəsindədir.
İsrailin doqquzuncu prezidenti, Şimon Peres gözəl nitqlərindən birində deyir: "Məndən bəzən soruşurlar: Arxaya baxanda, ən böyük səhvləriniz hansılardır? Mən cavab verirəm: Biz fikirləşirdik ki, arzularımız böyükdür. İndi isə başa düşürük ki, onlar elə də böyük olmayıblar. Daha çoxunu arzulayın. Arzunuz nə qədər çox olsa, o qədər çoxa nail olacaqsız. Bunu sizə niyə danışıram? Mən hələ də gənc qız və oğlanlara deyirəm, dostlar, sizdə sizin düşündüyünüzdən daha çox şey var. Sizdə torpağın sizə verəcəyindən daha çox şey var. Siz sizə verilməyən nəsnələri istehsal edə bilərsiniz. Bu, hər kəs üçün bir dərsdir".
Mən də "şortik" haqq-hesabından sonra Peresin insanlıqla bağlı söylədiklərinin elə sosial şəbəkədə şahidi oldum. Bir neçə gün öncə Qazaxda yolla hərəkət edən Dövlət Sərhəd Xidmətinin hərbçilərini əsgər salamı ilə qarşılayan azyaşlının fotosunu görən əsl azərbaycanlı qürurlanmaya bilməz. 7 yaşlı Eltonun bu görüntüsü bəlkə bizi bizə qaytaran məqam olacaq, bəlkə də əmisi, dayısı, atası yaşda kişilərə torpaq davası et, "şortik" yox deyəcək. Xalqı rüşvətə alışdıran da, dövlətin, dövlətçiliyin imicinə xələl gətirənlər də elə ciddi kostyumlarda kabinetlərdə oturub, qalstukunu çənəsinəcən dartan məmurlar olub. Amma bu gün bizim daha böyük problemimiz var, torpaq! Bari, bu məqamda bir olaq.
Təhməz Əsədov