Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Valentina Matviyenko: Azərbaycan bizim üçün strateji tərəfdaş olub və belə olaraq da qalır - FOTO

Valentina Matviyenko: Azərbaycan bizim üçün strateji tərəfdaş olub və belə olaraq da qalır - FOTO

Tarix: 22 Sentyabr 2020 19:27

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Rusiya Federasiyasında səfərdədir.

Milli Məclisdən Sonxeber.net-a bildirilib ki, səfər çərçivəsində sentyabrın 22-də Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdü.

Milli Məclisin Sədri Sahibə Qafarovanı və Azərbaycan nümayəndə heyətini salamlayan Valentina Matviyenko azərbaycanlı parlamentariləri Rusiyada görməkdən məmnunluğunu bildirdi. Diqqətə çatdırdı ki, bu, Sizin Milli Məclisin Sədri kimi Rusiyaya ilk səfərinizdir və biz bunu yüksək qiymətləndiririk. Rusiyalı Spiker daha sonra dedi: "Bu, Rusiya parlamenti ilə Azərbaycan Milli Məclisi arasındakı mövcud sıx münasibətləri davam etdirmək baxımından hörmət əlaməti və çox yaxşı niyyətdir. Azərbaycan bizim üçün strateji tərəfdaş olub və belə olaraq da qalır. Parlamentlərarası əməkdaşlıq sözsüz ki, dövlətlərarası münasibətlərin qurulmasında vacib rol oynayır. Biz Sizin səfərinizi gözləyirdik və buna böyük əhəmiyyət veririk. Hesab edirəm ki, bu görüş parlamentlərarası dialoq çərçivəsində, ikitərəfli münasibətlərin gündəmində saatların qurulması, narahatedici beynəlxalq problemlərin müzakirəsi, parlamentlərarası əməkdaşlığın gələcək inkişafı baxımından yaxşı imkandır".

Görüşdə Valentina Matviyenko XXI əsr bəşəriyyətin bəlası olan COVİD-19-la mübarizədə Azərbaycanın atdığı addımları yüksək qiymətləndirərək, bu sahədə ölkəmizin Rusiyaya verdiyi dəstəyə görə təşəkkür etdi.

Söhbət zamanı Valentina Matviyenko Milli Məclisin Sədri Sahibə Qafarovanın sabah Federal Məclisin Federasiya Şurasında nəzərdə tutulan çıxışı barədə danışaraq qeyd etdi ki, "Demək olar ki, sabahkı sessiyanın ilk iclasını Siz açacaqsınız".

Səmimi qəbul üçün təşəkkürünü bildirən Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan nümayəndə heyətini Rusiyaya dəvət etdiyinə görə Valentina Matviyenkoya təşəkkür etdi. Milli Məclisin Sədri bu səfərin və keçiriləcək görüşlərin iki ölkənin uğurla inkişaf edən parlamentlərarası münasibətlərinə yeni impuls verəcəyinə əminliyini ifadə etdi. Bildirdi ki, iki ölkə arasındakı hərtərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında dövlət başçıları İlham Əliyevin və Vladimir Putinin siyasi dialoqu və çoxsaylı qarşılıqlı səfərləri mühüm rol oynayır.

İki ölkə arasında humanitar və mədəni sahələrdə münasibətlərdən danışan Sahibə Qafarova qeyd etdi ki, bu əlaqələr heç də iqtisadi və siyasi əlaqələrdən az rol oynamır. Milli Məclisin Sədri iki ölkənin humanitar və mədəni sahələrdə əməkdaşlığının inkişafına Azərbaycanın birinci Vitse-prezidenti Mehriban xanın Əliyevanın böyük töhfələr verdiyini xatırlatdı. Bildirdi ki, Prezident Vladimir Putin iki ölkə arasındakı humanitar və mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə hörmətli Mehriban xanım Əliyevanı 2019-cu ilin noyabrında "Dostluq" ordeni ilə təltif edib və mükafatı təqdim edərkən bildirib ki, "Mehriban xanım Əliyeva Rusiyanın əsl dostudur."

Milli Məclisin Sədri diqqətə çatdırdı ki, Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişafında sözsüz ki, ölkələrimizin parlamentləri də böyük əhəmiyyət daşıyır.
Həm Milli Məclisdə, həm də Federal Məclisdə dostluq qrupları fəaliyyət göstərir. Ümid edirik ki, pandemiya başa çatandan sonra Rusiya və Azərbaycan müxtəlif parlament təşkilatlarında əməkdaşlığı davam etdirəcəklər.

Sahibə Qafarova Azərbaycanda və Rusiyada keçirilən seçkilərdə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatların müşahidə missiyalarının, ilk növbədə isə MDB Parlamentlərarası Assambleyası çərçivəsində müşahidə missiyalarının qarşılıqlı təcrübə mübadiləsinin faydalı olduğunu xüsusi qeyd etdi. Sədr Milli Məclis və Federal Məclis arasında daimi fəaliyyət göstərən İkitərəfli parlamentlərarası komissiyanın bizim qarşılıqlı münasibətlərimizin inkişafına əvəzolunmaz töhfə verəcəyinə əminliyini ifadə etdi. Milli Məclisin Sədri yaxın gələcəkdə Parlamentlərarası komissiyanın 15 illik yubiley iclasının keçiriləcəyinə ümidvar olduğunu diqqətə çatdırdı.

Spiker Sahibə Qafarova Azərbaycanın Rusiya Federasiyasının subyektləri ilə əlaqələrə də böyük önəm verdiyini qeyd etdi. Bununla bağlı nəzərə çatdırdı ki, Azərbaycan Parlamentinin Dağıstan Respublikasının Milli Məclisi və Sankt-Peterburqun Qanunvericilik Məclisi ilə sıx əlaqələri mövcuddur.

Görüş zamanı Dağlıq Qarabağ problemi barədə danışan Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, bu, təkcə Azərbaycan üçün deyil, bütün region üçün ağrılı münaqişədir və artıq 30 ildən artıqdır ki, mövcuddur. Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması və 1 milyon qaçqının mövcudluğu çox böyük problemdir. Münaqişənin həllinə dair BMT Təhlükəsizilik Şurasının 4 qətnaməsi, NATO-nun, AŞPA-nın, ATƏT-in qəbul etdiyi sənədlər bu gün də icra olunmamış qalır. Ermənistan bu beynəlxalq təşkilatları saymır və təəssüf ki, Ermənistana beynəlxalq birlik tərəfindən adekvat reaksiya göstərilmir. 1994-cü ildə atəşkəs haqqında Bişkekdə razılaşma imzalanmasına baxmayaraq atəş demək olar ki, bir gün də kəsilməyib. Bu atəş nəticəsində dinc əhali, yaşlılar, uşaqlar qətlə yetirilir.

Ermənistanın sonuncu ən təhlükəli təxribatı isə bu il iyulun 12-də baş verdi. Bu ona görə çox təhlükəli idi ki, bu hadisələr Qarabağda yox, Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu hissəsində baş verdi. Nəticədə hərbi qulluqçular, dinc əhali həlak oldu, dağıntılar baş verdi. Bu təxribatlar bu gün də davam edir və Müdafiə Nazirliyinin məlumatına görə, dünən də Azərbaycanın bir hərbi qulluqçusu həlak oldu. Hadisələrin gedişatı onu göstərir ki, Ermənistan böyük müharibəyə hazırlaşır. Münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun həmsədri kimi biz Rusiyanın problemin tezliklə aradan qalxmasında səylərini artıracağına ümid edirik.

Görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova həmkarını ona uyğun bir vaxtda Azərbaycana rəsmi səfərə dəvət edərək dedi: "Əminəm ki, bugünkü görüş, ümumilikdə səfərimiz Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcək".

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Etiketlər:  Valentina Matviyenko Azərbaycan bizim üçün strateji tərəfdaş olub belə olaraq qalır FOTO


RƏYLƏR