Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2020 11:12
Bakı. Samir Əli - Trend:
Son müddət ərzində Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 8 kiloqram 68 qram narkotik vasitənin və 8809 ədəd psixotrop həbin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, 15 sentyabr tarixində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 1 nəfər şəxsin hərəkəti və sərhədboyu ərazidə naməlum avtonəqliyyat vasitəsinin olması sərhəd naryadı tərəfindən müşahidə edilib.
Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu əlindəki əşyanı ataraq ərazinin sıx qamışlıq və meşəlik olmasından istifadə edərək geriyə qaçmışdır. Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilmiş, nəticədə 1 ədəd bağlama içərisində ümumi çəkisi 2 kq 950 qr narkotik vasitə (2 kq “tiryək” və 950 qr “metamfetamin”) aşkar olunaraq götürülüb.
Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə hərəkətdə olan və hadisə yerindən uzaqlaşmağa çalışan “Kia Rio” markalı 99-HX-897 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi saxlanılıb.
Avtomobildə saxlanılan şəxslərin Salyan rayon sakinləri 1987-ci il təvəllüdlü Babayev Əliağa Rəsul oğlu və 1993-cü il təvəllüdlü Kazımzadə Nicat Zaur oğlu olması müəyyənləşdirilmişdir. Araşdırma zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.
Həmin gün Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsindədə İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 1 nəfər şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.
Sərhəd zastavası dərhal “silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış və sərhəd naryadı tərəfindən həmin şəxsə “dayan” əmri verilmişdir. Nəticədə xidməti ərazidə hərəkətdə olan şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılmış və ondan 1 ədəd bağlama götürülmüşdür. Saxlanılan şəxsin İran İslam Respublikası vətəndaşı 1969-cu il təvəllüdlü Pənahi Qulaməli Məhəmmədəli oğlu olması müəyyənləşdirilib. Əlindəki bağlamaya baxış zamanı ümumi çəkisi 942 qram narkotik vasitələr (575 qr “heroin”, 300 qr “metamfetamin”, 1 qr “metadon” və 66 qr qurudulmuş “marixuana”) aşkar edilib.
18 sentyabr tarixində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 2 nəfər şəxsin Araz çayını keçərək hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilib.
Sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldırılaraq dövlət sərhədinin pozulduğu istiqamətə hərəkət etmişlər. Sərhəd pozucuları hadisə yerindən uzaqlaşmağa çalışarkən sərhədçilər tərəfindən təqib edilərək saxlanılıb.
Saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları 1986-cı il təvəllüdlü Kıanı Behnam Əli oğlu və 1978-ci il təvəllüdlü Behzad Pırıvatlou Reza Mahmud oğlu olması müəyyənləşdirilmiş, onlardan götürülmüş bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 4 kiloqram 176 qram narkotik vasitə və psixotrop həblər (3 kq 182 qr “heroin”, 994 qr “metamfetamin”, 8789 ədəd “Metadon-40” həbi və 20 ədəd “Buprenorphine-2” həbi) aşkar edilib.
Hər üç fakt üzrə cinayət işi başlanılmış, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.