Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2020 15:06
Bakı. Trend:
Türkiyə strateji tərəfdaşı olan Azərbaycanın ədalətli mübarizəsində onun yanındadır və hər zaman yanında olacaq.
Bunu Trend-ə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.
Y.Topçu bəyan edib ki, Ermənistan BMT Təhlükəsizlik Şurası və ATƏT-in qəbul etdiyi qətnamələrin tələblərini qeyd-şərtsiz yerinə yetirməli və Azərbaycan ərazilərini azad etməlidir:
“Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini həmin qətnamələrin tələblərini yerinə yetirərək azad etsə, həm bölgədə, həm də dünyada rifah, sülh və sabitlik bərqərar olacaq.
Türkiyə Böyük Millət Məclisində təmsil olunan partiyalar ortaq bəyanat yayımlayaraq türk millətinin Azərbaycanın ədalətli mübarizəsində dəstəyini bütün dünyanın görə biləcəyi şəkildə bəyan edib.
Ermənistan təcavüzkar davranışı ilə regionun və dünyanın sabitliyinə və rifahına təhdid törədir. Bu vəziyyət region xalqları ilə yanaşı, dünya xalqlarına da ziyan vurur.
Məhz bu məqsədlə də bütün dünya Ermənistanın təcavüzkar davranışına, 30 ildir ki, beynəlxalq hüququ, BMT Təhlükəsizlik Şurasının qətnamələrini ayaqlar altına almasına qarşı çıxmalı və bunu dayandırmalıdır”.
Baş müşavir əlavə edib ki, Ermənistanın təcavüzkar davranışı təkcə Bakını narahat etməməlidir:
"Ermənilərin 30 ildir ki, beynəlxalq hüquqa və BMT qətnamələrinə məhəl qoymayaraq Azərbaycan ərazilərini işğal altında saxlamasına biganə qalanlar bəşəriyyətin vicdanında məhkum olurlar".