Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 11:57
Dəfələrlə bilərəkdən danışıqlar prosesini pozaraq, qəbuledilməz tələblər irəli sürən Paşinyan və rejimi indi nədənsə hadisələrin gedişindən narazıdır. Heç Şuşada qondarma rejimin qondarma rəhbərinə inauqurasiya mərasimi təşkil edəndə, Cıdır Düzündə yallı gedib o kadrları yaymaqla Azərbaycan xalqına göz dağı verəndə, arvadı Akopyan xüsusi təyinatlılarının kamuflyajını geyinərək Qarabağdakı hərbi poliqonlardan birində döyüş təlimi keçəndə belə narahat deyildilər.
Vəziyyət dəyişdi
Sentyabrın 27-də təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutaraq mülki vətəndaşlarımız və hərbi qulluqçularımızı qətlə yetirən Ermənistana qarşı əks hücuma keçən Azərbaycan ordusu qarşısında aciz duruma düşən düşmən əl açıb kömək dilənir. Lakin Azərbaycanın bu zamana kimi onlara verdiyi sülh fürsətini sağa-sola xərcləyən, dünya durduqca belə davam edəcəklərini düşünən Paşinyanın köməyinə bu gün heç böyük qardaşları da çata bilmir. Baxmayaraq ki, silah-sursat təminatına hələ də davam edirlər.
Paşinyan ordusu silləni işğal etdikləri Azərbaycan torpaqlarında, özü isə növbəti dəfə dünyanın gözü qarşısında Ali Baş Komandan İlham Əliyevdən aldı. Belə ki, sentyabrın 29-da "Rossiya-1" telekanalında yayımlanan "60 dəqiqə" proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib. Verilişin aparıcılarının suallarını cavablandıran Prezident İlham Əliyev etdiyi qətiyyətli açıqlamalarla studiyadakı hərbi-siyasi ekspertləri, politoloqları verdiyi cavablarla təəccübləndirib. Prezident ermənilərin başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqelərimizin şiddətli artilleriya atəşinə məruz qaldığını, bunun davamı olaraq bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 azyaşlının həlak olduğunu bildirib. O, bu müharibənin işğalın fəsadı olduğunu və Azərbaycan tərəfinin məcburən bu addımı atdığını sözlərinə əlavə edib: "Biz təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz insanlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik".
Prezident İlham Əliyevin söylədiyi "Ermənistanın baş naziri açıq-aşkar bəyan edir ki, "Qarabağ Ermənistandır və nöqtə". Belə olan halda hansı danışıqlar prosesindən söhbət gedə bilər. Axı ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilər Azərbaycana verilməlidir. "Lakin Ermənistanın baş naziri deyir ki, "Qarabağ Ermənistandır" və üstəlik, deyir ki, biz danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıyıq. Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır" fikirləri isə Paşinyanın məğlubiyyətinin əsas səbəbi oldu. İlham Əliyev hazırkı durumda yenidən danışıqlar masası ətrafına dəvət edən dövlətlərə, siyasi liderlərə və beynəlxalq təşkilatlara bu açıqlaması ilə Azərbaycan xalqının və dövlətinin qərarını bir daha bəyan etmiş olub: "Biz təcavüzkarı elə cəzalandırmağa qadirik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin".
Ali Baş Komandan yaxşı anlayır ki, bundan gözəl fürsət ola bilməz. Bu gün özünün yeni tarixini yazmağın astanasında olan Azərbaycan xalqı uşaqdan-böyüyə dövlət başçısının ətrafında yumruq kimi birləşib. Amma Paşinyan özünü yalan xülyalarla aldatdı.
Anlamadı ki, Azərbaycan xalqı savaşa başlayarsa, şeytanı cəhənnəmdə əsir götürər
Ona verilən fürsətləri zamanında dəyərləndirməyən, Ermənistanın işğal etdiyi əzəli Azərbaycan ərazilərində aparılan döyüş əməliyyatlarından qorxuya düşən Nikol Paşinyan regionda geosiyasi mənzərənin dəyişmək üzrə olduğunu yaxşı anlayır.
Status-kvonu saxlamaq ümidini hələ də üzməyən rəsmi İrəvan üçüncü tərəfləri münaqişə zonasına cəlb etmək üçün burnunu hər yerə soxur. Amma Azərbaycan artıq tək Ermənistana qarşı yox, dünyaya qarşı haqq savaşına girdiyini gözə alıb. Türk olmaq çətindir, çünki dünyayla savaşarsan. Amma türk olmamaq ondan da çətindir, türklə savaşarsan...
Təhməz Əsədov