Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2020 14:18
Macarıstan parlamentinin sədri Laslo Köver Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya cavab məktubu ünvanlayıb.
Milli Məclisdən Sonxeber.net-a verilən məlumata görə, L.Köver cari il 27 sentyabr tarixindən cəbhə xəttində baş verənlər haqqında ətraflı məlumatlara görə həmkarına təşəkkürünü bildirib və mülki insanların ölümü ilə nəticələnən qarşıdurmanın beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurduğunu qeyd edib.
L.Köver Macarıstan hökumətinin problemin beynəlxalq hüququn ümumi prinsiplərinə uyğun həllini, həmçinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləməkdə davam edəcəyini vurğulayıb.
Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarova bir sıra ölkələrin spikerlərinə və beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə Ermənistanın 27 sentyabrdan etibarən cəbhə xəttində törətdiyi təxribatlar haqqında məktublar ünvanlayıb. Məktublarda Ermənistan silahlı qüvvələrinin hərbi təxribatları, Azərbaycanın şəhər və rayonlarının artilleriya və raketlərdən atəşə tutulması, işğalçı ölkə tərəfindən mülki vətəndaşların və mülki obyektlərin hədəfə alınması haqqında geniş məlumat verilib, həmçinin Ermənistanın törətdiyi bu müharibə cinayətlərinə, vandallıq aktlarına və işğalçılıq siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibətin bildirilməsinə çağırış olunub.