Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2020 13:00
Bakı. İlhamə İsabalayeva - Trend:
Ermənistanı istər iqtisadi cəhətdən geri salan, istərsə də demoqrafik fəlakət yaşamasına səbəb olan məsələ onların Qarabağ iddiasıdır.
Bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O qeyd edib ki, "Ermənistan 2050 - İnkişaf Strategiyası” haqqında Nikol Paşinyanın danışdığı nağıllardan biri də 2050-ci ildə Ermənistan əhalisinin 5 milyona çatdırılması ilə bağlı idi. Real statistik təhlil bunun tam əksini göstərir. Eyni zamanda, BMT-nin 2019-cu ilin yekun məlumatları əsasında “Ümumdünya Miqrasiya Hesabatı – 2020” hesabatına görə, Ermənistan əhalisi mühacirət edən insanların say mütənasibliyi ilə dünyanın ən mənfi göstəricilərinin qeydə alındığı 20 ölkə arasında 18-ci yerdə qərarlaşıb: “Səbəb isə çox sadədir. Mühacirət dayanmır. Əksinə, dərinləşmə tendensiyaları var. Çünki Ermənistanın yürütdüyü işğalçı xarici siyasət nəticəsində üzləşdiyi durum onun bir dövlət olaraq gələcəyini sual altında qoymaqla bərabər, çıxması mümkün olmayan ağır sosial-iqtisadi duruma salıb. Bu isə erməni vətəndaşını mühacirliyə məcbur edir".
Ekspert bildirib ki, son günlərədək- sərhədlər bağlanıb ölkədən çıxışa qadağa qoyulana qədər insanlar, əsasən də gənclər və əmək qabiliyyəti olan təbəqə ölkəni sürətlə tərk edirdi. Onların böyük bir qismi isə geri dönmürdü. Digər tərəfdən, son illərdə doğum səviyyəsinin də aşağı enməsi, ölüm sayının doğumu kəskin üstələməsi vəziyyəti acınaqlı hala salıb. Bu səbəbdən orada gənclərin sayı yaşlıların sayı ilə müqayisədə çox aşağı qalmaqda davam edir.
E.Əmirov əlavə edib ki, BMT-nin hesabatlarının birində hətta 2035-ci ilə qədər Ermənistanın əhalisinin 2.6 milyona enmə ehtimalı qeyd edilir: “Son 18 il ərzində - 2000-ci ildən 2018-ci ilə qədər olan dövr ərzində Ermənistanda əhali sayının 7,8 faiz və ya 250,2 min nəfər azalaraq 3 milyon 221,1 min nəfərdən 2 milyon 970,9 min nəfərə düşməsini Ermənistan Statistika Xidməti də etiraf edib. 2020-ci il yanvarın 1-də isə Ermənistan əhalisinin sayının 2 959 500 nəfərə qədər azaldığı qeyd edilib”.
Azərbaycanda demoqrafik durumun tam fərqli olduğunu vurğulayan E.Əmirov qeyd edib ki, 2003-2018-ci illərdə ölkəmizdə əhali sayında təxminən 1,8 milyon artım baş verib. Bunun 1 milyonu son 8 ilin payına düşüb:
“Bu dinamika davam edir. 2019-cu il aprelin 6-da ölkənin 10 milyonuncu sakini doğulub. Azərbaycanda əhalinin artım dinamikasının daimi yüksələn xətlə davam etməsinin kökündə duran səbəb ölkə rəhbərliyinin apardığı siyasətdə sosial yönümlülüyün xüsusi çəkisinin ildən-ilə artmasıdır. Bir az əvvələ qayıtsaq görərik ki, 90-cı illərin ortalarından etibarən respublikamızda aparılan sosial-iqtisadi islahatlar əhalinin rifah halına getdikcə təsir göstərməyə başladı. Nəticədə əsas demoqrafik göstəricilərdən biri sayılan ölüm səviyyəsinin azalmasında müsbət dəyişikliklər baş verdi. 7,3 faizədək artmış ölüm əmsalı sonrakı illərdə azalmağa başladı və 2002-ci ildə 5,8 faizə qədər endi. Elə həmin dövrlərdə körpə ölümü isə üç dəfədən çox azaldı. Belə ki, 9,8 faizdən 3,1 faizə endi. Ölkə iqtisadiyyatının dinamik inkişafı və əhalinin sosial vəziyyətinin yaxşılaşması ömür uzunluğuna da müsbət təsirini göstərirdi. Belə ki, əhalinin orta ömür uzunluğu 69,1 yaşadək azaldığı halda, sonrakı illərdə sosial iqtisadi həyat göstəricilərin yüksəlməsi nəticəsində bu göstərici 72,2 yaşadək artdı. Ən əsas onu qeyd edim ki sadaladığım bu nəticəni biz 90-cı illərin sonlarından başlayaraq 7-8 il ərzində əldə etdik. Daha sonra da bu artım tendensiyası davamlı şəkil aldı. Bu günümüzə isə daha uğurlu hesab edə biləcəyimiz bir statistikaya gəlib çatdıq”.
“Orta statistik erməniyə Qarabağ lazım deyil”
E.Əmirov əlavə edib ki, bu diaqrama baxmaqla bir çox maraqlı nəticələri görmək olar:
“Məsələn, diaqramdan aydın görünür ki, nə qədər ki Ermənistan Qarabağ uğrunda açıq savaşa çıxmamışdı, onun əhalisi artmaqda davam edirdi. Bu artım 1992-ci ilə qədər yetərincə yüksək dinamika ilə inkişaf etdi və onların sayı 3,63 milyon nəfərə çatdı. Elə ki, Qarabağda müharibə şiddətləndi, Ermənistan əhalisinin nəinki artım tempi dayandı, burada əhali sayı sürətlə azalmağa başladı. Beləliklə, Ermənistan mövcud olduğu bütün illər ərzində ölkədə yaşayanların maksimum sayı 1992-ci il olaraq tarixə düşdü. Bu məqamlar diaqramdan aydın görünür. Həm də burda onu görmək olar ki, 1992-ci ilə qədər orda əhali sayı Azərbaycanla təxmini sinxron olaraq qalxan templə gedirdi. 1992-ci ildə müharibənin alovlanması ilə ermənilər üçün demoqrafik fəlakət başladı. Diaqrama diqqətlə baxsaq daha bir maraqlı məqamı sezmək olar. 2000-ci illərdən sonra atəşkəs rejiminin nisbətən daha işlək olması onların əhali sayının azalma sürətinə təsir etdi. Bu, əslində çox böyük bir məqamdan xəbər verir”.
Ekspertin qənaətincə, bütün bunlar onu sübut edir ki, orta statistik erməniyə əslində Qarabağ lazım deyil. Bu münaqişə onları ölkələrindən didərgin salır. Amma nisbi sabitlik artan kimi ölkədən xaricə miqrasiya sürətinin nisbətən azalması baş verir:
“Lakin heç bir faktor xaricə miqrasiyanı tam dayandıra bilmədi. Bunun səbəbi isə Ermənistanda iqtisadi-sosial durumunun son dərəcə acınacaqlı olması idi. Azərbaycan rəhbərliyinin beynəlxalq aləmdə apardığı uğurlu xarici siyasət Ermənistanın inkişafı üşün kabusa çevrildi, onu bütün regional və beynəlxalq layihələrdən kənarda saxladı. Bu isə iqtisadiyyatının digər sahələri iflic olan bu ölkənin əhalisinin sosial həyatını cəhənnəmə çevirdi. İnsanlar çıxış yolunu miqrasiya etməkdə gördülər. Nəticə isə göz qabağındadır. 28 il ərzində əhalinin sayında bir nəfər belə artım olmadı, əksinə, say 3,6 milyondan 2,9 milyona endi. Azərbaycan əhalisi isə bu 28 ildə 3 milyon, yəni Ermənistan əhalisinin mövcud sayından da çox artdı».
E.Əmirovun sözlərinə görə, bütün bu təhlil bir daha sübut edir ki, Ermənistanın nicatı Qarabağ iddiasından əl çəkdikdən sonra başlayacaqdır. Bu zaman Ermənistan üçün 3 böyük imkan yaranacaq. Birincisi, Ermənistan Azərbaycan və Türkiyənin müəllifi olacağı regional və beynəlxalq layihələrdə iştirak fürsəti əldə edəcək. İkincisi, Türkiyə ilə sərhədləri açılacaq. Üçüncüsü isə xarici investorların cəlb edilməsi üçün münbit şərait yaranacaq.
İqtisadçı əlavə edib ki, bu 3 amilin reallaşması Ermənistan istisadiyyatının dirçəlməsinə və sosial durumun normallaşmasına səbəb olacaq: “Yalnız bundan sonra onun demoqrafik göstəricilərində inkişaf dinamikasının sezilməsi mümkündür. Bir sözlə, bu ölkənin nicatı Qarabağ iddiasından imtina etməkdədir”.