Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2020 20:36
Monoetnik dövlət olan Ermənistan maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsində İslam mədəniyyətinə aid olan muzeyləri, məscidləri və abidələri yerlə-yeksan edib, onların bir qisminin erməniləşdirilməsinə, özününküləşdirilib dəyişdirilməsinə cəhdlər edir. Qafqaz Albaniyasına məxsus məbədlər erməniləşdirilərək qriqoryanlaşdırılır, məscidlərin Azərbaycan xalqına deyil, başqa dövlətlərə məxsus olduğu iddia edilir və bu niyyətlə çirkin addımlar atılır. Bu əməllər bütün bəşər mədəniyyəti və ümumbəşəri sivilizasiyaya qarşı vandalizm aktı, vəhşilik faktıdır.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
S.Heydərov bildirib ki, bu gün dünyanın bəzi aparıcı ölkələri Ermənistana təzyiq göstərmək, işğal altında saxladığı ərazilərdən çıxmasını tələb etmək əvəzinə, Azərbaycanı mənasız atəşkəsə sövq etməyə çalışırlar:
"Ermənistanın işğalçılıq siyasətinə dəstək verən ölkələri məsələyə tarixi ədalət və mövcud reallıq prizmasından baxmağa dəvət edirik. Bu məqamda bir çox müsəlman ölkələrinin də müxtəlif səbəblərdən işğalçını dəstəklədiyini, yaxud da səssiz qaldığını təəssüf hissi ilə seyr edirik. Bölgədə sülhə, təhlükəsizliyə ən əsas maneə olan işğalçılıq sona yetməli, işğalçı hər hansı forma və dərəcədə beynəlxalq qınağa və məsuliyyətə cəlb edilməlidir.
Sülh və birgəyaşayış missiyasını uğurla daşıyan Azərbaycan əsl tolerantlar, vətənpərvərlər və ürəyində Allaha məhəbbət olan insanların yaşadığı məkandır. Təsadüfi deyil ki, torpaqlarımızı işğaldan azad etmək uğrunda bütün dinlərə etiqad edən vətəndaşlarımız eyni əzm və qərarlılıqla döyüşür, qəhrəmancasına şəhid olurlar. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərə könüllü qatılan A.Aqarunovun göstərdiyi şücaət hələ də dillərdədir. Azərbaycan bu torpaqda yaşayan bütün millətlərin Vətənidir. Azərbaycanın böyüklüyü, gücü də məhz bundadır".