Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2020 09:54
Bu gün Azərbaycan işğalçı Ermənistanın cavabını verir və öz gücünə torpaqlarını işğaldan azad edir. Dünya tarixində kiçik dövlətlərin belə bir iş görməsi halları olduqca azdır, amma Azərbaycan bunu edə bildi.
Sonxeber.net bildirir ki, bu fikirləri Trend-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Azərbaycanın bunu edə bilməsinin bir sıra əsasları var:
"Birinci əsas ondan ibarətdir ki, Azərbaycan tarixən güclü və müstəqil dövlət olub. Müstəqil dövlətçilik genetikası bizim şüurumuzdadır. İkincisi, Azərbaycan həmişə ədalətin tərəfdarı olub. Azərbaycan öz torpağına bağlı bir xalqdır və onda torpağı qorumaq hissi həddindən artıq yüksəkdir. Heç də təsadüfi deyil ki, Azərbaycan xalqı heç bir çətinliyə baxmadan bir qayda olaraq, miqrasiyaya marağı çox olmayıb. Digər tərəfdən, müstəqil Azərbaycanın daxili və xarici siyasəti ulu öndər Heydər Əliyevin zamanından başlayaraq, düzgün müəyyən edilib. Təbii sərvətlərdən gələn gəlirlər ölkənin inkişafına, əhalinin sosial rifahının yaxşılaşmasına sərf edilib. Azərbaycanın torpaqları işğal altında olduğu üçün Silahlı Qüvvələrin gücünün artırılması üçün də işlər görülüb".
Bu gün Azərbaycan Ordusunun dünyanın ən müasir ordularından biri olduğunu deyən A.Mirzəzadə əlavə edib ki, bugünkü qələbələrin kökündə dövlətin düzgün xarici, daxili siyasəti, ordumuzun qəhrəmanlığı və xalqın iradəsi dayanır:
"Azərbaycanın bu sahədəki təcrübəsi diqqəti çəkir. Bu göstərdi ki, xalq öz gücünə inandıqda, siyasət düzgün aparıldıqda, ədalətli məqsədə doğru yol düzgün seçildikdə hədəfə çatmaq olur".