Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2020 11:30
Ermənistan illərlə baza prinsiplərinə, mərhələli həll variantına qarşı pozucu mövqe tutmaqla işğala əsaslanan status-kvonun saxlanması üzərində təhlükəli şəkildə tərslik etdi. Azərbaycan işğala söykənən status-kvonu saxlamağın mümkünsüz və perspektivsiz olduğunu Ermənistana da, onun havadarlarına da sübut etmək üçün çox qüvvə sərf etdi və mümkün olan son həddə qədər kompromislərə sadiqliyini qorudu.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Ermənistanın baza prinsiplərinə və danışıqlara sayğısızlığı yeni ərazi iddiaları kimi iştahlar doğuranda Azərbaycan ordusunun gücü status-kvonu dəyişdirməyə qadir ən böyük qüvvə kimi ortaya çıxmağa məcbur oldu:
"Ermənistanın fəhmsiz rəhbərliyi 10 oktyabr və 18 oktyabr tarixli humanitar atəşkəs razılaşmalarına ilk saniyədən əməl etməməklə bir daha sübut etdi ki, bu dövlət danışıqlarla əraziləri qaytarmaq kimi sivil və dinc hüquqi fəaliyyət prinsiplərindən çox uzaq düşüb. Ermənistan rəhbərliyi həm 10 oktyabr atəşkəs razılaşmasına qədərki dövrlərdə, həm də ondan sonrakı günlərdə mahiyyətli danışıqlarda maraqlı olmadığına heç bir şübhə yeri qoymayıb. Hətta öz hərbçilərinin meyitlərinin döyüş meydanından yığışdırılmasında maraqlı olmaması qəti təsdiqləyir ki, Ermənistanın başçıları üçün nə beynəlxalq siyasi, nə də beynəlxalq humanitar hüquq normaları var".
Baş redaktor bildirib ki, Ermənistanın baza prinsiplərinə qarşı inkarçı və dağıdıcı mövqeyi sentyabrın 27-də ən böyük hərbi əməliyyatlara gətirib çıxardığı kimi bu gün də məhz Ermənistanın günahı üzündən müharibə üzanır, ölüm və dağıntılar baş verir, mülki azərbaycanlılar qətlə yetirilir:
"Hazırkı müharibənin başlanmasının və uzanmasının bütün məsuliyyəti Ermənistanın və onun havadarlarının üzərindədir. Ermənistan hazırkı mövqeyini davam etdirəcəyi təqdirdə zərbələrin ən böyüyü də onun özünə dəyəcək.
Ermənistan hər şeyin nəzərdə tutulduğu baza prinsiplərindən uzaq qaçdığı üçün Azərbaycanın Ali Baş Komandanı və ordumuz baza prinsiplərinin əhəmiyyətli hissəsini təşkil edən status-kvonu öz gücü və təzyiqləri altında dəyişdirdi. Ermənistan üçün digər baza prinsipləri üzərində danışıqlar masasına qayıtmaq imkanı hələ də qalır, sadəcə ağılın və məntiqin səsini eşitmək lazımdır. Ermənistan bundan sonra da qalan baza prinsipləri üzərində danışıqlara qayıtmasa, proseslər onun üçün daha dağıdıcı və məhvedici formalar alacaq. Artıq Azərbaycanın imkan və gücləri var ki, status-kvonu dəyişdirməkdən başqa digər baza prinsiplərini də özü həyata keçirsin.Bu o deməkdir ki, Ermənistanın danışıqlara gəlməyəcəyi halda Azərbaycan Dağlıq Qarabağın ətrafındakı 7 rayonun hamısını tam azad etməklə hətta Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi şərtlərini də birtərəfli qaydada diktə edə bilər.
Ermənistan rəhbərliyinin baza prinsipləri üstündə danışıq masasına qayıtmaqdan daha real yolu qalmayıb".