Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəngilan arxeoloji cəhətdən zəif tədqiq olunan rayonlarımızdandır - Arxeologiya və Etnoqrafiya İnstitutu

Zəngilan arxeoloji cəhətdən zəif tədqiq olunan rayonlarımızdandır - Arxeologiya və Etnoqrafiya İnstitutu

Tarix: 22 Oktyabr 2020 14:55

Baki. İlhamə İsabalayeva – Trend:

Abidələrin çoxluğuna baxmayaraq, Zəngilan rayonu arxeoloji cəhətdən zəif tədqiq olunan rayonlarımızdandır.

Bunu Trend-ə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Çöl tədqiqatları sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev deyib.

Onun sözlərinə görə, yalnız ötən əsrin 70-ci illərinin ortalarında Araz çayı üzərində iki böyük su qovşağının (Xudafərin – uzunluğu 38 km, Qız qalası – uzunluğu 11 km) tikintisi ilə bağlı birgə Sovet-İran razılaşması Zəngilan və Cəbrayıl rayonlarında arxeoloji abidələrin tədqiqinə rəvac verib. 1974-cü ildə Həkəri çayının Araz çayı ilə birləşdiyi sahələri öyrənmək üçün kompleks ekspedisiya yaradıldı. Ekspedisiyanın tərkibində su qovşağı ərazisinə düşən kəndlərə (Zəngilan rayonunun Hacalı, Şərifan, Məmmədbəyli, Zərnəli, Cəbrayıl rayonunun Xudafərin, Qumlax və Havalı kəndlərinə) səfərə çıxan etnoqraf alim Emil Kərimov əhalinin məşğuliyyətinə, təsərrüfat və məişət həyatına dair məlumat toplamışdı. Bölgədəki memarlıq abidələri Kamil Məmmədzadə tərəfindən öyrənilmişdir. Tanınmış alim Məşədixanım Nemətova Zəngilan rayonundakı səkkizguşəli Məmmədbəyli türbəsinin, eləcə də Cəbrayıl rayonundakı Şıxlar və Xubyarlı türbələrinin üzərindəki epiqrafik yazıları tədqiq edib onların XIV əsrin əvvəllərində inşa olunduğunu göstərmişdir. Qəbirüstü qoç fiqurları üzərindəki yazıları paleoqrafik xüsusiyyətlərinə və fiqurların hazırlanma texnikasına görə araşdıran tədqiqatçı belə qəbiristanlıqların XIV-XV əsrlərə aid olduğunu qeyd edib.

T.Əliyev əlavə edib ki, 1974-cü ildə arxeoloqlar Bakı-Naxçıvan yolu üstündə “Ağca-açıq” adlanan ilk orta əsrlərə aid yaşayış yerini, Oxşu çayının Araza töküldüyü yerdə yerləşən Tri qalasını qeydə almış, Şərifan kəndi yaxınlığındakı eyni adlı Orta əsr şəhər yerində (Şəhri-Şərifan) ilkin qazıntı işləri aparmışlar. Azərbaycan EA Rəyasət Heyətinin “Xudafərin və Qızqalası su qovşağı zonasındakı abidələrin tədqiqi və öyrənilməsi haqqında” 1978-ci il 18 iyun tarixli 481 saylı sərancamından sonra – 1979-cu ildə 10 ha-a yaxın sahəsi olan və Həkəri çayının sağ sahilində yerləşən Şərifan şəhər məskənində arxeoloji tədqiqatlar davam etdirilib. Qazıntı zamanı 3 m qalınlığında zəngin mədəni təbəqə, XIV əsrin əvvəlinə aid türbə, mürəkkəb quruluşlu hamam kompleksi və digər tikili qalıqları açılıb öyrənilib. Tapıntılar arasında çoxlu saxsı məmulatı (səhəng, bardaq, küpə, nehrə, çıraq, qəlyanucu və s.), dəmir əşyalar (bıçaq tiyəsi, mıx, nizə ucu və s.), XVII əsrin sonuna aid bir ədəd mis pul olub.

T.Əliyev bildirib ki, Çindən gətirilmiş seladon tipli qab qırıqları və İran mənşəli fayans qab nümunələri Orta əsr Şərifan şəhərinin digər ölkələrlə sıx mədəni-iqtisadi əlaqələr saxladığını təsdiq edir. Bütövlükdə isə arxeoloji materiallar hələ IX əsrdə bir yaşayış məskəni kimi meydana gələn Şərifanın XIII-XVII əsrlərdə gur həyatlı bir şəhər olduğunu göstərir:

"Təəssüf ki, sonrakı illərdə bu məskəndə, ümumiyyətlə Zəngilan ərazisində tədqiqatlar aparılmamışdır. Zəngilan rayonunun azad olunması həm də buradakı tarixi-arxeoloji və memarlıq abidələrimizin, ziyarətgahlarımızın düşmən tapdağından azad olunması deməkdir. Artıq inamla deyə bilərik ki, tezliklə Qarabağda başlanacaq böyük quruculuq işləri ilə yanaşı, elmi tədqiqatlar da bərpa olunacaq".


Etiketlər:  Zəngilan arxeoloji cəhətdən zəif tədqiq olunan rayonlarımızdandır Arxeologiya Etnoqrafiya İnstitutu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ