Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2020 17:24
Erməni təcavüzkarlarının döyüş bölgəsindən kənar əraziləri raketlərdən atəşə tutması bir çox xarici şirkətlərin öz əməkdaşlarını geri çağırmasına səbəb olub. O cümlədən döyüşlər başlamazdan bir həftə əvvəl əsaslı təmirə dayanan və ölkənin üçüncü böyük elektrik stansiyası olan 525 meqavatlıq "Sumqayıt" Elektrik Stansiyasında xarici şirkətlərin nümayəndələri döyüş bölgəsindən kənara raketlər atılan gündən işi yarımçıq qoyub vətənlərinə qayıdıblar.
Sonxeber.net xəbər verir ki, "Sumqayıt" Elektrik Stansiyasını 2009-ci ildə tikib təhvil verən SİEMENS şirkəti uzunmüddətli servis müqaviləsinə əsasən stansiyanı əsaslı təmir etməyi üzərinə götürüb. Lakin xarici şirkətlərin getməsinə baxmayaraq "Azərenerji"nin yerli mütəxəssisləri bütün güclərini səfərbər edərək əsaslı təmirə saxlanan "Sumqayıt" Elektrik Stansiyasında işi dayandırmayıb və öz gücləri ilə yorulmadan təmiri davam etdirirlər. Belə ki, hazırda qaz və buxar turbinlərinin əsaslı təmirləri davam edir, generatorlarda təftiş, sınaq və təmir işləri yekunlaşmaq üzrədir. Sahil nasosxanasında yeni suqəbuledici nasosxanaların sınaq işləri aparılır. Ümumilikdə isə bütün əsas və köməkçi avadanlıqlar təmir edilir, texniki xidmət göstərilir sınaqdan keçirilir.
Bundan başqa, Xəzər dənizində son on ildə suyun səviyyəsinin 1,5 metrə qədər aşağı düşməsi "Sumqayıt" Elektrik Stansiyasının işini dayandırmaq təhlükəsi ilə üzləşdirdyindən Xəzər dənizinin içərisinə doğru, 5 metr dərinlikdən soyuq suyun götürülməsinə imkan verən 750 metr məsafədə estakadanın və yeni su nasos stansiyasının tikintisi də tamamlanmaqdadır. Artıq estakadada işlər başa çatıb, yeni tikilən sahil nasosxanasında isə sınaq işləri aparılır. Bununla da MDB məkanında ilk dəfə olaraq soyutma suyunun kaskad vasitəsi ilə sakitləşdirici kanala, oradan isə stansiyaya ötürülməsi sistemi yaradılacaq. Bir sözlə xarici mütəxəssislər ölkəni tərk etməsinə baxmayaraq yerli mütəxəssislərimiz növbəli prinsip əsasında dayanmadan işləyərək "Sumqayıt" Elektrik Stansiyasında əsaslı təmir və tikinti işlərini ilin sonuna qədər yekunlaşdıracaqlar.
Qeyd edək ki, "Azərenerji"nin arxa cəbhədə durmadan çalışan əməkdaşları ilə yanaşı 120 əməkdaşı könüllü olaraq döyüşlərə qatılıb.