Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“New-York Times” Qarabağdakı döyüşlərdən yazdı - FOTO

“New-York Times” Qarabağdakı döyüşlərdən yazdı - FOTO

Tarix: 28 Oktyabr 2020 15:48

Nüfuzlu "New-York Times" qəzetində jurnalist Şarlotta Qallın İkinci Qarabağ Müharibəsi ilə bağlı məqaləsi yayımlanıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, jurnalist məqalədə müharibənin kökündə duran səbəblər və hadisələrin gedişatı ilə bağlı təfərrüatlara aydınlıq gətirib. Ermənistan tərəfinin təxribatçı və destruktiv siyasəti müharibəyə aparan əsas amil kimi qeyd olunub.

Bildirilib ki, illər boyu Azərbaycan və Ermənistan liderləri gərginliyi artırmamaq üçün mübahisəli Dağlıq Qarabağ ərazisinin statusu ilə bağlı müzakirələri təxirə salmaq barədə razılığa gəlmişdilər. Ancaq bu ilin yazında  Ermənistanın populist baş nazirinin ərazini mübahisəsiz olaraq Ermənistana aid etməsi ilə vəziyyət anidən dəyişib.

1990-cı illərdə Ermənistan işğalı nəticəsində ərazilərini itirən azərbaycanlılarda erməni baş nazir Nikol Paşinyanın çıxışları hədsiz qəzəb doğurmuşdu. Vəziyyəti daha da kəskinləşdirən isə bu çıxışın azərbaycanlıların mədəni paytaxt kimi qəbul etdiyi, lakin işğal nəticəsində itirilən Şuşa şəhərində edilməsi oldu.

"Danışıqlar prosesinin tabutundakı son mismar Paşinyanın "Qarabağ Ermənistandır" söyləməsi oldu",- deyə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

Yazıda o da vurğulanıb ki, iki ölkə bir ay əvvəl hərtərəfli müharibəyə qayıdıb və Azərbaycan 28 il əvvəl erməni işğalı nəticəsində itirilən və 800 min azərbaycanlının didərgin salındığı torpaqları geri götürməkdə qərarlıdır.

73 yaşlı Səriyyə Məhərrəmova, atəşlərin şiddətli olduğu Tərtər şəhərində digər dörd nəfərlə birgə qaldığı yeraltı bunkerdə

Cəbhə xəttinin yaxınlığında yerləşən Tərtər rayonu bu illər ərzində dəfələrlə atəşə məruz qalıb

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinə və əvvəlki danışıqlarda razılaşdırılmış təməl prinsiplərə riayət olunaraq erməni qüvvələrinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə çəkilməsini tələb edir. Bu şərtlər 10 il əvvəl razılaşdırılsa da, heç vaxt icra olunmayıb.

Hikmət Hacıyevin sözlərinə görə, 2018-ci ildə Paşinyan hakimiyyətə gələn zaman Azərbaycan danışıqlarda müsbət inkişafa ümid edirdi. İlk görüşlərdə Paşinyan cənab Əliyevdən ona vaxt verməsini xahiş etmiş və Dağlıq Qarabağla bağlı yeni bir siyasət yürüdəcəyinə söz vermişdi.

Azərbaycanın Bərdə şəhərində bir məktəb döyüşlər nəticəsində didərgin düşmüş insanlar üçün sığınacağa çevrilib

Məktəb cəbhəyə yaxın yerləşən Ağdam və Tərtər şəhərlərində insanlara sığınacaq verib

Ancaq bu baş vermədi. Analitiklərin fikrinə görə, Paşinyan və Ermənistanın Müdafiə nazirinin Şuşanı qondarma rejimin paytaxtı etmək və parlamenti oraya köçürməklə bağlı populist açıqlamaları gərginliyin artmasına səbəb olub.

Erməni əsilli ABŞ tarixçisi Jirayr Liparityan "Mümkün olanlara diqqət ayırmaq əvəzinə xəyallarımıza qapıldıq", - deyə sentyabr ayında yazdığı bir yazıda etiraf edib.

Müstəqil analitiklər Azərbaycanı müharibənin əsas aparıcı gücü kimi görsələr də, müharibənin başlanmasına səbəb kimi Paşinyanın populist çıxışlarının və Ermənistanın təxribatçı siyasətinin əsas rol oynadığını bildirirlər.

Məqalədə qeyd edilib ki, sentyabrın 26-da Azərbaycanın mülki yaşayış məntəqələrinin davamlı artilleriya atəşinə məruz qalması həlledici rol oynayıb və Azərbaycanı əks-hücum əməliyyatlarına başlamasına məcbur edib.

Atəşkəs xəttindən cəmi 500 metr aralıda, Tərtərdə yaşayan 59 yaşlı Gülbəniz Bədəlova "Hər zaman atəş səsləri eşidirik, amma bu, tamamilə fərqli idi. Davamlı olaraq atəş etməyə başladılar və hamımız qorxduq", - dedi.

Azərbaycanın mülki əhalisini müdafiə etdiyini bildirən Hikmət Hacıyev "Dinc insanlara hücum etməyə başladılar və əks- hücum əməliyyatı aparmaq məcburiyyətindəyik", - deyə qeyd edib.

Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə raket zərbəsi nəticəsində zərər görən bir ev

Məqalədə, həmçinin vurğulanıb ki, Azərbaycan qoşunları artıq İranla sərhəd boyu yerləşən 4 rayonun bir hissəsini geri alıb və Ermənistan üçün kritik əhəmiyyətə sahib Laçın dəhlizinə çox yaxın məsafəyə yaxınlaşıblar.


Etiketlər:  York Times Qarabağdakı döyüşlərdən yazdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ