Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2020 15:39
Sonxeber.net kulis.az-a istinadən "Azərbaycan kinosunda müharibə" yazısını təqdim edir.
Bir neçə gün öncə Azərbaycan Kinematoqrafçılar İttifaqında "Azərbaycan kinosunda müharibə" mövzusunda tədbir keçirildi. Tədbirdə milli kinomuzda müharibə mövzusunun necə təsvir olunması, hansı tendensiyaların yaranması haqda etdiyim çıxışın aktuallığını nəzərə alaraq təqdim edirəm.
Azərbaycan kinosunda əsasən iki müharibə geniş işlənib: İkinci Dünya və Qarabağ müharibəsi. Müharibə mövzusu geniş şəkildə, 1940-cı illərdən başlayaraq İkinci Dünya Müharibəsinin başlanması ilə bağlı kinoda əksini tapmağa başladı. Həmin dönəmdə çəkilən ekranlaşdırılan ilk filmlər əsasən bioqrafik idi. Qərb kinosunda bizdən fərqli olaraq, artıq Birinci Dünya Müharibəsi təcrübəsi vardı və bu mövzuda filmlər lentə alınmışdı. Azərbaycan üçün isə mövzu yeni olduğundan real təcrübəyə ehtiyac vardı. Həm də dövlətin kino qarşısında tələblərindən biri təbliğatı, qəhrəmanlıq filmlərinin çəkilməsi idi. Ona görə müharibənin ilk illərində bioqrafik qısametrajlı bədii filmlər çəkilmişdi: Ağarza Quliyevin "Vətən oğlu" (1941) Kamal Qasımova, "Bəxtiyar" Bəxtiyar Kərimova (1942) və Mikayıl Mikayılovun "Sovet pəhləvanı" (1942) isə İsrafil İsrafilova həsr olunmuşdu. 1943-cü ildə isə sırf bədii material əsasında Qriqori Aleksandrov "Bir ailə" filmini lentə aldı. Üç novelladan ibarət bu ekran əsəri xalqların sevgisi, dostluğu haqda səmimi, sadəlövh filmdir. Burada sovet ideologiyasının təbliğatından çox ağır şərtlərdə belə insani duyğuların itirilmədiyi, xeyirxahlıq, təmənnasızlıq, sevgi, fədakarlıq kimi mənəvi keyfiyyətlər ön plana çəkilir. Amma film Stalin tərəfindən qadağan olunmuşdu və səbəb sovet xalqının alman işğalçıları ilə mübarizəsinin zəif əks olunmasıydı.
1960-cı illərdə müharibə kinosunun diskursu bir qədər dəyişdi. Və bu dəyişiklik, bütün Sovet İttifaqında gedən mülayimləşmə, sənətdə, ədəbiyyatda yaranan intibahla, yeni nəslin gəlişiylə bağlıydı. Rejissorların əsas fokusu arxa cəbhə mövzusuna yönəldi. Çünki Bakı müharibə vaxtı arxa cəbhəydi. Bugün də kinomuzda kult sayılan "Bizim Cəbiş müəllim", "Şəriki çörək", "Mən ki gözəl deyildim", "Tütək səsi" filmləri yarandı. Daha çox italyan neorealizm estetikasına yaxın olan, güllə səsinin eşidilmədiyi bu filmlərdə qəhrəmanla tamaşaçı arasında emosional doğmalıq vardı, pafosla danışmayan, ideallaşdırmadan arındırılmış personajlar vardı.
Maraqlı, lakin çox yayılmayan filmlərdən biri İkinci Dünya Müharibəsi illərində Bakını ələ keçirmək istəyən faşistlərə qarşı mübarizə aparan kəşfiyyatçıların fəaliyyətini əks etdirən Muxtar Dadaşovun "Bakıda küləklər əsir" (1974) filmidir.
Janrına görə əsər detektivdir, önəmli cəhətlərindən biri müasir milli kinomuzda çatışmayan - rejissorun obrazların bioqrafiyasını yarada bilməsidir. Bu günümüzdən baxanda bəzi səhnələri daha fərqli şəkildə şərh etmək mümkündür. Məsələn, faşistlərlə işbirliyi quran, casus kimi Bakıya gələn Şahmar bəyin Kirovun heykəlinə baxıb qəzəblə deyir: "Gör azərbaycanlılar bu rusa nə boyda heykəl qoyublar". Burda Kirovun heykəlinin aşağı rakursdan - millətə diktə edən obraz şəklində göstərilməsini, onun nəhəng kölgəsində Şahmar bəyin kiçilməsini - sovet dominantlığı, işğalçılığı kimi də dəyərləndirmək olar.
Postmüharibə dövrünün kinoda təsviri tendensiyasından danışanda ilk yada düşən Əlisəttar Atakişiyevin "Bizim küçə" (1962) filmidir. Film müharibədə itkin düşmüş bir qızın axtarışlından gedir. Doğrusu burda diqqətimi çəkən filmin forması və strukturudur, nəinki hekayənin özü. Əhvalatda "film içində film" texnikasından istifadə olunub. Personajlardan biri televizorda müharibə haqda sənədli xronika izləyir və həmin xronikada bombardman zamanı itkin düşmüş Saranın necə əsir düşdüyü təsvir olunur. Başqa səhnədə isə personajlardan biri Sara haqda məlumatı ilk dəfə "Uzaq sahillərdə" filmindən aldığını deyir. "Uzaq sahillərdə" filmindən kadrlar göstərilir: Mixaylo (Nodar Şaşıqoğlu) təsadüfən Sara ilə Almaniyada restoranlardan birində tanış olur, onu xilas edir və amma almanlar Saranı başqa uşaqlarla birgə yenidən əsir götürürlər. 1958-ci ildə çəkilən "Uzaq sahillərdə" ekran əsərində isə belə bir səhnə yoxdur. Amma hər iki filmin ssenarisini İmran Qasımov yazıb. Başqa sözlə desək, filmdə "Uzaq sahillərdə" burda dekonstruksiya olunur.
Müharibənin travmalarını insanların sonrakı həyatında təsiri haqqında Hüseyn Mehdiyev və Əbdül Mahmudovun 1986-cı ildə çəkdiyi "Şəhərli biçinçilər" filmidir. Müəlliflər müharibənin insan psixikasına təsirini göstərir ki, aclıq özünüqoruma instinktini ön plana keçirə bilər.
Rasim Ocaqovun 1989-da lentə alınan "Ölsəm bağışla" filmi isə müharibədən sonra da bitməyən repressiya dövrünün insanların həyatına təsirini, faciəvi rolunu qabardır. Və Stalin repressiyalarına açıq toxunan filmlərdən biriydi.
Milli kinomuzda Sovet İttifaqının qəhrəmanlarının bioqrafiyasına toxunan, iki tammetrajlı bədii film var. Bunlardan biri Mehdi Hüseynzadənin partizan fəaliyyətini anladan "Uzaq sahillərdə" (Tofiq Tağızadə), digəri Rasim İsmayılovun Həzi Aslanova həsr etdiyi "Sizi dünyalar qədər sevirdim" (1985) filmidir. Birinci filmdə M.Hüseynzadənin partizan kimliyi önə çəkilir, ikinci filmdə isə H.Aslanovu hərbçidən başqa həm də şəxsi həyatı da yer alır. Tamaşaçı onu bir də bu tərəfdən tanıyır.
Müharibəsi başlamasaydı çox güman ki, kinomuzda yer alan mövzulardan biri Əfqanıstan müharibəsi olacaqdı. Eldar Quliyevin "Təxribat"ı (1989) bu mövzuda çəkilən tək filmdir. Əfqanıstan müharibəsindən psixoloji zərbə alan fərdlər acı xatirələri ilə yaşamağa məcburdur və hekayədə əsas qəhrəmanın travmatik keçmişi Bakıda üzləşdiyi ədalətsizliklərlə birləşir.
Qarabağ müharibəsi haqda filmlərin ümumiləşdirilməsini aparmadan öncə, Rasim İsmayılovun 1990-cı ildə çəkdiyi "Tələ" filmini xüsusi vurğulamaq istəyirəm. Film sənət meyarları baxımından mübahisələndirilə bilər. Lakin "Tələ" ölkədə bundan sonra baş verəcək faciələrin, faciələrimizə səbəb olan xəyanətlərin öncəgörməsidir. Reportaj manerasında çəkilən filmdə qəhrəman ermənilərin təxribatının şahidi olur, onu lentə alır. Əlindəki dəlili yüksək vəzifəli şəxslərə göstərsə də ona əhəmiyyətsiz yanaşırlar. Sonda isə o, qətlə yetirilir.
Qarabağ haqda filmlərə gəlincə, bu mövzuda ekranlaşdırılan filmlərdə əsasən iki fərqli yanaşma mövcuddur. Bir yanaşmada didaktika, formal səviyyədə göstərilən vətən sevgisi, cansız təsvirlər, ritorika hakimdir: "Ağ atlı oğlan" (1995), Girov (2005), "Yalan" (2006), "Biz qayıdacağıq" (2007), "Son nəfəsədək" (2018) və s. filmləri buna misal göstərmək olar. Əslində ideya problematikasına görə sözüedən filmlər bəşəridir, rejissorlarımız dünyəvi dəyərlərdən yayınmayıblar.
Bu kateqoriyalı filmlərin sırasına müəyyən fərqli yanaşma ilə "Dolu" dramı da əlavə edildi. "Dolu"da batal səhnələri peşəkar işlənib, Qarabağ mövzusunda çəkilmiş digər filmlərdən fərqli olaraq, məğlubiyyət kompleksi hiss olunmur və yeni qəhrəman tipləri var.
Digər yanaşmada (Ceyhun Mirzəyevin ""Fəryad" (1993), Yavər Rzayevin "Sarı gəlin" (1998), Elçin Musaoğlunun "Nabat" (2014), Elxan Cəfərovun "Yarımçıq xatirələr" (2015) şüarçılıq yoxdur, insan faktorunun ön plana çıxması uyğun, dəqiq bədii həllərlə verilir, emosional vurğular dəqiqdir. Məğlubiyyət günlərində çəkilməsinə baxmayaraq, müəlliflər sənəti nifrətə uduzdurmur. Oqtay Mirqasımovun "Günaydın mələyim" (2008) sosial dramı isə şəhid ailəsinin cəmiyyətdə rastlaşdırdığı problemlərdən danışan tək filmdir.
Gənc kinematoqrafçıların bu mövzuda çəkdiyi filmlərin ümumi cəhəti, daha rasional, minimum emosiya ilə müharibənin nəticələrindən əziyyət çəkən insanın dramını qabarmaq, maraqlı yanaşma təklifi və əhvalatlar qurmasıdır.
Çingiz Rəsulzadənin "Kuklalar"ı (2010) sırf müharibə filmi deyil. Amma 1980-ci illərin sonu 90-cı illərin əvvəllərində - Sovet İttifaqının dağılması ərəfəsində gedən proseslər Qarabağ müharibəsinə gedən yolu təsvir edir. Elə ən yadda qalan səhnələrdən biri də müharibə epizodudur. Ki, həmin səhnədə yeniyetmələrdən birinin səngərdə qorxu içərisində ağlaması yetərincə insani təsvirdir.
Emin Əfəndiyevin "Yuva"sını (2012) Qarabağ müharibəsinə metafor kimi də qəbul eləmək mümkündür - sevgi üçbucağı çərçivəsində müharibənin faciəsini anlatmaqdır.
Cəfər Axunzadənin "Dmitrov küçəsi 86" (2015) müharibədən qayıtmayan oğlunu illərdir gözləyən, özünə qapanmış ananın faciəsi ilə görkəmcə yeniləşən, deformasiyaya uğrayan şəhərin problemləri bir araya gəlir.
Əgər "Tələ" filmi faciələrimizin öncəgörəməsi idisə, Amil Amalın "Qara bağ" dramı olacaq yaxşı hadisələrin vizuallaşmasıdır. Süjet torpağın xiffətini çəkən atanın ömrünü uzatmaq üçün telekanallardan birində oğullarının Qarabağın sülh yolu ilə alınması haqda xəbərin verilməsindən ibarətdir. Biz bu gün torpaqların azad edilməsinə emosional reaksiyaların şahidi oluruq ki, filmdə də ata bu sevinc hissini yaşayır.
Digər maraqlı iş isə Ayşad Səfərəliyevin "İnikas" bədii filmidir. Ağdam şəhərində köhnə fotoaparatla qarşısına çıxan hər şeyi çəkən Cavid şəkilləri aşkarlayanda sonradan baş verəcək dəhşətlərin əks olunduğunu görür...
Çox güman ki, torpaqların işğaldan azad olunması, qələbə milli kinomuzda bu mövzuda ciddi keyfiyyət dəyişikliyi yaradacaq: Həm yeni mövzular, həm kinematoqrafik yanaşma baxımından.