Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2020 15:21
Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ölkəmizin tarixində yeni bir dövrün başlanğıcıdır. Bu qələbə yeni geosiyasi, iqtisadi reallıqlar yaratmaqla yanaşı həm də mühüm tarixi proseslərin əsasını qoyur.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ramin Məmmədov deyib.
Onun sözlərinə görə, Vətən müharibəsinin tarixi əhəmiyyətini yalnız müasir dövrün pəncərəsindən deyil, həm də gələcəyə yönəlmiş praqmatik baxış bucağından qiymətləndirmək vacibdir:
"Azərbaycan təbii ki, müharibədə qalib gəlmiş ölkə kimi, regionda hərbi, siyasi təsir imkanlarını əhəmiyyətli dərəcədə artırdı. Mənim fikrimcə, bu qələbənin mənəvi-psixoloji əhəmiyyəti heç də hərbi və siyasi nəticələrindən az əhəmiyyət kəsb etmir. Bu, region ölkələri ilə, eləcə də bölgədə fəal iqtisadi-siyasi rıçaqlara malik dövlətlərlə münasibətlərə təsir göstərəcək. Azərbaycanın güclü dövlət, etibarlı tərəfdaş imicini daha da möhkəmləndirəcək".
R.Məmmədov qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının noyabr ayının 10-da imzaladığı birgə bəyanatda əksini tapmış müddəalar mahiyyət etibarilə həm də regionun yeni geosiayasi mənzərəsini müəyyənləşdirən tarixi əhəmiyyətli sənəddir:
"Kommunikasiyaların açıqlaması, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı bəndlər regionun yeni nəqliyyat xəritəsinin konturlarını müəyyənləşdirir. Bu, əslində yalnız Azərbaycan üçün deyil, reallıqlara daha praqmatik yanaşan bütün maraqlı tərəflər üçün faydalı olacaq".
Milli Məclisin deputatı bildirib ki, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıtması Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq.
Bu rayonların zəngin təbii sərvətləri, yardılacaq yeni inqtisadi infrastruktur, yeni kommunikasiya xəttləri nəinki o ərazilərdə yaşayan insanların, eləcə də bütün ölkə əhalisinin rifahına öz müsbət təsirini göstərəcək. Digər tərəfdən bu yalnız Azərbaycanın deyil, həm də bütün Cənubi Qafqazın investisiya baxımından cəlbediciliyini artıracaq: "İnvestisiya üçün vacib şərtlərdən biri təhlükəsizlik və sabitlikdir. Cənab Prezident də xalqa müraciətində vurğuladı ki, Azərbaycan bölgədə yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatı yaradıb. Fikrimcə, bu format təhlükəsizliyin davamlı və möhkəm olmasına etibarlı zəmin formalaşdıracaq".