Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2020 23:48
Moldovanın yeni seçilmiş Prezidenti Mayya Sandu telefon danışığı zamanı respublikanın Baş naziri İon Kikuya hökumətlə birgə istefa verməyi təklif edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Mayya Sandu Baş nazirə hökumətin təqdim etdiyi büdcə layihəsinin vətəndaşlara kömək etmədiyini, əksinə, korrupsiyaya bulaşmış deputatların daha çox vəsait mənimsəməsinə şərait yaratdığını deyib.
"Mən Baş nazirə dedim ki, ölkəyə başqa parlament və başqa hökumət lazımdır. Hökumətin istefası bu məqsədə çatmaq üçün ən qısa yoldur", - deyə Moldovanın yeni seçilmiş Prezidenti özünün "Facebook" səhifəsində yazıb.
Mayya Sandu dekabrın 6-da Kişinyov şəhərinin mərkəzi meydanında parlamentin buraxılması tələbi ilə kütləvi etiraz aksiyasının keçiriləcəyini elan edib. Moldovanın hazırkı Prezidenti İqor Dodon isə öz növbəsində İon Kikunun rəhbərlik etdiyi kabinetin öz istəyi ilə istefa verməyəcəyini deyib və Avropa yönümlü partiyalara parlamentdə hökumətə etimad votumu məsələsini qaldırmağı təklif edib.
Moldova Mərkəzi Seçki Komissiyası Mayya Sandunu prezident seçkilərinin noyabrın 15-də keçirilən ikinci turunun qalibi elan edib. Dekabrın 10-da respublikanın Konstitusiya Məhkəməsi seçkinin nəticələrini və yeni prezidentin mandatını təsdiqləməlidir. Mayya Sandunun inauqurasiya mərasimi isə dekabrın 24-də keçirilməlidir.