Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qlobal elektrik enerjisi tələbatında yarım əsrin ən böyük azalması baş verəcək

Qlobal elektrik enerjisi tələbatında yarım əsrin ən böyük azalması baş verəcək

Tarix: 14 Dekabr 2020 21:54

Cari ildə pandemiyanın təsiri ilə qlobal elektrik enerjisi tələbatında son 50 ilin ən böyük azalması müşahidə olunacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.

Bildirilir ki, COVID-19-un yayılmasının qarşısının alınması üçün tətbiq edilən məhdudiyyətlər bu ilin sonuna qədər iqtisadi artımda 4,4 faiz azalmaya səbəb olacaq. İqtisadi artımın ən vacib parametrlərindən biri olan elektrik enerjisi tələbatı da COVID-19 səbəbindən azalacaq. Belə ki, qlobal elektrik enerjisi tələbatı cari ildə keçən ilə nisbətən 2 faiz azalacaq və son 50 ilin ən böyük şokunu yaşayacaq.

Epidemiyanın iqtisadiyyata və elektrik enerjisinə olan tələbata təsiri 2009-cu ildəki maliyyə böhranının təsirlərindən daha dərin olacaq. 2009-cu ildəki maliyyə böhranından sonra qlobal iqtisadiyyat 0,1 faiz, elektrik enerjisi tələbatı isə 0,6 faiz azalmışdı.

Elektrik enerjisi tələbatında ən böyük azalma 4 faizlə Avropada müşahidə olunacaq. İtaliya, Britaniya, Fransa və Almaniyadakı karantin tədbirləri qitədə elektrik enerjisinin azalmasında aktiv rol oynayacaq.

Qlobal elektrik enerjisi tələbatının 48 faizini təşkil edən Asiya-Sakit okean bölgəsinin elektrik enerjisinə olan tələbat Çinin elektrik enerjisi tələbatındakı 2 faizlik artım səbəbindən sabit qalacaq. Qlobal elektrik enerjisi istehlakının 28 faizi formalaşdıran Çin bu il elektrik enerjisi tələbatı artan yeganə ölkə olacaq. Bu dövrdə ABŞ-ın elektrik enerjisinə olan tələbatının 3,6 faiz, Rusiyanın isə 3 faiz azalacağı gözlənilir.

Dünya əhalisinin altıdabirini təşkil edən Afrikanın elektrik enerjisi tələbatının cari ildə ötən illə müqayisədə 2 faiz azalacağı gözlənilsə də, Yaxın Şərqin elektrik enerjisi tələbatında ciddi fərq olmayacaq.


Etiketlər:  Qlobal elektrik enerjisi tələbatında yarım əsrin böyük azalması baş verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ