Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2020 15:20
İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından biri də Xüsusi Təyinatlı Qüvvələrin şəhid giziri Musayev Ramil Aydın oğludur. Gizirimiz 1991-ci ildə İsmayıllı rayonunun, Günəşli kəndində anadan olmuşdur.
Şəhidimizin qardaşı Ramal xatirələrini Day.Az-a danışıb. Ramala qardaşı haqqında danışmaq çətin olsa da o, qardaşı ilə qürur duyur. Deyir ki, Ramil səkkiz ilə yaxın idi ki, XTQ-də xidmət edirdi. Bu illər ərzində ona işi ilə bağlı nə qədər sual versəm də, çox az danışardı. Məxfiliyi qoruyub saxlayardı. Danışdıqları ancaq ümumi - hamının bildiyi söhbətlər idi. Ramil 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olmuş, xeyli sayda düşməni məhv etmişdir.
İkinci Qarabağ müharibəsi başlayan gündən Füzuli-Cəbrayıl istiqamətində döyüşmüşdür. Düşmənə qarşı müxtəlif döyüş əməliyyatlarında iştirak etmişdir. Oktyabrın 3-ü Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Döyüş yoldaşları onu mərd, qorxmaz döyüşçü kimi xatırlayır. Təəssüf ki, uğrunda mübarizə apardığı və inandığı qələbəni görə bilmədi: "Qardaşım, üzərimizdə haqqın çox böyük oldu. Haqqını halal elə".
Şəhidimiz doğulub boya-başa çatdığı İsmayıllı rayonunda dəfn edildi.
Ramal deyir ki, qardaşı şəhid olandan sonra atası çox yaşamadı. Ramilin yoxluğuna dözə bilmədi. Dekabrın 6-sı vəfat etdi.
Ölümündən sonra döyüşlərdə göstərdiyi rəşadətə görə "Qarabağ" ordeni ilə təltif olunub.
Ramil bir ailənin övladı olmaqdan çıxıb vətənimizin şəhid övladına çevrildi.
Qardaşı deyir ki, Ramil bu il ailə həyatı qurmuşdu. Doğulacaq körpəsini görmək ona qismət olmadı.
Allah şəhidlərimizə rəhmət eləsin!
Fərid Zöhrabov