Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 15:08
Bakı. Samir Əli - Trend:
Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe və çay evləri yalnız çatdırılma xidmətinin göstərilməsi və ya onlayn satış əsasında fəaliyyət göstərə bilərlər.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, son günlər ictimai iaşə obyektlərində, o cümlədən restoran və əyləncə mərkəzlərində 31 dekabr - Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar şənliklərin təşkili və keçirilməsi ilə bağlı elanlar verilir. Diqqətə çatdırırıq ki, COVID-19 infeksiyasının daha geniş yayılmasının qarşısının alınması məqsədilə kütləvi şənliklərin, konsert proqramlarının təşkili və keçirilməsi yolverilməzdir. Vətəndaşlarımızı belə kütləvi tədbirlərə iştirakla bağlı hər hansı elana və dəvətlərə inanmamağa, xüsusi karantin rejim qaydalarına əməl etməyə çağırırıq.
Tətbiq edilən xüsusi karantin rejimi dövründə kütləvi tədbirlərin, şənliklərin, konsert proqramlarının təşkili və keçirilməsinə cəhdlərin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq, heç bir kütləvi tədbirin keçirilməsinə imkan verilməyəcəkdir. Hər hansı belə fakt aşkarlanacağı təqdirdə təşkilatçılar və iştirakçılar qanunvericiliyə uyğun olaraq, məsuliyyətə cəlb olunacaqlar.